
Xəzər Universitetinin rektoru Hamlet Isaxanlının qızı Ülkər Isayevanın döyüldüyü haqda məlumat yayılıb. Məlumatda iddia olunur ki, Ülkər Isayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.
Bakı şəhəri BPI-nin istintaq və təhqiqat idarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik- leytenantı Yasin Mikayıllının 14 mart 2015- ci il tarixli vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər prokurorluğunun müavini baş ədliyyə müşaviri Azər Əsgərov eyni tarixli təqdimatla məhkəməyə müraciət edərək Azərbaycan Respublikası 222.2.1-ci maddəsi ilə təqsirləndirən şəxs qismində cəlb edilmiş Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib.
Bildirilir ki, Məmmədov Zaur Muxtar oğlu 09 mart 2015-ci ildə, saat 04:25 radələrində qardaşı Elin Məmmədovla bir qrup şəxs halında sərxoş vəziyyətdə ictimai yerdə, Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində heç bir səbəb olmadan tanışları Isayeva Ülkər Hamlet qızını idarə etdikləri 90 KU 050 dövlət nömrə nişanlı “Bentley” markalı avtomobildən zorla çəkib çıxarmaqla yerlə sürüyərək, əl və ayaqla zərbələr endiriblər. Hadisəni görən vətəndaşların müdaxiləsindən sonra Ülkər Isayeva taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəyən zaman, ona imkan verməyərək zorla taksi maşınından düşürdülərək yerlə sürüyərək təkrarən əl və ayaqla zərbələr yetiriblər. Bu zaman vətəndaşların müdaxiləsindən sonra Ülkər Isayevaya təkrar təzyiq göstərilərək “Bentley” markalı minik avtomobilinə otuzdurulub. Ülkər Isayevə maşında da fiziki təzyiqə məruz qalıb.
Faktla bağlı cinayət işi başlanıb. Məmmədov Zaur Muxtar oğluna və Məmmədov Elin Muxtar oğluna Cinayət Məcəlləsinin 221.2.1 maddəsilə ittiham irəli sürülüb. Bakı Şəhər Prokurorluğu tərəfindən Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat verilib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova tərəfindən çıxarılan qərara əsasən iki qardaş – Zaur və Elin Məmmədovlar məhkəmə zalından azad edilib.

Xəzər Universitetinin rektoru Hamlet Isaxanlı da qızının döyülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
AzVision.az-ın yazdığına görə o bildirib: “Mən indi xaricdəyəm. Hər gün evlə əlaqə saxlayıram. Gəlib onların işinə baxaram. Yazılanların hamısı yalandır. Axmaq məlumatlardır. Bu dəqiqə qızım Ülkərlə danışmışam. O, yaxşıdır. Heç bir problem yoxdur”.
Eldar Sultanovun sözlərinə görə, rektorun qızının döyülməsində təqsirkar bilinən hər iki şəxs barəsində martın 14-də Bakı Şəhər Prokurorluğu tərəfindən həbs-qətimkan tədbiri seçilməsi üçün Xətai Rayon Məhkəməsinə təqdimat verilib: “Lakin Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşovanın çıxardığı qərara əsasən, həmin iki şəxs – Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad ediliblər”.
Prokurorluq rəsmisi bildirib ki, Xətai Rayon Məhkəməsinin həmin qərarından Bakı Şəhər Prokurorluğu apelyasiya protesti verib: “Həmin protestə bu gün (martın 17-də) Bakı Apelyasiya Məhkəməsində baxılacaq”.
Onun sözlərinə görə, istintaq hələ də yekunlaşmayıb: “Fakt varsa, cinayət sübuta yetiriləcək. Hazırda Bakı Apelyasiya Məhkəməsində işə baxılır, nəticəni gözləsəniz daha yaxşı olar.
O ki qaldı Ülkər Isayevaya, onu dindirmişəm və heç bir şikayəti olmayıb. O bildirib ki, döyülməmişəm, sadəcə müqavimət göstərdim, onlar da məni sakitləşdirib evə aparıblar. Yəni o, döyülmək faktını qəbul etmir. Biz də tərəfləri dindirib məhkəmə başlayana qədər onları sərbəst buraxmaq barədə qərar qəbul etmişik".

Qeyd edək ki, bəzi məlumatlara görə, Muxtar Məmmədov kriminal avtoritetdir və “Zolotoy Muxtar” ləqəbilə tanınır. Bəzi məlumatlarda isə onun keçmiş hakim olduğu deyilir.
Bakı şəhər Dövlət Yol Polisi Idarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovun isə Avtosfer.az-a verdiyi məlumata görə, sürücü Elin Məmmədov idarə etdiyi “Bentley” markalı, 90 KU 050 dövlət nömrə nişanlı avtomobillə müxtəlif qayda pozuntuları törətdiyi üçün onun barəsində müvafiq tədbir görülüb. Belə ki, Elin Məmmədov barəsində 94 MMX radarı olub. Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi Idarəsində hər bir qayda pozuntusu üzrə qərar qəbul edilib. Bunun nəticəsində sürücü Elin Məmmədov 11 min 600 manat cəriməni dövlətə ödəyib. Bundan əlavə, 2014-cü ilin avqust ayında Bakı şəhər Dövlət Yol Polisi Idarəsinin qəbul etdiyi qərarla Elin Məmmədovun sürücülük şüququ 6 ay müddətinə məhdudlaşdırılıb: “Bu məlumatları yayarkən dəqiqləşdirmək lazımdır. Yayılan məlumatların heç bir əsası yoxdur. Həmin sürücü nə qədər qayda pozubsa, hamısının cəriməsini ödəyib və sürücülük hüququndan da məhrum edilib”.

Gülnarə Məmmədovanın sözlərinə görə, Elin və Zaur hadisənin şokundan çıxa bilmirlər: “Özləri mənə deyillər ki, mama, biz hələ də bu hadisənin təsirindən çıxa bilməmişik. Nə baş verdiyini bilmirik anlamırıq”.
Bir məqamı da qeyd edək ki, Ülkər Isayevanın döyülməsini əks etdirən görüntülər DIN-in Təhlükəsiz Şəhər kameraları tərəfindən qeydə alınıb. DIN-in əlində olan bu görüntülərin mediaya yayılması istər-istəməz suallar doğurur.
Bəzi iddialara görə, Ülkər Isayeva ilə keçmiş həyat yoldaşı arasında münaqişə var. Münaqişənin kökündə övlad məsələsi dayanır. Məlumat üçün deyək ki, onların birgə nigahdan bir qız övladları var. Iddialara görə, Ülkər Isayevanın keçmiş həyat yoldaşı keçmiş komitə sədri Əhməd Əhmədzadənin qardaşı oğludur. Onun yaxın qohumları isə polis orqanlarında yüksək vəzifə tutur.