Nurəddin Məmmədli: «Bu cür təbliğat heç kimə təsir etmir, əksinə, ikrah hissi doğurur»
Azərbaycan hakimiyyətinə yönələn beynəlxalq təzyiqlər artdıqca iqtidar nümayəndələrinin səsləndirdiyi bəyanatların ritorikası da dəyişir. Bunu dövlət başçısı Ilham Əliyevin Bakıda Novruz münasibətilə keçirilən şənlikdə çıxışı zamanı səsləndirdiyi fikirlər də təsdiqləyir. Belə ki, çıxışdakı bəzi məqamlar diqqətdən yayınmır.
Çıxış bayram təbrikindən daha çox Qərbdən insan haqları ilə bağlı son zamanlar gələn tələblərə cavab kimi qiymətləndirilə bilər: “Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq. Bu kampaniya əslində heç vaxt dayanmamışdır. Sadəcə olaraq önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır. Biz bunu üç il bundan əvvəl – 2012-ci ildə ”Eurovision" müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də birinci Avropa Oyunları ərəfəsində bunu görürük. Bu, koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antiAzərbaycan kampaniyasıdır ki, bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir".
I.Əliyev bildirib ki, xarici ekspertlər, politoloqlar, keçmiş dövlət xadimləri, mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq müharibə elan ediblər.
Azərbaycanda bütün azadlıqların təmin edildiyini deyən I.Əliyev bildirib ki, amma Azərbaycanı ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyət daha ağırdır: “Avropanın mərkəzində yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilib. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar, vermirlər? Nə üçün qətnamələr qəbul edilmir?”.
I.Əliyevin bu cür ritorikaya müraciət etməsi, heç şübhəsiz, səbəbsiz deyil. Hakimiyyət hər ötən gün insan haqlarının vəziyyəti, demokratiyanın durumu ilə bağlı Azərbaycana təzyiqlərin artmasının fərqindədir. Ekspertlərə görə, elə məhz bu üzdən I.Əliyev çıxışında Qərbə bir sıra mesajlar ünvanlayıb.
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, hər bir situasiyaya uyğun tezislər səslənməli, prinsipial məqamlar ortaya qoyulmalıdır. Bu baxımdan N.Məmmədli hesab edir ki, bayram təbriki də bayram əhval-ruhiyyəsinə uyğun olmalıdır: “Istənilən vasitədən, imkandan bəhrələnərək kimlərisə ittiham etmək, kimlərinsə ünvanına layiq olduğu və ya olmadığı təbrikləri səsləndirmək çıxış edən adamın daxili diskomfortundan irəli gəlir. Azərbaycan hakimiyyəti son zamanlar bütün mənalarda çox kəskin şəkildə tənqid olunur. Ənənəvi olaraq bilavasitə bu proseslə məşğul olan beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları Azərbaycanda vəziyyətin pisləşdiyini qeyd edirlər. Korrupsiya ilə bağlı araşdırmalar aparan beynəlxalq təşkilatlar da Azərbaycanın rüşvət və korrupsiyaya görə lider ölkə olduğunu qeyd edirlər. Ölkədə korrupsiya dövlət siyasətinə çevrilib. Azərbaycan hakimiyyəti diplomatik kanallarla da bütün mənalarda ifşa olunur. Hətta Qərb diplomatlarının Azərbaycan hakimiyyətinin təmsilçiləri ilə siyasətdən uzaq tədbirdə belə iştirak etməsi belə onların ünvanına ittihamın səslənməsinə səbəb olur”.
N.Məmmədlinin sözlərinə görə, ona görə Azərbaycan hakimiyyəti bütün təbliğat imkanlarını daxili ictimai rəydə dünyada vəziyyətin pis olduğu ilə bağlı fikrin formalaşmasına yönəldib. “Hakimiyyət bununla özlərindəki vəziyyətə haqq qazandırmağa çalışır. Amma bu cür təbliğat heç kimə təsir etmir, əksinə, ikrah hissi doğurur”, deyə N.Məmmədli vurğuladı.
Hikmət