Yanukoviçin gizli keçən dəfn mərasimi FOTO

Ailədən ilk rəsmi açıqlama gəldi
 
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu Viktorun ölümü ilə bağlı ilk rəsmi məlumat yayılıb. Buna qədər həm yerli, həm də xariсi mətbuatda 33 yaşlı V.Yanukoviçin ölümünün niyə rəsmən təsdiqlənmədiyi barədə suallar dolaşırdı. «Reuters» agentliyinin Yanukoviçin məzarının üstündə onun kimə məxsus olduğu barədə heç bir qeydin göstərilməməsi barədə xəbəri isə şübhələri bir qədər də artırdı.
 
Adsız məzar?
 
Keçmiş prezidentin böyük oğlu Aleksandr Yanukoviç bu gün qardaşının ölümü ilə bağlı ailə adından ilk rəsmi açıqlama verərək bu şübhələri aradan qaldırmış oldu. O, əvvəlcə qardaşının niyə Krımda dəfn olunduğuna aydınlıq gətirdi. Dediyinə görə, səbəblərdən biri anaları Lyudmilanın Krımda yaşamasıdır. Bu halda anaları qardaşının məzarını tez-tez ziyarət edə biləcək. İkinci və ən əsas səbəb isə qardaşının Krımı , xüsusən də Sevastopolu çox sevməsi olub. Məzarın kimə məxsus olduğunun qeyri-müəyyən qalması barədə xəbərlərə gəlincə, A.Yanukoviç tezliklə ora başdaşı və lövhə qoyulacağını bildirib.
 
A.Yanukoviç qardaşının hansı şəraitdə öldüyünə də aydınlıq gətirib: «Qardaşım mikroavtobusda sükan arxasında idi və «Baykal»dakı buzun üzərində gedirdi. Birdən buz tərpənməyə başlayıb. Yəqin qardaşım düşünüb ki, yola davam etmək lazımdır və maşını sona qədər aparıb. Hamı buzun üzərindən atlaya bilib, tək ondan başqa. Həmin vaxt hava qaranlıq olub. Qaranlıq və soyuq su…».
 
«Yanukoviçi kriminal avtoritetin yanında dəfn etdilər»
 
Məzarlıqda işləyənlərdən birinin dediyinə görə, V.Yanukoviçi Sevastopolun kriminal avtoritetlərindən olan Yevgeni Podanevin qəbrinin yanında dəfn ediblər. Onun sözlərinə görə, ailə dəfni gizli keçirməyə çalışıb. Həmin vaxt məzarlıqda xeyli sayda mühafizəçi olub və onlar heç kimi yaxına buraxmayıblar. «Reuters»in məlumatına görə, dəfndə ailədən Viktor Yanukoviç, Aleksandr Yanukoviç və anası Lyudmila, həmçinin mərhum Viktorun həyat yoldaşı Olqa və 5 yaşlı oğlanları İlya iştirak edib. Dəfndə iştirak edənlər məzarlığa Kiyev və Donetsk nömrəli bahalı avtomobillərlə gəliblər.
 
 
Gültəkin