Adamın beynindən qəribə fikirlər keçir. Istəyirsən, bu hakimiyyətin təbliğat əyrisini – qrafikini qurasan. Baxıb görəsən ki, hansı aylarda bunların şou və təbliğat kampaniyası maksimuma çatır. Hər halda, maraqlı mənzərə alınardı.
Indi V.Havelin “Gücsüzlərin gücü” kitabını oxuyuram. Diktaturalar, ideoloji hakimiyyət haqda maraqlı fikirləri var. Bir detalı həmişə qeyd etmişəm, yenə qeyd edirəm: xoşbəxtlikdən bunların ideologiyası yoxdur. Əslində, çalışırlar ki, insanların beyninə daha bir “ideologiya” aşılasınlar. Amma alınmır və bu bir həqiqətdir ki, heç vaxt da alınmayacaq. Tarix dərsliklərində fəsillər açılıb və paraqraflar yazılıb. Amma faydasızdır. Ideologiyasız diktatura konkret və dəqiq olaraq personalara bağlı olur, onun ömrüsə elə bu personaların ömrü qədər olur. Mən burada bir çox diktatorların adını çəkə bilərəm ki, onların ardınca diktaturalar da tarixə gömülüb. Belə nümunələr çoxdur.
Təbii, bir az “uzunömürlü” diktaturalara da təsadüf olunur. Amma bu da otuz və ya qırx ildən o tərəfə keçmir, bu, isə tarix üçün bir andır, qısaca an.Müxalifətə maraq nədən yaranır?
Mətbuatdan oxudum ki, diplomatik korpusun nümayəndələri hər ay müxalif siyasi qüvvələrlə görüş keçirmək əzmindədir. Bu çox yaxşı haldır. Müxalifət bir güclü aksiya ilə özünə qarşı olan inamı qaytardı. Indi yaxşı olardı ki, belə aksiyalar davamlı olsun. Azərbaycanda böyük proses gedir. Əsl dissident şəbəkəsi yaranıb. Müxtəlif insanlar elə müxtəlif yollarla bu hakimiyyəti tam ifşa etməyə, onun siyasətini şəffaflaşdırmağa, bu siyasətin mahiyyətini açıb hamıya nümayiş etdirməyə çalışırlar.
Partiyalar siyasi prosesi bir məcraya salır, ona görə də onlara nəzarət etmək asan olur. Amma dissident hərəkatı bir qədər xaotik olur. Bəzən hakimiyyətin gözləmədiyi adamlar gözlənilməz məqamlarda ona qarşı çıxırlar, onun siyasətini ifşa edirlər. Siyasəti də bir az da kütləviləşdirmək lazımdır. Siyasət kütləviləşəndə ona nəzarət etmək də, onu idarə etmək də çətin olur. Dao fəlsəfəsinin bir tezisi var: idarə etməməklə idarə etmək!Keçmiş AXC-nin gücü nədə idi? Bu təşkilat geniş şəbəkəyə və əhatəyə malik idi. Az institutlaşması onu hakimiyyətin zərbələrindən sözün əsl mənasında qoruyurdu, hakimiyyət bir çox hallarda bu strukturları aşkar edə və “zərərsizləşdirə” bilmirdi, çaşıb qalırdı.
Dissident hərəkatının əhatə dairəsi genişlənəndə o da belə olacaq, onu hətta müəyyən etmək müşkülə çevriləcək. Amma bir detalı nəzərə almaq lazımdır. Müasir dissidentlərin əsl gücü internetdədir, məhz internet dissident mübarizəsinin sütunudur. Bəli, məhz buna görə hakimiyyət bütün vasitələrlə internetə nəzarət etməyə cəhd göstərir. Amma bacarmayacaq.
Bilirsiniz, dissident mübarizəsinin mayasında da bir folklor elementi var. Polşalı dissidentlərdən biri – M.Novidski danışırdı ki, “peşəkar təhlükəsizlik strukturlarının fəaliyyətinin qarşısını bəzi hallarda elə bizim qeyri-peşəkarlığımız alırdı. Onlar bizlərdən də konspiroloji fəaliyyət nümunəsi və hətta dəqiqlik gözləyir, əksər hallarda da yanılırdılar”.
Diplomat korpusunun müxalifətə marağının mayasında bir element də var. Hakimiyyət axır vaxtlar çox ciddi şəkildə Avropanın orbitindən uzaqlaşmağa, dünyanın arxaik rejimlərilə ünsiyyət qurmağa cəhd edir. Mən bir dəfə demişəm, yenə də təkrar edirəm, əgər Avropanın burada marağı varsa, heç kim bu marağın qarşısını ala bilməyəcək, hətta Rusiya da. Ona görə də optimist olmağa və mübarizə aparmağa dəyər. Avropa dəyərləri artıq Şərqə də diffuziya etmək üzrədir. Əski Şərq artıq özünün qürubunu yaşayır, bir neçə on ildən sonra artıq müəyyən etmək olmayacaq ki, hara Qərbdir, hara isə Şərq!Kiçik sözardı
Bəzi adamları dissident sözü qorxudur. Dissident deyəndə onların gözündə daim təhlükəsizlik strukturlarının nəzərində olan, yarımqapalı həyat keçirən, bir çox hallarda heç bir yerdə işləməyən, uzağı qaravul çəkən adam obrazı dayanır. Bəli, bu, olub, amma keçmişdə. Indi dünyanın da, ölkənin də ritmi dəyişib, artıq bir çox məhrumiyyətlər arxada qalıb. Ona görə də azca ürəkli olmaq lazımdır!



