Nüfuzlu aviaşirkət tətil edir, 80 000 sərnişin yolda qalacaq

Almaniyanın “Lufthansa” aviaşirkətinin pilotları sabah (19 mart) gecə saat 00.01-dən tətilə başlayırlar. ANS PRESS-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, tətil səbəbindən 750 səfərin dayandırılacağı bildirilir. 
 
Tətili təşkil edən “Cockpit” pilot həmkarlar ittifaqı çıxılmaz vəziyyətdə qalmamaq üçün sərnişinlərə uçuş tarixlərini dəyişdirməyi və ya qatardan istifadə etməyi məsləhət görüb. Bir sutka davam edəcək tətilin 80 000 sərnişinə təsir edəcəyi bildirilir.
 
Qeyd edək ki, həmkarlar ittifaqı “Lufthansa” aviaşirkətində işləyən 5 400 pilotun pensiyaya keçiş müddətində razılığa gələ bilmir. Şirkət pensiya yaşını 55-dən 60-a qaldırmaq istəyir. Davam edən müzakirələr və mübahisələr zəminində pilotlar ötən bir il ərzində 11 dəfə tətil ediblər.