"AMAY Abdulla" Azərbaycanda qorxu mühitinin yaradıldığını deyir
"Bərəat almasam, ürəyim partlayar…"
Yaxın günlərdə "AMAY" Ticarət Mərkəzinin rəhbəri, tanınmış iş adamı Abdulla Abdullayevin həbsinin bir ili tamam olur. Azərbaycanda daha çox "AMAY Abdulla" kimi tanınan iş adamı dünən məhkəmədə bir daha bildirib ki, ona qarşı irəli sürülmüş ittihamların heç bir qanuni əsası yoxdur. Bəyan edib ki, onu sifarişlə həbs ediblər.
Xatırladaq ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır. Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılanlar arasında Abdulla Abdullayevin özü ilə yanaşı, beş nəfər işçisi – Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Nadejda İlyasova da var. Onlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Amma Abdulla Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Dünənki məhkəmə iclasında Abdulla Abdullayev deyib ki, onunla yanaşı mühakimə olunan işçilərinin heç bir günahı yoxdur: "Onlara mənim həbsimə zəmin yaratmaq üçün ittiham verilib".
Təqsirləndirilən şəxslərdən Heydər Rzayev "Birlikbank"ın İdarə Heyətinin sədr müavini olub. O, ifadəsində bildirib ki, Abdulla Abdullayev bankın Müşahidə Şurasının sədri olub, lakin İdarə Heyətinin qərarlarına müdaxilə etməyib, onlara heç bir tapşırıq verməyib.
Heydər Rzayevin istintaqa ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyət yaranıb. O, istintaqa ifadəsində deyib ki, Abdulla Abdullayevin tapşırığı ilə hərəkət ediblər.
Məhkəmədə ona bu ziddiyyəti xatırladanda Heydər Rzayev prokurorluqda verdiyi ifadənin yadında olmadığını bildirib.
Bu cavabdan sonra hakim ona irad tutub: "Siz həmin ifadənin altına imza atmısız. Hər atdığımız imza isə daş altında yatan ilandır. Nə vaxt o daşı qaldırsan, həmin ilan səni çalacaq. Ona görə də hamımımz imzamıza hörmət etməliyik".
Bu məqamda Abdulla Abdullayev replika verərək bildirib ki, Heydər Rzayev qorxudan o cür ifadə verib: "Qurddan qorxan quzu kimi müstəntiqin qarşısında əsiblər".
Bu replikadan sonra Abdullayevlə məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Fərid Hağıyev arasında maraqlı dialoq yaşanıb:
– Bəs burada niyə əsmirlər?
– Burada qurd yoxdur axı…
Bundan sonra məhkəmə prosesində qısa fasilə yaranıb. Fasilə zamanı Abdulla Abdullayev ölkədəki vəziyyətlə bağlı fikirlərini bölüşərək, Azərbaycanda qorxu mühiti yarandığını bildirib: "Azərbaycanda hamı qanun qarşısında cavadeh deyil. Hamı qanundan qorxmur. Hakim prokurordan, prokuror hakimdən qorxur. Jurnalistlər həqiqəti yazıb mənim günümə düşməkdən qorxurlar. Mən üzümə duracaq üzəduranlardan qorxuram. Yəni, hamı qorxur. Mən isə mübarizə aparacağam və mütləq bəraət alacağam. Bərəat almasam, ürəyim partlayar…"
Fasilədən sonra Heydər Rzayev vəkillərin suallarını cavablandırarkən bildirib ki, Sahibkarlığa Kömək Fondundan ayrılmış pullar "Birlikbank" tərəfindən müxtəlif müəssisələrə kredit şəklində verilib. Bu kredit müqavilələri isə müştəlilərlə Fond arasında yox, "Birlikbank" arasında bağlanıb. Bu baxımdan müştərinin Fond qarşısında heç bir məsuliyyəti yoxdur. Birlikbank"ın ləğvindən sonra qalan borclarının ödənilməsi ilə bağlı məsuliyyət isə Ləğvetmə Komissiyasının üzərindədir və Abdulla Abdullayevin bu məsələyə ilə də əlaqəsi yoxdur.
"Sahibkarlığa Kömək Fondunun iddiası əsassızdır. Çünki banka olan borcların əvəzində məhkəmə qərarı ilə banka əmlaklar təqdim edilib. Əgər icra xidməti həmin əmlakı vaxtında sataraq pulun ödənilməsini təmin etməyibsə, bu məsələdə günahkar biz deyilik", – deyə Heydər Rzayev qeyd edib.
O həmçinin vurğulayıb ki, AMAY-la heç bir əlaqəsi olmayıb və ittihamda yer alan mütəşəkkil dəstə də mövcud deyil.
Digər təqsirləndirilənlərdən "AMAY"ın kassiri olmuş Nadejda İlyasova, Elşən Nəzərov da dünən dindirilib.
Elşən Həzərov ifadəsində bildirib ki, özünü təqsirli bilmir və cinayət işini əsassız hesab edir. "Texnikabank"dan götürülən kreditlər haqda danışan Elşən Həzərovun sözlərinə görə, ümumilikdə 50 milyona qədər kredit olub: "Bankın özündən təklif elədilər ki, ayrı-ayrı hüquqi şəxslərin adına hissə-hissə götürülsün. Bunun da müqabilində əmlaklar girov qoyulub. Həmin əmlaklar aşağı qiymətlə qiymətləndirilirdi. Biz isə "AMAY"ın tikintisi üçün vəsaitə ehtiyacımız olduğundan razılaşmağa məcbur idik. Həmin vəsaitlər də təmir-tikinti işlərinə sərf edilib. Bankın işçiləri də bizdən pulun hara sərf ediləcəyini soruşurdular. Bildirirdik ki, kreditin məqsədi tikinti aparmaqdır…"
Bu zaman Abdulla Abdullayev yerindən replika verib: "Guya Etibar ("Texnikabank"ın Müşahidə Şurasının sədri Etibar Əliyevi nəzərdə tutur) bilmirdi ki, o pullar hara sərf olunur? Onlar pulu elə ona görə verirdilər də… Hörmətli hakim, bu Elşən Nəzərov mənim bacımın həyat yoldaşıdır. AMAY rəsmən onun adına olsa da, faktiki sahibi mən olmuşam. Mən nə demişəmsə, onu edib".
Elşən Həzərov dindirmə zamanı onu da qeyd edib ki, prokurorluqda iki dəfə ifadə verib, birində ümumiyyətlə, vəkili olmayıb, ikincisində isə dövlət hesabına təyin edilmiş vəkil iştirak edib. İstintaq zamanı prosessual pozuntularla üzləşdiyini deyən Elşən Həzərov bildirib ki, ona təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı təqdim olunmayıb, latın qrafikasını bilmədiyi halda, bu əlifba ilə yazılmış sənədlərə imza atdırılıb və s.
Abdulla Abdullayev isə məhkəmənin gedişində bir daha vurğulayıb ki, digər təqsirləndirilənlər onun tapşırığına əsasən fəaliyyət göstəriblər: "Yəni bir ağa vardı, o da mən olmuşam. Ağa nə deyibsə, o da olub. Banklarla müqavilələr müxtəlif firmalarla bağlanıb və pullar da qaytarılıb. Qaytarılmaması ilə bağlı hansısa iddia varsa, bu da mülki məsələdir və cinayət işinə aidiyyəti ola bilməz".
Məhkəmə prosesi bu gün davam edəcək.
Aytən