Yeni Suriya siyasəti Türkiyə və İranı üz-üzə qoyur

Amerikanın Əsəd rejiminə şans verməsi Ankaranın sərt reaksiyasına səbəb olub

 
Vəfa Quluzadə: «Regionda Iranın və Suriyanın güclənməsi Türkiyənin maraqlarına uyğun deyil»
 
ABŞ-ın yeni Suriya siyasəti narazılıqla qarşılanıb. Dövlət katibi Con Kerrinin Əsəd rejimi ilə danışıqlara başlamağın artıq qaçılmaz olduğunu deməsini Türkiyə birmənalı qiymətləndirməyib. Əsədi 200 min insanın qatili adlandıran Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu vurğulayıb ki, Suriya hakimiyyəti ilə müzakirələrə getmək yolverilməzdir.
Politoloq Vəfa Quluzadə bildirdi ki, ABŞ-ın yeni Suriya siyasəti regionda gərginliyi aradan qaldırmağa hesablanıb. ABŞ-ın Əsəd rejimini danışıqlar yolu siyasətini dəyişdirməyə çalışdığını deyən V.Quluzadə bildirdi ki, ABŞ-ın əsas məqsədi regionda sabitlik yaratmaqdır: “Əgər ABŞ hazırda Iranla yaxınlaşırsa, deməli, Tehran rejimi də yeni Suriya siyasətini dəstəkləyir. Belə olan halda Iranla yaxınlaşma Suriya siyasətinə yeni perspektivlər açacaq. ABŞ regionda sülhə nail olmaq istəyirsə, Əsəd rejimi ilə danışıqlara başlamalıdır”.
Türkiyənin narazılığına gəlincə, V.Quluzadə bildirdi ki, Iranla Türkiyə Suriya məsələsində fərqli siyasətlər yürüdürlər. “Türkiyə Əsəd rejiminin əleyhinədir. Türkiyənin regionda öz maraqları var. Regionda Iranın və Suriyanın güclənməsi Türkiyənin maraqlarına uyğun deyil. Çünki bu zaman Türkiyənin NATO və regionda əhəmiyyəti azalacaq. Rəsmi Ankaranın etiraz etməyə haqqı var. Əsəd diktaturadır. Bu rejim yüz minlərlə adamın ölümünə və qaçqın düşməsinə görə məsuliyyət daşıyır”, deyə V.Quluzadə bildirdi. 
V.Quluzadənin sözlərinə görə, hər bir dövlətin öz maraqları var. Və bu baxımdan bəzən Türkiyə və ABŞ-ın maraqları toqquşur. ABŞ hazırda yeni əməkdaşlıq modeli yaratmaqla regionda sülhə və sabitliyə nail olmaq istəyir.
Xəyal