Polis özünü elə aparır ki, guya SDI-nin ofisi qarşısında heç nə baş verməyib
Polis Sülh və Demokratiya Institutunun ofisi (Ş.Bədəlbəyli küçəsi, 38) qarşısında baş vermiş hadisələrlə bağlı şərh vermir. “Turan”ın polisin buraya gəlməsi və SDI əməkdaşlarına təzyiq göstərməsinin səbəbləri ilə bağlı rəsmi rəy almaq cəhdləri cavabsız qalıb. SDI direktoru Leyla Yunus hesab edir ki, basqına binanın divarlarında bu ünvanda bir neçə QHT-nin – SDI, Qadın Krizis Mərkəzi, Minaların Qadağan olunması üzrə Assosiasiyanın yerləşdiyi barədə yazılar səbəb olub.
Binanın qarşısına gələn polislər bu yazıların qanunsuz olduğunu iddia ediblər və Leyla Yunusu saxlamağa və polis bölməsinə aparmağa çalışıblar. Müqavimətlə qarşılaşan polislər yazıların üstünü rəngləməyi tələb ediblər.
Leyla Yunus özü bəyanat yayaraq bildirib ki, 13 iyun saat 15.40 radələrində SDI-nin ofisinə girişdə 30 yaşlarında mülki geyimli, idmançı görünüşlü naməlum şəxs ona hücum çəkib. O, 90 HS 366 nömrə nişanlı metalik rəngli Mersedes avtomaşınından düşüb. Yunusun qışqırığına insanlar toplaşıb və basqınçı qaçıb. Bununla əlaqədar olaraq hüquq müdafiəçisi bu maşını və ona hücum edən insanı tapmağı xahiş edir.
“Daxili işlər naziri Ramil Usubova müvafiq bəyanatla müraciət etmişəm”, deyə Leyla Yunus bildirib.
Buna baxmayaraq, polisdən baş verənlərlə bağlı ağlabatan şərh almaq mümkün olmayıb. DIN-in mətbuat xidmətindən hadisə dəqiqləşdirildikdən sonra məlumat veriləcək.
Polisin SDI-ni bu ünvandan sıxışdırıb çıxarmağa çalışdığını ehtimal etmək olar. Belə ki, hakimiyyət Bədəlbəyli küçəsində bütün köhnə tikililərin sökülməsini planlaşdırır. Lakin bu tədbirlər qanunsuz həyata keçirilir və mənzil sahiblərinin hüquqlarının kobud şəkildə pozulması ilə müşaiyət olunur.
Bir müddət əvvəl Füzuli küçəsində bir çox evlər sökülüb. Hakimiyyət bu ərazidə “Qış bulvarı” salmağı vəd edir.



