Qərb hakimiyyəti sınağa çəkir

Tomas Melianın səfəri ABŞ-ın prioritetlərini göstərir

Fuad Qəhrəmanlı: “Demokratiya ilə bağlı Azərbaycanda fəal diplomatiyaya başlanılıb”

Bu gün ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia Azərbaycana gələcək. Səfər çərçivəsində qonaq Azərbaycanın rəsmi şəxsləri, vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri və media mənsubları ilə görüşəcək. Bu səfərin Ictimai Palatanın 19 iyun aksiyası ərəfəsinə təsadüf etməsini isə ekspertlər birmənalı qiymətləndirmir. Onların fikrincə, bununla Qərb hakimiyyəti bir növ sınağa çəkir. Çünki son günlər Qərb diplomatlarının IP-nin rəhbərləri ilə görüşlər keçirməsi heç də təsadüfi deyil.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, bir müddət əvvəl ABŞ prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri Amerikanın bölgədəki maraqlarını ifadə etmək məqsədi daşıyırdı. Bu səfər zamanı Azərbaycanın xarici siyasətində enerji, NABUCCO ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu vurğulayan F.Qəhrəmanlı bildirdi ki, növbəti səfərin isə insan haqları və demokratiya ilə bağlı diplomata həvalə edilməsi onu göstərir ki, bu sahə də ABŞ üçün vacibdir: “ABŞ bununla Azərbaycana münasibətdə demokratiya və insan haqlarını da gündəmdə saxladığını nümayiş etdirmək istəyir. ABŞ Dövlət katibinin demokratiya, insan haqları üzrə müavini Tomas Melia da vəzifəsinə uyğun hökumətlə müzakirələr təşkil edərək, demokratiya, insan azadlıqları, media hüquqlarını gündəmə gətirəcək. Bu da bu mövzuların ABŞ üçün aktual olduğunu göstərir”.
F.Qəhrəmanlı hesab edir ki, ABŞ eyni zamanda nümayiş etdirmək istəyir ki, Azərbaycanda demokratiya və insan haqları ilə bağlı problemlər hələ də qalmaqdadır. Və Qərb bu problemlərin uzun müddət çözülməməsindən ciddi narahatlıq keçirir. Bu səfərin IP-nin 19 iyun aksiyası ərəfəsində gerçəkləşməsinə toxunan F.Qəhrəmanlı vurğuladı ki, bu da təsadüfi sayılmamalıdır: “Hakimiyyətin davranışlarından hiss olunur ki, iyunun 19-na nəzərdə tutulan aksiyaya da şərait yaradılmayacaq. ABŞ isə cəmiyyətimizdə qarşıdurmanın olmasını istəmədiyini nümayiş etdirir. Eyni mesajı Qərb ölkələrinin diplomatları da verir. Bu isə onun nümayişidir ki, demokratiya ilə bağlı Azərbaycanda fəal diplomatiyaya başlanılıb”.
Hakimiyyətin demokratiya məsələsində geri çəkilmək niyyətinin olmadığını gizlətməməsinin də ABŞ-ın narahatlığına səbəb olduğunu deyən F.Qəhrəmanlı əlavə etdi ki, hakimiyyətin bir müddət korrupsiyaya qarşı mübarizə şousu elan etməsinin ərəb dünyasında baş verən proseslərlə bağlı olduğu hazırda heç kimə sirr deyil. Amma demokratik dünya hakimiyyətdən real islahatlar tələb edir.

Xəyal