Nərimanovda da İctimai Palata yarandı

Palata Bakıda 6-cı şöbəsini qurdu

 

Ictimai Palatanın Nərimanov rayon şöbəsi ötən gün Müsavat partiyasının qərargahında təsis konfransını keçirdi. AXCP, Müsavat, KXCP və bitərəflərin iştirakıyla keçirilən konfransda səsvermə yolu ilə IP-in 7-ci rayon şöbəsi təsis edildi. Daha sonra hər partiyadan iki nəfər olmaqla (KXCP-dən Xanbala Baxış, Xəzər Teyyublu, AXCP-dən Məmməd Ibrahim, Malik Islam, Müsavat Partiyasından Qabil Qafarov, Fikrət Eyyubov) IP-in yerli şöbəsinin Əlaqələndirmə Şurasına seçildilər.

 

Sıra bizdə

Təşkilati işləri həll edəndən sonra konfrans iştirakçıları ictimai-siyasi vəziyyət və IP-in 19 iyun mitinqinə hazırlıq məsələsini müzakirə etdilər. Ictimai-siyasi vəziyyət və IP-nın missiyası barədə AXCP sədrinin müavini Nurəddin Məmmədli çıxış edərək bildirdi ki, Azərbaycandakı avtoritarizmi yenmək üçün ümumxalq hərəkatına ehtiyac var: “Daha geniş toplumu demokratiya uğrunda hərəkata cəlb etməklə biz ölkədəki korrupsioner, kriminal rejimin sonunu sürətləndirməliyik”.
Ərəb dünyasından başlayan diktatura rejimlərinin çöküşünü analiz edən N.Məmmədli fəalları güclü təşkilatlanmaya səsləyərək dedi ki, diktatorların gələcəyinə onların özlərindən başqa heç kim inanmır: “Bu gün artıq diktatorları ailə üzvləri də tərk edib, dünyanın ayrı-ayrı ölkələrinə üz tutur. Əmin olun ki, diktatura zəncirinin ən zəif  halqasından biri Azərbaycandır”.

“Ictimai Palata özünü ciddi alternativ kimi sübut edib”

IP Qadınlar Şurasının sədri, AXCP sədrinin müavini Gözəl Bayramlı çıxışında Nərimanov rayonunun xalq hərəkatı zamanı xüsusi aktivliyini xatarladaraq inam ifadə etdi ki, bu rayonda yaranan IP şöbəsi də demokratikləşmədə öz sözünü deyəcək.
IP-nın beynəlxalq aləmdə özünü artıq alternativ kimi təsdiq etdiyini yığıncaq iştirakçılarının diqqətinə çatdıran xanım Bayramlı dedi ki, 2 aprel aksiyasına görə 16 nəfərin qondarma ittihamla həbsi, televiziyalarda Ictimai Palataya qarşı kampaniya da bu qurumun gücünün dolayısıyla hökumət tərəfindən etirafıdır. Gözəl Bayramlı 19 iyun mitinqi haqda danışaraq bildirdi ki, bu aksiya həbsdəki siyasi məhbuslara ciddi dəstəkdir. Eyni zamanda bu aksiya ilə Azərbaycanda demokratikləşmə hərəkatının kampaniya xarakteri daşımadığı sübut olunacaq.

Firqə maraqları geridə…

KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu da Ictimai Palatanın önəmi barədə danışaraq dedi ki, keçmiş umu-küsülərə önəm vermədən gələcəyə baxaraq avtoritarizmə qarşı səmərəli mürabizə aparılmalıdır: “Biz bura cəbhəçi, müsavatçı, klassik kimi gəlmişik, amma buradan Ictimai Palataçı kimi çıxmalıyıq”.

Təşkilatlanmalı…

IP regional təşkilatlanma komissiyasının üzvü, Müsavat fəalı Hüseyn Məlikov isə çıxışında Azərbaycanda rejimə qarşı daxili müqavimətin azlığını qeyd etdi. O bildirdi ki, bütün dünyanın diqqəti Azərbaycandakı demokratikləşmə prosesinə çevrilərkən cəmiyyətin passivliyi narahatlıq doğuran faktdır. O, IP-in regional təşkilatlarına yeni üzvlərin cəlb olunması istiqamətində ciddi iş aparılmasının vacibliyini vurğuladı.

Nərimanova olan zülm

IP üzvü, AXCP sədrinin müşaviri Asif Yusifli çıxışında Nərimanov rayonunun timsalında ölkədəki problemlərə toxundu. Qeyd etdi ki, Nərimanov rayonuna Əliyevlər hakimiyyəti ölümcül zərbə vurub: “Vaxtilə bu rayonda 65 zavod vardı, təkcə Səttarxan adına zavodda 15 min fəhlə çalışırdı. Bu hakimiyyət o zavodları məhv etməklə minlərlə adamı işsiz, avara qoydu. Indi həmin zavodların yerində xalqa heç bir faydası olmayan mülklər tikirlər”.
A.Yusifli də çıxışında 19 iyun mitinqinin önəmindən danışdı və təklif etdi ki, həmin aksiyada əsas şüar Ilham Əliyevin istefası ilə bağlı olsun.
Nərimanov rayon fəallarından Bəhruz Tağı, Hacı Əbdülsəlim, Barat Nuriyev də ictimai vəziyyət və təşkilatlanma ilə bağlı çıxış edərək fikirlərini açıqladılar.

Natiq