Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində. Hamamın suyu gəlməz, hamamçı bunu bilməz. Bilər: cibə girməyi, girib dövran sürməyi. Sizə hardan, nədən deyim, əsir bir ölkədən deyim.
Ölkəni əsirlikdən qurtarma aksiyası keçirilirdi – 2 Aprel! Bildiyiniz kimi, Ölkənin korrupsiya rejiminə satılmayan istənilən jurnalisti aksiyaya qatılmalı idi. Tanınmış, korrupsiya rejiminə satılmayan jurnalist aksiyaya qatılmışdı. Kriminal rejimin kriminal polisləri onu görən kimi tutub qandalladılar, sonra da Yasamal Polis Idarəsinə apardılar. Polis rəisinin əməliyyat işləri üzrə gənc yardımçısı “sən dövlətə qarşı yazılar yazırsan” suçlaması ilə ona ağır söz dedi. Jurnalist də o sözü necə var, eləcə onun özünə qaytardı. Sən demə, bu gənc rəis yardımçısı çox güclü imiş: istənilən adama şillə vura bilər, istənilən adamı söyə bilərmiş! Cavid Muradov adlanan bu gənc rəis yardımçısı, görünür, belə tərbiyə alıb.
Jurnalist Yasamal Polis Idarəsində gördüyü vəhşilikləri – adamların vəhşicəsinə döyülüb-söyülməsi faktlarını – qələmə alıb, göndərdi (aprelin 7-də) əliyevçi rejimin Daxili Işlər Nazirliyi ilə baş Prokurorluğa. Aradan az qala bir ay keçmiş faktla bağlı onu Bakı şəhər prokurorluğuna çağırıb, yenidən “izahat” yazdırdılar. Sonra Yasamal Rayon Prokurorluğuna çağırdılar. Müstəntiq üç “izahatın” üstündən daha bir “izahat” yazılmalı olduğunu bildirdi. Jurnalist bir qardaşımız kimi: “problem yoxdur” deyib, daha bir “izahat” yazdı. Aradan xeyli keçmiş jurnalisti Daxili Işlər Nazirliyinə çağırdılar. Nazirliyin yüksək yetkililərindən biri jurnalistlə görüşdü. Yasamal Polis Idarəsində baş verənləri soruşdu. Jurnalist gördüklərini danışdı. Görünür, polkovnik özünün görüb-bildiklərindən çıxış edərək bildirdi: “Inanılası deyil, Cavid Muradov çox mədəni adamdır”. Jurnalist də özünün görüb-bildiklərindən çıxış edərək bildirdi: “Cavid Muradov çox tərbiyəsiz adamdır”. DIN yetkilisi Yasamal Polis Idarəsinin rəisinin (Bəylər Əyyubovun əmisi oğlu!) də “mədəni” adam olduğunu bildirdi. Görəsən, kabinetinin qapısı ağzında, başqa yurddaşlar bir yana, jurnalistlər qışqır-bağırla söyülüb-döyülürkən susan rəisi necə “mədəni” adlandırmaq olar? Bu yalnız korrupsiyaçı rejim mədəniyyəti ola bilər!
DIN-də jurnalistə daha bir “izahat” yazdırmaq istədilər, yazmadı: bezmişdi. Qaldı, DIN yetkilisinin özündən aşağı ranqlı bəlli polislərlə bağlı “mədəni” dəyərləndirməsinə, bütün despotik rejimlərdə olduğu kimi, əliyevçi rejimdə də bu bir qanundur: aşağılar elementar ailə tərbiyəsi görməsələr belə, yuxarıların qarşısında mütləq “mədəni” görünməlidilər: əyilməlidilər, yaltaqlanmalıdılar, ən başlıcası, onlara “hörmət” eləməlidilər. Sonra da bütün bunların acığını özlərindən aşağıdakılardan çıxmalıdılar. Belələrinə görə jurnalistlər də onlardan aşağıda duranlar sırasındaır. Budur, əliyevçi hakimiyyət piramidası, əliyevçi hakimiyyət prinsipləri!
Aradan bir aydan da çox keçmiş (mayın 11-də!) jurnalisti Yasmal prokurorluğuna çağırdılar: “məhkəmə-tibb ekspertizasından keçməlisən”! Dünyagörmüş jurnalist bu çağı çoxdan keçmiş ekspertizanın gələcək məhkəmə üçün qondarma arqument olaraq düşünüldüyünü bildiyindən, çağırışa getmədi. Ancaq “yox”a qol çəkməyə getdi. Müstəntiq ona işin bir həftəyə məhkəməyə veriləcəyini bildirdi. May çıxdı, iş məhkəməyə göndərilmədi. Niyə? Sən demə, “poçt pis işləyir”, Yasamaldan Yeni Yasamala məktub bir aya da gəlib çıxmır. Jurnalist soruşur: “Anqaradan mənə məktub üç günə gəlib çıxır, Yasamaldan (özü də prokurorluqdan!) bir aya gəlib çıxmır?”. Müstəntiq: “Onu Rabitə nazirliyindən soruşun”, – deyir. Jurnalist prokurorluğa inanmır. Niyə? Poçtalyon qadın “maaşım azdır” deyə, hər məktuba 1 manat alır – buna görə. Məktub olsaydı, gətirərdi.