Demokratiya tərəzisi

Təbii ki, günün mövzusu Türkiyədir. Hamı Türkiyədən yazacaq. Ona görə də mən bu məsələnin üstündə çox dayanmayacağam. Prinsipcə, olduqca asan bir mövzudur və kafi dərəcədə aydındır. Aydın olmayan isə tamam digər bir məsələdir. Necə olur ki, eyni bir dildə danışan, eyni inanca tapınan, eyni bir mədəniyyətə söykənən iki xalqdan biri demokratiyaya hazır olur, o birisi isə belə qabiliyyətdə buluna bilmir?

Bəli, deyəcəksiniz ki, Türkiyənin zəngin və olduqca mürəkkəb dövlətçilik tarixi var. Olsun. Amma bir çox yeni dövlətlər var ki, onlar da çox düzgün seçki keçirirlər. Elə ona görə səbəb axtarmağa və baş sındırmağa dəyməz – hər şey olduqca sadədir. Nə qədər ki, azadlığın tərəzisi bu hakimiyyətin əlində olacaq, biz demokratiya-filan görməyəcəyik və haqq səsi eşitməyəcəyik. Ona görə də “bu xalq hələ demokratiyaya hazır deyil!” demək əvəzinə “xalq bu hakimiyyətdən hələ zəifdir” demək, mətləbi daha dolğun ifadə edərdi.

Indi dərin bir fəlsəfəyə də ehtiyac yoxdur. Fəlsəfə bu hakimiyyətin siyasi mentalitetindədir. Bunlar öz siyasi mentalitetini bizə milli mentalitet kimi sırımaq istəyirlər. Fərq siyasi mentalitetlərdə, idarəçilik fəlsəfələrindədir. Adam monoton maarifçilikdən də bezir, yoxsa qısaca olsa da bir-iki yaxşı misal çəkərdi. Amma M.Axundzadə demişkən, əgər dünya nəsihətlə düzəlsəydi, onda iranlılar bu gün ən öndə gedən xalq olardılar!

Bir məsələ məni çox düşündürür. Nə daha effektlidir: monoton bir maarifçilik, yoxsa şəxsi nümunə? Mənə elə gəlir ki, şəxsi nümunə daha effektlidir. Necə ki, məktəbdə şagirdlər biliyi əyani şakildə daha yaxşı qavrayırlar, millətlər də şəxsi nümunəyə daha həssas olurlar. Amma bir məsələ də var ki, ruslar öz tarixlərini ədəbiyyatlarının təsirilə yozurlar, necə ki, fransızlar də hər şeyi Volterin adına yazmağı xoşlayırlar. Bəli, ruslarda Qoqol, fransızlarda Volter! Hətta, səhv etmirəmsə, filosof Rozanov Rusiyada inqilab baş verən vaxt Qoqola müraciətlə yazmışdı: “Kəkilli yaramaz, sən haqlı çıxdın!”

Bilirsiniz, başqa xalqın təcrübəsindən olsa da, bu, çox ibrətamiz bir detaldır. Deyəsən, oxşar bir epizod elə bizim molla nəsrəddinçilərlə füyuzatçılar arasında da baş verib. Ötən əsrin 20-ci illərinin sonunda Bakıya gələn Əlibəy Hüseynzadə Mirzə Cəlilə deyib ki, “mirzə, siz haqlı çıxdınız!” Indi mən bilmirəm, bu, həqiqətən olub, ya yox?! Hər halda, mən belə oxumuşam.

Fikir verdinizsə, son sətirləri yazmaqla bir qədər özümlə ziddiyyət təşkil etdim. Sadəcə, mən yanaşmanı göstərmək və bir çox hallarda məsələnin yanlış bir müstəvidə araşdırılmasını nümayiş etdirmək istədim. Ötən yazılarımın birində yazmışdım ki, Belinskinin Qoqola məşhur məktubu olmasaydı da oktyabr inqilabı olacaqdı! Indi də elə həmin fikirdəyəm. Mənə elə gəlir ki, tarixin paradokslarını tarix adamlarının, dövlət adamlarının, siyasətçilərin, sərkərdələrin hərəkətlərində axtarmaq daha çox düzgün olardı. Tarixi onlar yaradırlar, digərlərisə ola bilsin, tarixi şərh edirlər və təsvir edirlər. Amma onu yaratmaq şərəfini heç də bölüşmürlər, bu, tarix adamlarının şəriksiz imtiyazıdır. Təbii, bəzən son sözü cəmiyyətlər deyir və bu, o hallarda baş verir ki, dövlət adamları “nitq” qabiliyyətlərini itirirlər. Nə demək və nə etmək lazım olduğunu bilmirlər və yaxud da hər şeyi lap yanlış edirlər.Azərbaycansayağı mühafizəkarlıq

Bəli, bu hakimiyyət, bu hakim partiya dəyişiklik tərəfdarı deyil. Bunların bir məqsədi var: dəyişikliklərin qarşısını almaq, hər şeyi olduğu kimi saxlamaq və bizim hamımızı öz “ideologiya”larına tapındırmaq! Amma biz liberallarıq! Bizimlə bu “nömrə” keçməyəcək! Mən bu sətirləri niyə yazdım? Bizlər daha çox adamı sakitləşdirmək üçün heç nəyin dəyişməyəcəyinə vədlər verib bu yolla onları öz tərəfimizə çəkməyə cəhd etməliyik, yoxsa total dəyişikliklər ideyasını bu cəmiyyətə aşılamalıyıq? Hər halda, bunun haqqında düşünmək olar. Hər şeyin olduğu kimi qalmasını istəyənlərə biz lazım deylik, indikilər onları qane edir. Dəyişiklik istəyənlər isə bizi özününkü kimi görmür, onların gözündə biz də mühafizəkar görünürük.