Vüqar Qurdqanlı
Hamlet İsaxanlını şəxsən tanımıram. Eşitdiklərimi həqiqət kimi qəbul etsəm deyə bilərəm ki, ciddi elm adamıdır. Təsisçisi olduğu universitet barədə də ancaq xoş sözlər eşitmişəm. Təbii, əgər əksini sübut etmək imkanınız varsa, bunu qulağımın xətası kimi qəbul edin…
***
Dərdimiz bir qızın günün-günorta çağı küçədə döyülməsi deyil. Dərdimiz heç bir qadının gecənin alaqaranlığında küçənin bir küncündə maşına basılıb əzişdirilməsi də deyil. Biz, əlimizə düşən fürsəti dəyərləndiririk… Harasından baxırıq baxaq, ortada cinayət var. Amma reallıq da var. Döyülən ya zəlzələdən, ya da vəlvələdən bunu inkar edir. Usanmadan üstünə gedirik. Nəyisə etiraf etməsini gözləyirik. Guya ağıllıyıq, guya “qadına qarşı zorakılığa” qarşı mətbu və ictimai səviyyədə mübarizə aparırıq. Əslində isə istəyimiz saxtadır. O videonun yayılması bizə yalnız və yalnız saytlara 3-5 min oxucu cəlb etmək üçün əhəmiyyətli idi. Eynən “ər arvadını baltaladı”, “ərinə yaxın dostu ilə xəyanət etdi”, “pişik iti yedi” kimi heç bir xəbər yükü olmayan videoları yayımladığımız kimi…
***
Döyülən xanım – Hamlet İsaxanlının qızı döyülmədiyini iddia edir. Həm də hamının görüdyü o videodan sonra. Sizcə niyə? Çünki onun döyülməsi təkcə onun alçalmasıdırsa, bunun ictimailəşməsi artıq təkcə Ülkər adı ilə məhdudlaşmır. O xanım qorxusundan bu açıqlamanı verə bilər – qəhrəmanlıq etməsini tələb etməyimiz yersizdir. O xanım utandığından o açıqlamanı verə bilər – irad tuta bilmərik. O xanım atasının nüfuzuna xələl gəlməsindən ehtiyyat edib o açıqlamanı verə bilər – razılaşmalıyıq. Və ən nəhayət, o xanım böyütdüyü qız balasının günlərin birində bu acı həqiqəti öyrənməsindən ehtiyyat edə bilər – qarşısında baş əyməliyik… Amma sadaladığım heç nəyi etmədik, böyük ehtimalla da etməyəcəyik. Yenə gündəm Ülkər İsayeva olacaq, yenə o çıxıb “mən deyiləm” deyəcək və yenə biz sanki onu döyən qoluzorlu kişilərdən qorxmuruqmuş kimi pələngə dönüb videoları tirajlayacağıq. Əminəm ki, israrla Ülkərdən qəhrəmanlıq tələb edən şəxslərin istənilən birisi o qoluzorlularla üzləşdiyi anda milyonlarla bəhanə uyduraraq, birbaş ağac dibinə qaçacaq qədər də qorxaqdır…
***
Ülkər hadisəsi ilk deyil – sonuncu da olmayacaq. Zatən mətbuat hər gün kiminsə kimisə öldürməsini xəbər adı altında yayımlayır. Heç biri hadisəyə çevrilmir. Heç birinin ölümü, döyülməsi ən xırda səviyyədə belə müzakirə olunmur. Sizcə niyə? Orda döyülən qadının Ülkərdən nə fərqi var ki? Niyə bu hadisə ölkə gündəmini ildırım sürəti ilə işğal etdi ki? Cavabı sadədir – biz elita dediyimiz zümrənin döyülməsini, alçaldılmasını görmək və göstərmək istəyirik. Heç kim məni səmimi şəkildə o xanımı müdafə etdiyinə inandıra bilməz. Hətta ona saat, məkan və nə qədər gülməli olsa da sevgili, dost seçməkdə səhv etdiyini sübut etməyə çalışan, bununla da özünü ağıllı, mədəni və daha xoşbəxt qələmə verməyə çalışanlar belə iradlarında səmimi deyillər. Gəlin qəbul edək ki, bu hadisə yalnız Ülkərin faciəsidir. Qalan hamı üçün onun döyülməsi fürsətdir… Biz mədəniyyəti kiminsə yataq otağına qədər soxulmaq bilənlərdənik. Biz ədəbsizliyimizi utanmadan hər fürsətdə ortaya qoyub cığallıq edənlərdənik. Biz yalan bildiyimizi israrla doğru kimi təqdim edənlərdənik. Biz heç bir halda həqiqi zülmə qarşı çıxa bilməyib, yalnız şou xatirinə “zorakılığa son” deyənlərdənik. Əgər deyiliksə, elə günün-günorta çağı, Bakının lap göbəyində aksiyada iştirak etdiyinə görə polislər tərəfindən ən ağır şəkildə döyülən Kəmalə Bənənyarlının faciəsinə də sahb çıxaq. Gözəl Bayramlının qolunun sındırılmasına, Leyla Yunusun tualetinə polisin basqınına, Xədicə İsmayılın haqsız həbsinə, Cəmil Həsənlinin qızı Günel Həsənlinin üzləşdiyi qanunsuzluğa da etiraz edək. Edirikmi? Əsla! Çünki səmimi deyilik, çünki qorxuruq… Çünki biz, çünki biz… yazımmı kimik?
Yazı cumhuriyyet.az saytından götürülüb.