Cəbhəçi gənclər hakimiyyətə mesaj verdi

İyunun 15-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda AXCP Gənclər Komitəsi 2005-2009-cu illər üçün gənclərlə bağlı dövlət proqramının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.
AXCP GK sədri Əbülfəz Qurbanlı qeyd edib ki, proqram gənclərin real vəziyyətini əks etdirmir, əsasən vətənpərvərlik məsələlərinə, habelə Heydər Əliyev kursuna, QİÇS-ə qarşı mübarizəyə, gənclərin sahibkarlıq fəaliyyətinə və s. aiddir. İndiyədək proqramın həyata keçirilməsi, bu məqsədlə xərclənmiş vəsait haqqında məlumatlar açıqlanmayıb.
AXCP GK gənclərin əsas problemlərini başqa sahələrdə görür. Bu, ilk növbədə işsizlik, narkomaniya, təhsil problemləridir. Əbülfəz Qurbanlı hesab edir ki, hökumət bütün bu problemlərlə bağlı heç bir konkret məlumat vermir. Dövlət yeni proqram hazırlayır, lakin müxalifətçi gənclərin nümayəndələri onun hazırlanmasına cəlb olunmur. O xatırladıb ki, hazırda ölkədə 200-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, lakin onların işi hiss olunmur. 
Əbülfəz Qurbanlı qeyd edib ki, rəhbərlik etdiyi təşkilat adıçəkilən proqramın icrası ilə bağlı Gənclər və İdman Nazirliyinə sorğu göndərib. Nazirlik sorğuya cavab verməsə, təşkilat məhkəməyə müraciət edəcək.
Əbülfəz Qurbanlı onu da deyib ki, AXCP GK alternativ gənclər proqramı hazırlayacaq (“Turan”).