Cahangir Hacıyevin istefası haqqında ekspert rəyi

"Bu istefanı bank kapitalı uğrunda oliqarxlar arasında çoxdan başlamış gizli mübarizənin ilkin nəticəsi kimi qiymətləndirmək mümkündür"
 
İqtisadçı ekspert Qubad İbadoğlu Beynəlxalq Bankın İdarə Heyəti sədri Cahangir Hacıyevin qəfil istefasına maraqlı şərh verib:
 
"Bank sektorunun ağrılı keçid dövrünə qədəm qoyduğu hazırkı şəraitdə bank aktivlərinin ümumi həcmində və kredit portfelində bazar payı 40 faizdən, depozitlərdə bazar payı 50 faizdən çox olan, eləcə də 1 milyona qədər müştəri ilə işləyən Beynəlxalq Bankın İdarə Heyəti sədrinin istefası bu bazarda riskləri bir az da artıracaq. Bundan daha çox itirən bankın səhmlərinin 49,8%-nə malik olan özəl səhmdarlar ola bilər. Bankın səhmlərinin 50,2 faizi dövlətə məxsusdur və Maliyyə Nazirliyi tərəfindən idarə olunur. Hesab edirəm ki, Beynəlxalq Bankın rəhbərinin hazırkı həsas dövrdə qəfil istefası dövlətə məxsus olan səhmlərin özəlləşdirilməsi və bankın yenidən strukturlaşması ilə əlaqədar ola bilər. 
Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycana müntəzəm səfər edən misiyası dəfələrlə Beynəlxalq Bankın kapitalizasiyası planı barədə ciddi narahatlıq ifadə etmiş və missiya bankın kapitalizasiyası ilə paralel, ABB-da beynəlxalq praktikaya uyğun şəkildə restrukturizasiya aparmağı tövsiyə edib. Odur ki, hazırkı istefa ilə bankın gələcəkdə özəlləşdirilməyə açılması arasında əlaqə olması şübhə doğurmur və bu istefanı bank kapitalı uğrunda oliqarxlar arasında çoxdan başlamış gizli mübarizənin ilkin nəticəsi kimi qiymətləndirmək mümkündür.