Azərbaycan niyə Rusiya sialahları alır?

Rusiya Azərbaycanın silah idxalının 85 faizini təşkil edir

 
Üzeyir Cəfərov: «Azərbaycan uzun müddət eyni silahı ala bilməz»
 
Avropa ölkələrinin silah idxalı 2005-2009 və 2010-2014-cü illərdə 36 faiz azalıb. Avropada Böyük Britaniya iri silahların ən böyük idxalçısıdır (14 faiz). Ondan sonra 13 faizlə Azərbaycan gəlir. Stokholm Beynəlxalq Sülh Tədqiqat Institutunun (SIPRI) martın 16-da yaydığı illik hesabatda belə deyilir.
Hesabata görə, Britaniyanın silah idxalı bunun müxtəlif regionlarda hərbi əməliyyatlar üçün necə vacib olduğunu göstərir. Məsələn, 2013-cü ildə ABŞ-dan alınmış RC-135 təyyarələri ötən il IŞID-ə qarşı əməliyyatlarda istifadə olunub.
Azərbaycan silah idxalını 243 faiz artırıb
Azərbaycan da idxalı artırıb. 2005-2009 və 2010-2014-cü illərdə silah idxalı 249 faiz artıb. Hesabatda eyni zamanda ötən il cəbhə xəttində gərginliyin artdığı vurğulanır. Azərbaycanın silah idxalının 85 faizini isə Rusiya təşkil edir. Ermənistanın idxalı isə Azərbaycanınkının cəmi 4 faizi qədərdir. Dağlıq Qarabağdakı silahlı qüvvələrin silahlarını haradan və nə vaxt alması aydın deyil. Ancaq o silahlardan azı bir hissəsini Ermənistanın verdiyi görünür.
Çin silah ixracına görə birincidir
SIPRI-nin hesabatında o da vurğulanırdı ki, Çin dünyada silah ixracına görə Almaniya və Fransanı ötərək 3-cü yerə çıxıb. Birinci yerdə Birləşmiş Ştatlar, ikinci yerdə Rusiya gəlir. 2014-cü ildə Birləşmiş Ştatlar adi silahların ixracının 31 faizini həyata keçirib. Ikinci yerdə 27 faizlə Rusiya gəlir. Çin isə 5 faizlə üçüncü yerdədir. Pekin cüzi fərqlə Almaniya və Fransanı geridə qoyub. SIPRI bildirir ki, Çinin ixracının 41 faizi Pakistana gedib. Rusiyanın top alıcısı isə dünyanın aparıcı silah idxalçısı – Hindistan olub. Ən çox müştəri Birləşmiş Ştatlara məxsusdur, Cənubi Koreya ABŞ silahlarının 9 faizini alır. SIPRI-nin məlumatına görə, bu məlumat ixracın həcmini əks etdirir, silahların ümumi dəyərini deyil.
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Azərbaycanın S-300 raket kompleksi, “T-90" tankları, ”MI-35" döyüş helikopterləri aldığı barədə bir müddət əvvəl mətbuatda gedən məlumatlar yenidən təqdim olunur. Yeni silah müqavilərəinin artıq Rusiya ilə bağlanmadığını deyən Ü.Cəfərov bildirdi ki, yeni müqavilələr barədə məlumatlar 2015-ci ilin sonunda veriləcək: “Azərbaycan rusiyadan artıq iri həcmdə silah-sursat almır. Düzdür, iki ölkə arasında müqavilələr var. Amma bu müqavilələr əvvəlki illərdə imzalanıb. Bu müqavilələrin imzalanmasına da səbəb Rusiyanın Azərbaycana istehsal etdiyi silahları daha sərfəli şərtlərlə təqdim etməsidir”.
Bundan başqa, Azərbaycanın daimi olaraq silah-sursat arsenalını yeniləməyəcəyini deyən Ü.Cəfərov bildirdi ki, Azərbaycan keçmiş sovet ölkələrindən xeyli silah alıb. Orduda modernləşdirməyə ehtiyac olan silahların yeniləndiyini vurğulayan Ü.Cəfərov qeyd etdi ki, proses davamlı şəkildə həyata keçirilir. “Amma Azərbaycan uzun müddət eyni silahı ala bilməz. Partnyor dövlətlər daha sərfəli şərtlərlə bizə silahlar təqdim edirlər”, deyə Ü.Cəfərov vurğuladı.
Xəyal