Abdulla Abdullayev: “Prokurorluğun təyin etdiyi audit o boyda “AMAY”a 57 milyon qiymət qoyub”
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “AMAY” Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesi davam edir. Dünənki məhkəmə iclasında Sahibkarlığa Kömək Milli Fondununun nümayəndəsi – hüquq sektorunun müdiri Emin Nəzərov ifadə verdi. Dedi ki, Abdulla Abdullayevin Müşahidə Şurasının sədri olduğu “Birlikbank” vasitəsilə “AMAY”a verilən kreditlər təyinatı üzrə xərclənməyin. O, “Birlikbank”ın fonda 3 milyon 986 min manat əsas borc, 923 min manat cərimə, 138 min manat faiz borcu olduğunu bildirdi.
Dindirmə zamanı Abdulla Abdullayev “Birlikbank”la Fond arasında olan müqavilələr, onların müddəti, öhdəlikləri və s. suallarla müraciət etsə də, Emin Nəzərov suallara cavab verə bilmədi. Daha doğrusu, dəqiqləşdirmə aparandan sonra növbəti məhkəmə iclaslarında cavab verəcəyini bildirdi.
“Bir məsələyə görə iki dəfə cəzalandırma ola bilərmi? Həmin iş üzrə yaranmış borcla bağlı məhkəmə hökmü var, fonda əmlak təqdim edilib. Həmin əmlak pul deyil? Əmlakı məhkəmə onların sərəncamına verib. İş də icraya yönəlib. İndi mən bilmək istəyirəm, əgər mənim borcum var idisə, niyə bankın özünə, icra xidmətinə müraciət edilmədən birbaşa hüquq-mühafizə orqanına müraciət edilir?”, – deyə Abdulla Abdullayev vurğuladı.
Abdulla Abdullayev həmçinin dövlət ittihamçısı Fərid Nağıyevə etirazını bildirdi: “Mən cinayətkar deyiləm ha! Mən o vaxt cinayətkar ola bilərəm ki, siz mənə hökm oxuyasınız. Dövlət ittihamçısı burada fondun nümayəndəsinə vəkillik edir. Elə mənə də vəkillik etsin də!
Hörmətli prokuror, niyə vəkillik edirsiniz? Birləşib törətmisiniz bu cinayəti? Bunlar hələ uşaqdır. Mən tərbiyəli adamam, amma emosionalam. Xahiş edirəm, bəzi məsələlərə incə yanaşın. İnsanda şərəf yaxşı şeydir. Düzdür, danışıram, amma bilirəm ki, boş şeylərdir. Mən yalan danışan adam deyiləm. Mənə maraqlıdır ki, bunlar haradan o qənaətə gəldilər ki, kreditlərin verilməsində qanun pozuntusu yaranıb? Məhkəməyə sənəd təqdim etsinlər monitorinqin nəticələri ilə bağlı, görək nə hüquq pozuntusu olub?
O boyda “AMAY”a 57 milyon qiymət qoydular. O qiymətlındirməni Korrupsiyaya qarşı Mübariz İdarəsinin təyin etdiyi auditor aparıb. Məni bunlar tutdurub – Sahibkarlığa Yardım Fondu və Korrupsiya İdarəsi. Mən fonda olan 3.4 milyon borcumu ödədim, amma borcumu ödəməyimlə bağlı mənə bir sənəd verilmədi. Fonddan dedilər ki, biz korrupsiyanın sifarişi ilə müraciət etmişik, ona görə də elə sənəd verə bilmərik. Mən fonda olan borcumu ödədim, 3 gün sonra leqallaşma ilə bağlı mənə qarşı əlavə ittiham verildi”.
Daha sonra Müşfiq Nəcəfov adlı şəxs zərərçəkmiş qismində ifadə verdi. O, ifadəsində “Xudafərin MMC”-dən ev aldığını, təmir etdirdiyini, hazırda orada yaşadığını və özünü zərərçəkən hesab etmədiyini bildirdi. Vəkilin sualına cavab olaraq, o, istintaqa ifadəsini oxumadan qol çəkdiyini bildirdi. Hakimin təhsili ilə bağlı sualına zərərçəkmişin “Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirmişəm” cavabını verməsi zalda gülüşə səbəb oldu.
Hakim ona hüquqşünas olduğu halda, bu cür davranışı irad tutdu: “Sənin kimi oxumadan qol çəkənlərə görə kişi (Abdulla Abdullayevi göstərir) orada oturub…”
Məhkəmə prosesi aprelin 2-də davam edəcək.
Aytən