“Xədicə hökumətin korrupsiyasını ifşa etdiyinə görə həbsdədir”

Almaniyanın «Bild» qəzeti Azərbaycanda hökuməti tənqid edənlərə qarşı repressiyalardan yazır

 
«Xədicə İsmayıl yaxşı bilirdi ki, hökumətin korrupsiyası haqda araşdırmalarına görə günlərin birində həbsxanada oturacaq»
 
Almaniyanın ən tirajlı (2 milyon yarım) qəzeti olan “Bild” araşdırmaçı jurnalist Xədicə Ismayılın həbsi fonunda Azərbaycanda hökuməti tənqid edənlərə qarşı repressiyalardan bəhs edən geniş bir material hazırlayıb. “Korrupsiyanı ifşa etdiyinə görə həbs olundu” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Bu güclü qadın korrupsiyalaşmış rejimə qarşı mübarizə aparır və hazırda böyük təhlükə içində üzür. Söhbət Azərbaycanın ən tanınmış jurnalisti, dekabrın 5-də həbs olunmuş Xədicə Ismayıldan gedir.
O, prezidentin ailəsinin qanunsuz biznes fəaliyyətini üzə çıxarmışdı. Bundan başqa, o bildirirdi ki, deputatların, o cümlədən ölkənin birinci xanımının xaricdə nəhəng biznesi var.
Ötən ilin yayında Azərbaycanda böyük həbslər dalğası oldu. Ölkənin tanınmış hüquq müdafiəçilərinin qanunsuz həbsi barədə məlumat verən azsaylı adamlardan biri məhz Xədicə idi. Bir çox hüquq müdafiəçiləri narkotik saxlama, xuliqanlıq kimi qondarma ittihamlarla həbsxanaya salınıb.
Bu ölkədə təkcə son yeddi ay ərzində tanınmış hüquq müdafiəçiləri, tənqidçi jurnalistlərin demək olar ki, hamısı həbs olunub, onlara qarşı müxtəlif ittihamlar irəli sürülüb.
Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun, “Azadlıq” radiosunun ofislərində axtarış aparılıb.
 
Xədicənin işi
 
Xədicə Ismayıl hələ 2014-cü ildə verdiyi müsahibəsində bildirmişdi ki, hökumət qarayaxma kampaniyasıyla onu susdurmağa çalışırdı. Jurnalistə onun evinə yerləşdirilmiş gizli kamera vasitəsilə yataq otağında çəkilmiş şəkillərdən ibarət məktub göndərilmişdi. Məktubu göndərənlər Xədicə Ismayılı şantaj etmişdi ki, əgər araşdırmalarını dayandırmasa, həmin şəkillər, ümumiyyətlə, yataq otağında çəkilmiş videogörüntülər ictimailəşdiriləcək. Görünür, şantajçılar ümid edirdi ki, Xədicəni bu yolla qorxudacaqlar. Çünki keçmiş sovet ölkəsi olan Azərbaycanda nikahdankənar intim münasibətə pis baxırlar.
Lakin jurnalist daha cəsarətli oldu. Hərçənd, Xədicə onu da yaxşı bilirdi ki, hökumətin korrupsiyası haqda araşdırma yazılarına görə günlərin birində həbsxanada oturacaq. Gözlənildiyi kimi, nəhayət, dekabrın 5-də Xədicə Ismayıl həbs olundu. Ittiham isə belə idi: o, başqa bir jurnalisti özünəqəsd həddinə çatdırıb.
Xədicə Ismayıl barəsində ilkin istintaq dövrü üçün seçilmiş həbs-qətimkan tədbirinin müddəti fevralın əvvəlində başa çatırdı. Lakin məhkəmə bu müddətin daha bir neçə ay uzadılması barədə qərar verdi.
Fevralın 13-də Xədicə Ismayılın vəkili məlumat vermişdi ki, ona qarşı mənimsəmə, vergidən yayınma, vəzifədən sui-istifadə kimi yeni ittihamlar irəli sürülüb. Bu ittihamlarla Xədicə Ismayıl 12 ilədək həbs təhlükəsi altındadır.
Insan haqları təşkilatları Xədicə Ismayıla qarşı ittihamların siyasi motivli olduğunu bəyan edib. Qeyd olunub ki, hökumət bu cür ittihamlar vasitəsilə tənqidçiləri susdurmağa çalışır.
 
