Mitinqdə nə qədər adam var idi

xaqaniquzeyli@gmail.com
 
Əvvəllər bu “iş”lə Bakı şəhər Baş Polis Idarəsinin ictimai asayişə cavabdeh olan bölməsi məşğul olurdu. Və ona da adət etmişdik ki, hər mitinqdən sonra polis generalından çox, dietaya düzgün əməl etməyən xeyirxaha bənzəyən birisi çıxaraq, mitinqin insidentsiz keçdiyi haqda rəsmi bilgi verəcək. Oxşar məlumatların sonunda mütləq iqtidar üçün təsəlli, müxalifət üçün də qıcıq olsun deyə, mitinq iştirakçılarının təxminən 10-a bölünmüş sayı göstərilirdi. Beləcə, keçinib gedirdik…
Hazırda bu sahədə vəziyyət doğrudan da şou-biznesdəki vəziyyəti xatırladır. Özü də bu işlə əsasən özünü “müxalifyönlü” və “müstəqil” media mənsubları kimi cəmiyyətə sırımağa çalışanlar məşğul olmağa başlayıb. Bu “əhilləşdirilmiş” və “əhilləşdirilməyə” can atan zümrə iqtidarı inandırmağa çalışır ki, gedin korrupsiya və rüşvətxorluqla məşğul olun, müxalifət yoxdur, “məhv eləmişik”.
Əsas mətləbə keçməmişdən əvvəl, o xoş illərin mitinqləri haqda bir neçə məqamı nəzərinizə çatdırmaq, daha doğrusu, xatırlatmaq fikrindəyəm. Həmin illərdə mitinq keçirilən yerin həndəvərində mülki geyimdə fırlanan çoxlu şəxslər olsa da, onlar mitinqə qatılmırdılar. Hamı bilirdi ki, onların hamısı hüquq-mühafizə orqanlarının işçiləridir. Onların sayı mitinq iştirakçılarının sayına görə azalıb-çoxalırdı. Hərəkətlərindən də hiss olunurdu ki, sıravi polislər onlara tabedir. Mitinqlər zamanı bu həndəvərin “sakinləri” həmişə eyni adamlar olurdu.
Milli Şuranın mitinqləri başlayandan bu həndəvərin sakinləri çoxalmağa başlayıb. Dünənə qədər özünü müstəqil jurnalist, siyasətçi, QHT-çi kimi qələmə verən onlarla tanış sima bu “neytral zona”da mülki geyimdə olan hüquq-mühafizə işçilərilə “gəzişir”, ətrafı müşahidə edirdi. Mən onların adlarını çəkmək fikrində deyiləm, amma sizə bir “ipucu” verməkdən özümü saxlaya bilməyəcəm.
Milli Şuranın hər mitinqindən sonra tədbir haqqında ürəkbulandırıcı “etiraflar”, tədbir başlamamış və yaxud bitəndən sonra çəkilən fotoları öz mətbu orqanlarında yerləşdirib, orada iştirak edənlərin sayı haqqında dezinformasiyalar verənlərə yəqin ki, adət etmisiniz. Hər mitinqi az qala iqtidarla müxalifət arasında qladiator döyüşü qələmə verib, iqtidarın “qalibiyyətini” qeyd edən bu “müstəqil” mətbu orqanlar və sözün tam mənasında əhilləşdirilmiş psevdomüxalifət nümayəndələri artıq o həndəvərin “tam hüquqlu” sakinlərinə çevriliblər. Mitinqçilərə isə ya utandıqlarından, ya da say artırmaq istəmədiklərindən qatılmaq istəmirlər.
Mənim üçün maraqlı olan odur ki, hazırda canfəşanlıq edən bu siyasətbazların bəziləri necə olub ki, Elçibəy iqtidarında  yüksək vəzifələrdə, nüfuzlu mətbu orqanlarında çalışıblar? Ahıl yaşlarında bu qədər cahil olanların “o vaxtlarını” təsəvvür edəndə məni dəhşət bürüyür.
On minə qədər insanın iştirak etdiyi mitinqi gözlərilə görüb, “orada 800-1000-ə qədər adam vardı” deyən adamın, razılaşın ki, rejim qarşısında götürdüyü öhdəliklərlə bərabər, psixi problemləri də var.
Indi isə gələk srağagünkü mitinqə. Rejimin mitinqin baş tutmaması üçün mümkün olan hər şeyi etməsinə baxmayaraq, mitinq möhtəşəm alındı. Minlərlə insan iqtidarın yaratdığı maneələri aşıb, mitinqə qatıla bilmədi. Əhalinin vəziyyətinin get-gedə pisləşdiyini nəzərə alsaq, növbəti mitinqlərdə onminlərlə insanın iştirakı qaçılmazdır. Bu, dünyada gedən proseslərin tərkib hissəsidir. Avtoritar neft ölkələri bir neçə il öncə başqa bir böhran yaşamışdı. Nəticələri hamıya bəlli olan bir prosesin ikinci dalğası gəlir. Siyasi böhrandan fərqli olaraq, bunun adı iqtisadi böhrandır. Tarixi təcrübə göstərir ki, bu cür böhranlardan çıxmağın yeganə yolu siyasi-iqtisadi islahatlardır.
Hakimiyyətin monopoliyadan əl çəkməsi hələ ki, inandırıcı görünmür. Inandırıcı görünən odur ki, rejim xalqdan qorxur, yoxsa bütün resurslarını 15 mart mitinqinin baş tutmamasına səfərbər etməzdi. Elə psevdomüxalifətə və hakimiyyətə yarınan mətbu orqanlarını oxuyub, məst olardı.
Mən uşaq vaxtımdan özümü “ələkçiyə qıl verən” peşəsinin  mifik, məcazi olduğuna inandırmışdım. Həmişə fikirləşirdim ki, qıl məgər taxta-şalbandır ki, onu vermək peşə olsun?! Sən demə, bu heç də belə deyilmiş. Əməlli-başlı iş yeri imiş…