Hakimiyyətin növbəti dəfə ənənəsinə sadiq qalaraq Novruz Bayramı ilə bağlı verilən əfv fərmanı yarımçıq sayılmalıdır. Çünki, bir neçə nəfər istisna olmaqla, əfv fərmanı yenə də siyasi məhbuslara şamil edilmədi.
Hakimiyyət Azərbaycanda keçirilən mötəbər beynəlxalq oyunlarla ölkənin reytinqini artırmağa çalışdığını bəyan etsə də, siyasi məhbus problemini, insan haqlarının pozulmasını aradan qaldırmamaqla durumu daha da qəlizləşdirir. Son əfvi də bu prizmadan dəyərləndirmək olar. Çünki Azərbaycana beynəlxalq aləmdən gələn təzyiqlərin bir çoxu hakimiyyətin siyasi məhbus problemini çözməməsidir. Amma hakimiyyət Avropa Oyunları ərəfəsində bu qınaqdan azad olmaq üçün ciddi addım atmadı.
Nurəddin Məmmədli: “Hakimiyyət uzun illərdir ki, eyni siyasəti davam etdirir”
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, sonuncu əfv də göstərdi ki, hakimiyyət xislətindən əl çəkmək niyyətində deyil. Hakimiyyətin uzun illərdir eyni siyasəti davam etdirdiyini deyən N.Məmmədli vurğuladı ki, bir qayda olaraq əfv fərmanlarında siyasi motivlərlə həbs olunmuş insanlar yer almır: “Əfv fərmanı istisnalarla kimlərəsə şamil edilir. Onların da əksəriyyəti hakimiyyət qarşısında öhdəliklər götürür, geri çəkilirlər. Bunun bir neçə səbəbi var. Başlıca səbəb bu hakimiyyətin idarəçilik prinsipindən irəli gəlir. Yəni hakimiyyət cəmiyyətdə hər hansı konsensusun əldə olunması, problemlərin sivil yollarla həlli qaydalarından çox-çox uzaqdır. Bunların zehniyyəti bütövlükdə zorakılıq müstəvisində formalaşıb. Hakimiyyət belə bir qənaətdədir ki, bu ənənəvi üsullardan istifadə etməsələr, iqtidar üçün təhlükə yarana bilər”. N.Məmmədli bildirdi ki, eyni zamanda ölkə idarəçiliyinin elementləri də cəmiyyətdə böyük narazılıq yaradır. Bu narazılığın fonunda isə siyasi məhbusların məsələsinin həll olunması hakimiyyətin qorxusunu artırır: “Çünki hakimiyyət qorxur ki, əhalinin siyasi proseslərə cəlb olunması prosesi sürətlənə bilər. Amma bunun əks prosesi də var ki, Azərbaycan mövcud durumda ya çoxcəhətli islahatlara getməlidir, ya da bu hakimiyyətin gələcəyi ola bilməz. Bu bir tərəfdən beynəlxalq təzyiqlərin artması, dünyada baş verən demokratikləşmə proseslərinin dərinləşməsi, digər tərəfdən isə ölkədəki ictimai-siyasi vəziyyətdəki gərginlik elementlərinin artması ilə bağlıdır. Hər halda hesab edirəm ki, hakimiyyət islahatlar yolunu tutsa, ömrünü az-çox azada bilər. Əks təqdirdə bu rejimin çökməsi qaçılmaz olacaq”.
Vidadi Mirkamal: “Hakimiyyət siyasi məhbuslardan heyif çıxır, qisas alır”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal bildirdi ki, ümumilikdə əfv nəticəsində insanlar azadlığa çıxıb və ailələrinə qovuşublar. Amma son əfvin ölkəni narahat edən siyasi məhbus problemini həll etmədiyini deyən V.Mirkamal vurğuladı ki, son əfvdə siyasi motivlərlə həbs olunan yalnız bir neçə nəfər azadlığa buraxıldı: “Hakimiyyət özünün qanunsuzluqlarını, ölkədə yeritdiyi mənfur, korrupsiya, rüşvət siyasətini, saxta seçkilərin nəticələrini ört-basdır etmək üçün bu insanları içəri atıb. Hakimiyyət siyasi məhbuslardan heyif çıxır, qisas alır. Siyasi məhbus probleminin həlli kökündən baş verməlidir. Siyasi məhbus problemi ilə bağlı ayrıca bir əfv olmalıdır. Siyasi məhbus probleminin həllini ümumi əfvə bağlamaq lazım deyil. Siyasi motivlərlə həbs olunan, işi hazırda məhkəmədə, istintaqda olanların hamısı əfvə düşməlidir. Nə qədər ki, bu məsələ kompleks şəkildə həll olunmayıb, ayrı-ayrı əfvin verilməsi bu problemi həll etməyəcək”.


