Amerikalı jurnalisti Bakıda vəhşicəsinə döydülər

“Washington Post” və “New-York Times”ın əməkdaşına hücum təşkil olundu

Britaniyalı hüquq müdafiəçisinin də qolunu sındırdılar

Iyunun 15-da axşam saatlarında amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Silya Devis Bakıda naməlum şəxslərin hücumuna məruz qalıblar. Olay Akademik Milli Dram Tuatrının qarşısında Bu barədə “Turan”ın yaydığı məlumatda bildirilir ki, idmançı bədən quruluşuna malik bir neçə gənc qızlara hücum edib və heç bir izahat vermədən onları döyməyə başlayıb. Hücum nəticəsində zərərçəkmişlər ciddi xəsarətlər alıblar.
Hadisədən əvvəl də qızlar həmin oğlanların onları izlədiyini bildiribmiş.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə bildirib ki, iki xarici vətəndaşın döyülməsi haqqında informasiyaya malik deyil. Bununla belə, o qeyd edib ki, belə bir fakt olubsa belə, araşdırma aparmadan nəsə demək düz deyil: “Bizim üçün fərqi yoxdur, xarici ölkə vətəndaşıdır, ya Azərbaycan vətəndaşıdır. Istənilən şəxs cinayət xarakterli əməllə üzləşibsə, polisə müraciət etsin. Müraciət ediblərsə, bununla bağlı zəruri tədbirlər görüləcək ki, üstü açılsın. Araşdırma zamanı məlum olacaq ki, motiv nədir. Bəri başdan nəsə demək tələsik olardı”.
Qeyd edək ki, Erikson və Devis yerli QHT-lərlə əməkdaşlıq edir, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər.
Erikson həmçinin Amerikanın “The Washington Post” və “New-York Times” qəzetlərilə əməkdaşlıq edir.
Maraqlıdır ki, amerikalı jurnalist və britaniyalı hüquq müdafiəçisinin döyülməsi ABŞ dövlət katibinin müavininin demokratiya və insan hüquqları üzrə köməkçisi Tomas Melianın Bakıda səfərdə olduğu vaxta təsadüf edib.
ABŞ səfirliyi olayla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, cinayətdən xəbərdardılar və səfirlik işçiləri hücuma məruz qalanlara yardım edir: “Zərərçəkənlər polisə məlumat veriblər, təhqiqat barədə bütün suallar Azərbaycan polisinə verilməlidir”.
Amanda Eriksonun özü isə “Azadlıq” radiosuna açıqlamasında olayla bağlı hər hansı bəyanat vermək istəmədiyini deyib: “Mən hər hansı bəyanat vermək istəmirəm. Məncə, bizim hücuma məruz qalmağımız üçün hər hansı motiv olmayıb”.
Hər iki xanım iyunun 16-da hadisə ilə bağlı polisdə olublar.
Həmin xanımlarla əməkdaşlıq edən Reportyorların Azadlıqğı və Təhlükəsizliyi Institutunun rəhbəri Emin Hüseynov da radioya açıqlamasında qızların döyüldüyünü, Silya Devisin qolunun sındırıldığını bildirib. Onun sözlərinə görə, hüquq müdafiəçisi yaxın günlərdə əməliyyat üçün Böyük Britaniyaya yola salınmalıdır.
Emin Hüseynov da, zərərçəkmişləri tanıyan digər jurnalist Eynulla Fətullayev də xanımların qorxduğunu, sarsıntı keçirdikləri üçün danışmaq istəmədiklərini bildirib.

Eynulla Fətullayev: “Mən düşünmürəm ki, bu xuliqanlıqdır”

“Qorxurlar. Mən deyirəm dəqiq döyüblər. Hətta onlardan birinin – Silyanın qolunu sındırıblar. Hücum edənlər altı-yeddi nəfər olublar, idmançı görkəmində. Qızlar da çox qorxublar. Onlar şokdadırlar. Azərbaycan hüquq-mühafizə orqanları maksimum 3 günə bunun üstünü açmalıdır. Özü də şəhərin hər yerində kameralar quraşdırılıb. Bu qədər vəsait ayrılıb”, – deyə Eynulla Fətullayev qeyd edib.
Eynulla Fətullayev qızların döyülməsini xuliqanlıq kimi dəyərləndirmir: “Mən düşünmürəm ki, bu xuliqanlıqdır. Bu açıq zorakı aksiyadır. Məni bu hadisə dəhşətə gətirib. Şokdayam. Bu hadisə mütləq araşdırılmalıdır. Rəsmi təhqiqatla yanaşı ictimai təhqiqat da aparılmalıdır”.

“Bu hadisə kimə lazımdır?”

RATI rəhbəri Emin Hüseynov hadisənin səbəblərilə bağlı konkret fikir söyləməyə çətinlik çəksə də, olayın detallarına diqqət yetirir: “Bu xanımları bir neçə dəqiqə möhkəm döyüblər. Üstlərindən də heç nə götürülməyib: nə pul, nə kart, nə telefon. Bu xanımların üst geyimləri də qıcıqlandırıcı deyildi. Onlar Qurtuluş günüylə bağlı atəşfəşanlığa gediblər. Yolda gedəndə izləndiklərini biliblər. Evlərinin düz qarşısında döyülüblər. Hətta onlara qarşı güləş fəndindən istifadə ediblər. Onları bir neçə dəfə qaldırıb yerə vurublar. Üstəlik də bizim əməkdaşı – Silyanı yerə yıxıb təpikləyiblər. Yenə deyirəm ki, heç nə götürülməyib. Sual edirəm bu kimə lazımdır? Dörd oğlan iki xanımı niyə qəddarlıqla döysün?”
Xatırladaq ki, aprel ayında da Isveçdən olan üç jurnalist Bakıda saxlanılmış, bir gün sonra isə deportasiya olunmuşdu.