Həbsxanadan məktub
 
“ABŞ və Avropadan öyrəndiklərim sayəsində başa düşdüm ki, yaxşı jurnalist olmaq nə deməkdir. Lakin onlardan azad dünya quruculuğu gözləntisində mən məyusluğa düçar oldum”, – deyə Xədicə həbsxanadan göndərdiyi məktubda yazır. Bu məktub “facebook”da yayılıb.
“ABŞ və ya Avropadan gələn dövlət rəsmiləri bircə dəfə də Azərbaycandakı rejimi açıq şəkildə tənqid etməyiblər. Mən hələ onların siyasi məhbusların azadlığa buraxılmasını tələb etməsini demirəm…”, – deyə Xədicə Ismayıl yazır.
O, həbsindən əvvəl açıq şəkildə bəyan etmişdi ki, insan haqları məsələsində Azərbaycan hökumətilə alver etmək lazım deyil, o, bağlı qapılar arxasında insan hüquqlarının müdafiə edildiyinə inanmır: “Açıq və ucadan danışın! Mənim üçün səssiz diplomatiya yoxdur!”
Təcridxanada onun kamerasından bir neçə metr aralıda başqa bir jurnalist Seymur Həzi saxlanılır. Seymur yanvar ayında təcridxanadan birtəhər göndərə bildiyi məktubunda Xədicə haqqında yazırdı: “Azərbaycandakı kimi həddindən artıq patriarxal cəmiyyətdə qadının cəsarətindən, iradəsindən, gücündən söhbət düşəndə adətən bizim ata-babalarımız belə deyirdi: ”Filankəs kişi kimi qadındır". Bundan sonra isə kiminsə güclü xarakteri və ya iradəsindən danışanda deyiləcək ki, “filankəs Xədicə kimi kişidir”.
 
Azərbaycan qeyri-azad ölkədir
 
Beynəlxalq hüquq-müdafiə təşkilatlarının məlumatına görə, hazırda Azərbaycanda ən azı, 100 nəfər siyasi məhbus var. Həmin siyasi məhbusların da ən azı 15-i jurnalistlər, “facebook”, “twitter” kimi sosial şəbəkələrdə hökuməti tənqid etmiş bloggerlərdir.
“Sərhədsiz reportyorlar” təşkilatının mətbuat azadlığı indeksində Azərbaycan 180 ölkə arasında 160-cı yeri tutur. “Freedom House” təşkilatının hesabatında Azərbaycan “azad olmayan ölkələr” sırasına daxil edilib. Bu ölkədə “Azadlıq” BBC, “Amerikanın səsi” kimi radioların yayımına qadağa qoyulub.
“Söz azadlığı, mətbuat azadlığı olmayan bir şəraitdə biz öz işimizi görməyə çalışırıq. Bu ölkədə jurnalist araşdırmalarını dərc edə biləcək media orqanı tapmaq çətindir”, – deyə Xədicə Ismayıl bildirib.
“Hesab edirik ki, Xədicə Ismayıla qarşı irəli sürülmüş ittihamlar absurddur”, – deyə Almaniyada yerləşən Pen-Mərkəzin vitse-prezidenti Saşa Feyxert “Bild”ə açıqlamasında deyib.
Rejim hesab edir ki, bu cür üsullarla söz azadlığını və tənqidçi jurnalistikanı məhv edə bilər.
“Xədicə Ismayıl Ilham Əliyev rejiminin korrupsiyasını ifşa edirdi. Aydındır ki, onlar bundan narahat olurdular. Biz Xədicə Ismayılın dərhal azadlığa buraxılmasını tələb edirik. Xədicə və həmkarlarının maneəsiz fəaliyyətinə imkan verilməlidir”, – deyə Feyxert əlavə edib.