Hakimiyyət erməniyə necə jest edir?

Asif Yusiflinin həbsi, Qarabağın işğalının davamıdır 
 

Bu hakimiyyət birqayda olaraq öz adını başqasına qoymaq siyasəti yürüdür.  Özləri anti-milli, dövlətin zərərinə, millətin səfalətinə xidmət edən siyasət yürütsələr də,  korrupsiyanı dövlət siyasətinə çevirsələr də, vergidən yayınsalar da, dələduzluqla məşğul olsalar da, bu ittihamları vicdanlı insanların üzərinə yönləndirməyə çalışırlar.  Təsadüfi deyil ki, bugün həbsxana həyatı yaşayan vicdanlı insanlar məhz bu qondarma ittihamlarla şərləniblər. 
Hakimiyyətin ən çox sui istifadə etdiyi, arxasına sığındığı  sipər isə Qarabağ məsələsidir. Bütün məqamlarda “bizim Qarabağ kimi dərdimiz var”, “Qarabağ məsələsində ikilistandartlar yürüdülür” kimi ifadələrlə özlərini Qarabağ sevdalısı kimi göstərmək istəyirlər. Amma bu “Qarabağ sevgisi” xarici və daxili siyasətin mənzərəsində tam aydınlaşır.  Belə ki, YAP hakimiyyətinin ən yaxın dostu, Qarabğı Ermənistana hədiyyə verən Rusiyadır. O Rusiya ki, Ermənistanla 40 illik hərbi müqavilə imzalayıb və bu ölkənin ayaqda qalmasına birbaşa təminat verir. O Rusiya ki,  20 yanvar faciəsinin, Xocalı soyqırımının və Qarabağın “müəllif”idir.  Bu “müəllif”in sayəsində  vətəndaşlarım qanı axıb və hələ də axmaqdadır. Amma  YAP hakimiyyəti bu qədər iyrənclikləri Rusiyaya bağışlayıb və onun müdafiəçisi rolunda çıxış edir.  Daha dəqiq desək,  bu hakimiyyətin ən yaxın dostu, Ermənistanın himayədarıdır.
Daxildə hakimiyyətin erməni sevgisi daha da qabarıq görünür. Əvvəlcə, Qarabağ qazilərini intihar həddinə çatdırmaq tendensiyasını yaratdılar və ehtiyac bataqlığında çabalayan qazilər ölümə pənah aparmağa başladılar. Daha sonra  Qarabağ şəhidlərinə və qazilərə verilməli olan sosial sığortadan imtina edib, əvəzində Avropa oyunlarına gələn erməni heyətinə “şot” vermək qərarına gəldilər. 
Bütün bunları ona görə xatırlatdım ki,  Qarabağ qazisi Asif Yusifliyə qarşı qisasçılıq siyasətinin məqsədli olduğunu oxucuya çatıdırm. Asif Yusifli bütün şüurlu həyatını ədalətsizliklə mübarizəyə həsr etmiş, bu hakimiyyətin yarıtmaz siyasətini hər zaman tənqid atəşinə tutmuşdu. O həm də AXCP Rəyasət Heyətinin üzvüdür.  Erməniylə döyüşdə də, zalım hakimiyyətlə mübarizədə də ön cəbhədə duranlardandı. 
Amma hakimiyyət bu Qarabağ qazisini şərləməkdən imtina edə bilmədi.  Cəbhəçiləri ermənipərəstlikdə ittiham edən hakimiyyət, erməniyə güllə atmış qazini zindana saldı. Həm də dələduzluq ittihamı ilə.  Sanki, hakimiyyət ermənilərin qisasını Asifdən almaq öhdəliyi götürüb. Çünki, 2 gün öncə Asif Yusiflinin həbs müddəti daha 2 ay uzadıldı. Hansıki, onu ev dustaqlığına buraxmaq da olardı. Yəqin, Bakıya gələn erməni heyətinə mesaj verirlər ki,  sizə güllə atanları zindanla mükafatlandırırıq
Tutalım, Asif Yusifli həqiqətən də dələduzluqla məşğul olub. Necə olur ki,  haqqında 100 milyonluq dələduzluq ittihamı olan admiral həbsdən azad edilir,  külli miqdarda vergidən yayınıdğı rəsmi şəkildə elan edilən şirkət rəhbərləri məsuliyyətə cəlb edilmir, amma Qarabağ qazisinə qarşı  2000-3000 manatlıq ittiham böyük cinayət hesab edilir?
Yəni, məsələni hansı tərəfə yönləndirsək, hakimiyyətin Qarabağa münasibəti özünü göstərir.  İndi vicdanla cavab verin. Ermənini sevindirən, qazidən qisas alan,  Qarabağa xəyanət edən kimdir?
Haqlı mövqeyin görə Qarabağ qazisini şərləyən bir hakimiyyətin, Qarabağ problemi ola bilməz. Bu hakimiyyət Qarabağdan alver predmeti kimi, vəzifə kürsüsünü qorumaq üçün istifadə edir.  Bugün Qarabağ düşmən işğalında, Qarabağ qazisi vətən zindanındadır.  Hakimiyyət vətən uğrunda savaşanları, vətəndə girov götürməklə məşğuldu.  Bəli, Asif Yusiflinin həbsi, Qarabağın işğalının davam etdirilməsidir.  Hakimiyyət bütün mənalarda Qarabağdan imtina, erməniyə jest edir.
Akif