Fransada dəhşətli təyyarə qəzası FOTO VİDEO

Alman hava yolları Lufthansaya məxsus "Germanwings" şirkətinin Barselonadan Düsseldorfa gedən təyyarəsi Fransanın cənubunda Alp dağları üzərində qəzaya uğrayıb. Təyyarədə olan bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Əvvəlcə, "Airbus A 320" təyyarəsində 148 nəfərin – 142 sərnişin, 6 heyət üzvü olduğu haqda məlumat yayılıb. Sonra dəqiqləşib ki, təyyarədə heyətlə birlikdə 154 nəfər olub.

Xilasedicilərin hadisə yerində tərpənən yaralılar gördüyü barədə xəbər də təsdiqini tapmayıb. Fransa prezidenti Fransua Olland bildirib ki, təyyarədəkilərdən heç kim qəzadan sağ çıxa bilməyib.
 
Təyyarə qəza nəticəsində 12 böyük hissəyə parçalanıb.

Məlumatlara görə, sərnişinlərin əksəriyyəti almanlar olub. 45 sərnişinin İspaniya, 39 sərnişinin isə Türkiyə vətəndaşı olduğu bildirilir. Türkiyə vətəndaşlarından birinin 36 yaşlı Gülizar Çəlik olduğu da dəqiqləşib. Gülizar Çəlik ailəli olub və İstanbulda yaşayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, sərnişinlər arasında Yasmin adında bir sərnişin də var, amma türk olub olmadığını hələlik bilmirlər.

Məlumatlara görə, qəzada ölənlərin ikisi uşaq, əksəriyyəti isə tələbədir.

Xilasedicilərin dediyinə görə, ölənlərin cəsədlərini tapmaq bir neçə gün vaxt alacaq. Çünki qəza mürəkkəb relyefli dağlıq ərazidə baş verib və bu da axtarışları xeyli çətinləşdirir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gültəkin