Ilaxır çərşənbə günü, martın 17-də Bakının 9-cu mikrorayondakı “Favorit” hipermarketinin çölündə karton qutularının toplandığı qapalı anbarda güclü yanğın baş verib. Hadisə yerinə dərhal 2 yanğınsöndürən maşın cəlb olunub. Saat təxminən 17.40 radələrində baş verən yanğın tezliklə söndürülüb.
Hadisənin səbəbi rəsmən məlum olmasa da, sakinlərin sözlərinə görə, yanğın anbarın pəncərəsindən içəriyə atılan siqaret kötüyündən baş verə bilər. Çünki marketin işçiləri “siqaret fasiləsi”ni adətən anbarın ətrafında edirlər. Lakin yanğının səbəbindən asılı olmayaraq, bu hadisə bir daha göstərdi ki, yeni tikililərin miqyası yerli şəraitin tələblərinə uyğunlaşdırılmır.
Belə ki, 16 mərtəbəli, geniş ərazisi olan “göydələn”in altında yerləşən “Faforit”in ümumi sahəsi də böyükdür – 5000 kv.metrdir. Obyekt 2011-ci ildən fəaliyyət göstərir. Lakin istər “göydələn”in tikintisi, istərsə də hipermarketin təşkili zamanı yerli infrastrukturun imkanları nəzərə alınmayıb. Hətta bu nəhəng obyektin tullantılarının toplanması və saxlanması yerinin təşkili də təhlükəsizlik və sanitar qaydalara uyğun deyil. Yanğının baş verdiyi anbar qonşu məhəlləyə əlavə problemlər yaradır. Sakinlərin sözlərinə görə, hər dəfə əraziyə gələn zibilyığan maşınlar onların hərəkətinə təhlükə törədir. Bundan başqa, hər səhər hipermarketə mal daşıyan yük maşınları səkiləri zəbt edir.
Əslində, bu problemlər tikili layihələndirilərkən nəzərə alınmalıydı. Məsələn, “Favorit”ə mal daşıyan avtomobillər üçün binanın alt mərtəbəsində qaraj düşünülməliydi. Yəni yüklər obyektə buradan daşınmalı idi. Eləcə də tullantıların qəbulu məntəqəsinə əvvəlcədən münasib yer ayrılmalıydı.
Göründüyü kimi, problemin kökü sözügedən “göydələn”in tikintisi zamanı şəhərsalma və texniki normalarla hesablaşmamaqdır. Ümumiyyətlə, Bakıda tikinti sahibləri daha çox qazanc götürmək üçün qədərindən artıq sahəni əhatə edir, ya da əlavə mərtəbələr inşa edirlər. Son 15-20 ildə meydana çıxan belə plansız tikililərə şəhərin hər bir ünvanında rast gəlmək olar. Başda Fövqəladə Hallar Nazirliyi olmaqla, Bakı Şəhər Icra Hakimiyyəti və digər əlaqədar orqanlar isə problemə hələ də “göz yumurlar”…
Sosial şöbə


