Gözəl Bayramlı YAP-çılara sərt cavab verdi

«YAP funksionerlərinin Ictimai Palatanın aksiyası ilə bağlı fikir söyləməyə mənəvi haqqı yoxdur»

Ictimai Palatanın 19 iyun aksiyası ərəfəsində YAP funksionerləri Bahar Muradova və Əli Əhmədov yenə öz amplualarında çıxış ediblər. Müxalifətin aksiyada səsləndirməyi nəzərdə tutduğu bəzi fikirlərin Azərbaycanın inkişafını istəməyən xarici qüvvələrin mövqeyi ilə üst-üstə düşdüyünü deyən B.Muradova vurğulayıb ki, hakimiyyət Azərbaycanda müxalifəti tam sıradan çıxarmaq da niyyətində deyil.
Ə.Əhmədov isə bildirib ki, isti yay günlərində müxalifətin aksiya keçirməkdə məqsədi sabitliyi pozmaqdır.
AXCP sədrinin müavini Gözəl Bayramlının fikrincə, YAP funksionerlərin bu cür açıqlaması yalnız təəssüf doğura bilər. IP-nin cəmiyyətin, xalqın sifarişinə uyğun olaraq addımlar atdığını deyən G.Bayramlı vurğuladı ki, IP-nin mitinq keçirmək niyyəti ölkə qanunlarına, Konstitusiyaya uyğundur: “YAP funksionerlərinin Ictimai Palatanın aksiyası ilə bağlı hər hansı fikir söyləməyə mənəvi haqqı yoxdur. Konstitusiyanın 49-cu maddəsinə görə vətəndaşların sərbəst toplaşmaq hüququ var və biz bu hüquqdan istifadə edirik. Iyunun 19-dakı aksiya Ictimai Palatanın növbəti mitinqlərindən biridir və biz bu aksiyanı keçirəcəyik. Bir neçə gün sonra baş tutacaq aksiya real müxalifət qüvvələrinin birləşdiyi Ictimai Palatanın tədbiridir və bu, cəmiyyətin istəyindən irəli gəlir”.
YAP funksionerlərinin bu cür açıqlamasının hakimiyyətin narahatlığından xəbər verdiyini deyən G.Bayramlı vurğuladı ki, bu, hakimiyyətin dolayısı yolla etirafıdır ki, iqtidar bu aksiyalardan təşviş keçirir. “Çünki çox gözəl bilirlər ki, cəmiyyət YAP-ın yürütdüyü siyasəti dəstəkləmir. Ona görə də bu cür bəyanatlarla iyunun 19-dakı aksiyanı gözdən salmağa çalışırlar”, deyə G.Bayramlı qeyd etdi.

Xəyal