“Səhnəyə Türkiyə bayrağı ilə çıxacağıma söz vermişdim”

Nigar Camal “Eurovision”dakı bayraq jestinə aydınlıq gətirdi

Azərbaycanlı ifaçı Yunanıstan heyətinə etiraz edibmiş

“Eurovision” musiqi yarışmasının qalibləri olan azərbaycanlı cütlük – Nigar Camal və Eldar Qasımov Türkiyənin Dənizli şəhərindədir. Yarışmanın qalibi olduqları açıqlanan zaman Nigar Türkiyə bayrağını dalğalandırıraq səhnəyə qaçmasının səbəblərinə aydınlıq gətirib.
Gənc ifaçı bildirib ki, Türkiyə növbəti tura keçməyincə yunanların bayraq dalğalandırması ona pis təsir edib. Belə qərara gəlib ki, yarışı qələbə ilə başa vuracaqları təqdirdə Türkiyə bayrağını dalğalandırsın.
DHA-nın suallarına vavab verən Nigar Camal birinci olduqdan sonra səhnəyə Türkiyə bayrağı ilə çıxması barədə bunları deyib: “Türkiyə növbəti tura keçə bilməyəndə Yunanıstandan olan qrup öz ölkələrinin bayrağını dalğalandıraraq şənlik nümayiş etdirdi. Bu vəziyyətə xeyli üzüldüm. Çünki biz Türkiyə ilə eyni millətik, sadəcə başqa-başqa dövlətlərik. Finala qalsaq, qalib və ya məğlub olmağımızdan asılı olmayaraq, səhnəyə Türkiyə bayrağı ilə çıxacağıma söz verdim. Biz çempion olduq, dərhal əlimə Türkiyə bayrağını götürüb dalğalandırmağa başladım. Bu şəkildə sevincimi dünyaya çatdırmağa üstünlük verdim. Bir sözlə, məni bu addımı atmağa yunanların davranışı sövq etdi”.