Qızılın qiyməti qalxır, yoxsa düşür?

Samir Əliyev: «Yaxın dönəmlərdə ucuzlaşma olmayacaq»

 
Dünya bazarında qızılın son dövrlərdə düşən qiymətinin fonunda ölkəmizdə bunun əksini görürük. Qızıl qiymətli bir metal olaraq dəyərini itirdiyi halda, Azərbaycanda ona aksiz vergisi tətbiq edilib. 
Elə görünür ki,  sanki yaşadığımız ölkə dünyadan təcrid olunmuş bir vəziyyətdədir və dünyada baş verən proseslərin bizə heç bir dəxli yoxdur. Görəsən, dünya bazarında qızılla bağlı məsələlər nədən Azərbaycandan yan keçmiş kimi görünür?
Iqtisadçı-ekspert Samir Əliyevin fikrincə, ötən ilin sonlarında qızılın qiyməti bir qədər bahalaşmışdısa, bu ilin əvvəlindən qızılın qiyməti yenə də düşməyə başlayıb. Ekspert bu prosesin Azərbaycana təsirinin olmadığını deyir. Çünki idxalda böyük bir monopoliya olduğu üçün qızılın dünya bazarında qiymətinin düşməsi bazarlara təsir göstərmir:
“Daha çox bahalaşma öz neqativ təsirini göstərir. Qızılın qiymətinin ölkəmizdə baha olması ona tətbiq edilən aksiz vergilərinin tətbiq edilməsiylə əlaqədardır. Nəticədə qızılın qiyməti bir qədər bahalaşdı. Aksiz vergisinin tətbiqindən başqa, manatın devalvasiyası qızılın qiymətinə artırıcı təsir göstərdi. Çünki  zərgərlik məqsədilə istifadə  olunan qızıl ölkəmizə birmənalı şəkildə idxal olunur. Yəni Azərbaycanda zərgərlik məqsədilə qızıl istehsal olunmur.  Biz idxal qızılından asılı olan ölkəyik. Ona görə də dollarla alınan qızıl manata çevirəndə qiyməti baha olmalıdır. Qızılın ucuzlaşması gözlənilmir və yaxın dövrlərdə də bu sahədə ciddi bir ucuzlaşma müşahidə edilməyəcək”.
Nigar