Varlığı ilə yoxluğu bilinməsinə baxmayaraq, rejimin ən uzunömürlü naziri titulunu daşıyan (21 il) Əbülfəs Qarayev doğrudan da bir fenomendir. Hazırda Mədəniyyət və turizm naziri vəzifəsində çalışan bu nazirin ən nadir qabiliyyəti həmişə özünü məşğul, işləri başından aşıb-daşan kimi göstərməsidir. Karyerası boyunca Gənclər və idman naziri (1994-2001), Idman və turizm naziri (2001-2006) və 2006-cı ildən bu yana isə, yuxarıda qeyd etdiyimiz vəzifədə çalışan bu məmur mənə məşhur rejissor Eldar Ryazanovun “Unudulmuş fleyta musiqisi” filminin baş qəhrəmanı Leonid Filimonovu xatırladır. SSRI-nin və Kommunist partiyasının süqutu ərəfəsində lazımsız bir ideoloji sahədə çalışan ali təhsilli fleytaçı Filimonov dəfələrlə müdirin üzünə ağ olmaq istəyir, hər dəfə müdirə “biz axmaq – axmaq işlərlə məşğul oluruq, ay qoca!” deməkdən özünü güclə saxlayır. Lakin vəziyyət qəfildən dəyişir və Filimonovu mənəvi cəhətdən köhnəlmiş Baş Idarəyə müdir təyin edirlər. Leonid əvvəlki müdirdən də artıq canfəşanlıq etsə də, bir gün ürəyi davam gətirmir, iclasda dayanır. Və anlayır ki, ömrünün ən gözəl illərini boş yerə sərf edib, dahi fleytaçı olmaq şansını qaçırıb…
Əbülfəz müəllimdən iraq, kədərlidir, deyilmi?..
Elə çıxmasın ki, mədəniyyət və turizm əhəmiyyətsiz sahədir, xeyr!.
Sadəcə Əbülfəs Qarayevin bacarığı ilə rejimin bu iki sahədəki maraqları üst-üstə düşür, bir-birini tamamlayır. Mədəniyyətə keçməmişdən əvvəl turizmdən söhbət açmaq istəyirəm. Fikir verin, ölkəmiz coğrafi cəhətdən turizm üçün nə qədər əlverişli olsa da, turizm sıfır nöqtədən aralanmayıb. Səbəbi çox sadədir. Ölkədəki bahalıq, yolların vəziyyəti, ictimai-siyasi durum, səhiyyənin aşağı səviyyədə olması və s.
Ölkənin kasıb əhalisinin Irana, varlı təbəqənin isə Avropaya müalicəyə getdiyi bir ölkəyə xarici vətəndaşın istirahətə gəlməsi ağlabatan deyil. Kiçik və gülməli bir haşiyə çıxmaq istəyirəm. Yadınızdadırsa, beş-altı il bundan əvvəl polis işçilərimiz, səhv etmirəmsə Içərişəhər tərəfdə, bir turist dəstəsini müxalifət piketinə bənzədib dağıtmış, bələdçini isə idarəyə aparmışdı… Buraya şanlı çekistlərimizin gündə bir saqqallı dəstənin “zərərsizləşdirməsini” əlavə etsək, daha dəhşətli mənzərə ilə qarşı-qarşıya qalarıq. Hətta iş o yerə gəlib çatıb ki, iqtidarın özünə dost bildiyi Israil öz vətəndaşlarına Azərbaycana səyahət etməyi məsləhət görmür.
…Xəzər universitetinin rektorunun qızını döyən cavan oğlanın da ixtisasca ali təhsilli turizm məmuru olması da maraqlı məqamlardan biridir. Fikrimcə, ölkədə turist bol olsaydı, o gecə saat 4.25-də qızı təpiyin altına salmazdı.
Gələk, mədəniyyətə… Normal bir ölkədə Səməd Səmədov, Ədalət Şükürov, Elariz Məmmədoğluna efir vaxtı tanımaq mədəni cinayət hesab olunur. Lap tutalım, telekanallar müstəqildir, bəs onda onlara verilən fəxri adları, dövlət tədbirlərində iştirakına nə ad vermək olar?
Azərbaycanın dahi sənətkarı, mərhum Yaşar Nurinin son 15 ildə tamaşaçını güldürə bilməməsi faktdır. Avtoritar rejim üstünlüyü qara, səviyyəsiz yumora verdi. Məqsəd xalqın gülərək düşünməməsi idi. Buna nail oldular. Bu gün Cahangir Novruzov kimi dahi sənətkar xaricdə yaşayıb-yaradır. Sizi yormayacam, ATV kanalında axşam saatlarında efirə gedən bir verilişdən bir parçanı olduğu kimi nəzərinizə çatdıracam. Kamil – Gülay (müğənnidirlər – X.Ə) əvvəlcədən yazılmış ssenarini oxuyurlar. Buyurun.
Kamil: -Gülay, ay Gülay! Gözümə yuxu getmir ey! Gülay, zurnaaaaa!
Gülay:- Ay can!
K:- Xoşum gəlir də sən belə deyəndə “ay can”!
G:- Doğrudan? Onda mən də deyirəm “Kamil!”
K:- Möööööööö!
G:- Mööö nədir? Ayıb deyil?
K:- Elə belə dedim. Gülməli alınsın. Mırta deyirəm. Oyunun olsun ay Gülay, öldüm gülməkdən, cırıldım…
G: – Yemək yemisən bu gün?
K: – həəə. Qayğanaq.
G:- Günorta bəs?
K:- Qayğanaq.
G: – Bəs axşam?
K: – Qayğanaq.
G: – Ehtiyatlı ol!
K:- Axşam yumurtlayacam?..
…Xoşbəxtlikdən Eldar Ryazanovun ürəyi tab gətirməyən qəhrəmanı, məmur-fleytaçı Leonid Filatovdan fərqli olaraq, Əbülfəs Qarayevin xüsusi istedadı olduğu sahə yoxdur. Yoxsa 21 il mənasız bir işlə məşğul olmağa ürək davam gətirməzdi…