Hər kəs Tahir Salahovdan dərsini alsın

Azərbaycanın yeni tarixinə bir utanc və rəzalət səhifəsi kimi düşən Venesiyadakı məlum senzura olayının qurbanı Aydan Salahova kimdir? Tahir Salahovun qızı!Tahir Salahov kimdir? Illərini ata və oğul Əliyevlərə xidmətdə keçirmiş, Azərbaycanda 40 illik bir Şər rejiminin güclənməsi və böyüməsi üçün əlindən gələni etmiş xalq rəssamı! Haqqında “Rəssamlığın Zəlimxan Yaqubu” desək, yeri var.

Aşağıdakı abzas Tahir Salahovun zəngin mədhiyyə yaradıcılığından kiçik bir hissədir, oxuyun feyziyab olun: “Ulu öndər Heydər Əliyev XX əsrin ən böyük şəxsiyyətlərindən biridir. Məhz ümummilli liderin müdrik siyasəti nəticəsində respublikamız dünya birliyində layiqli yerini tutmuşdur. Ulu öndərin gərgin fəaliyyəti sayəsində əsaslı inkişaf yoluna qədəm qoyan Azərbaycan son illərdə daha da inkişaf edir, dünya birliyində mövqeyini daha da möhkəmləndirir. Bu da, cənab prezident, sizin fəaliyyətinizin nəticəsidir. Mən xüsusən sizin mədəniyyət və incəsənətə, bu sahədə xidmətləri olan sənət adamlarına hərtərəfli qayğı göstərməyinizi qeyd etmək istəyirəm”.

Tahir Salahov bu sözləri ona “Heydər Əliyev” ordenini təqdim edərkən Ilham Əliyevin hüzurunda söyləyib. Eyni Ilham Əliyev indi onun qızının əsərlərini bəyənmədiyi üçün bir sərgidən  yığışdırtdırır. Qısası, atanın “mədəniyyətin hamisi”, “incəsənətin dostu” deyə vəsf elədiyi adam, onun qızının qarşısına “mədəniyyətin düşməni”, “incəsənətin qənimi” kimi çıxır. Atanın qazdığı quyuya onun övladı düşür. Atanın günahlarının bədəlini onun qızı ödəyir. Öz çıxarları naminə xalqın və sənətin maraqlarını satmağın məntiqi nəticəsidir bu!

Bəzən “övladlar atalarına görə cavabdeh deyil” deyirlər, haqlıdırlar. Amma atalar övladlarına görə cavabdehdirlər axı. Atalar övladlarına hürr bir ölkə, hüququn hər şeyin üstündə olduğu, azadlıqlara sayğı duyulduğu, ədalətin zəfər çaldığı, insanların özgürcə yaşayıb-yarada bildiyi bir ölkə buraxmağa borcludurlar.

Ancaq bunun əvəzində onlar öz çıxarları, mənfəətləri naminə zülmə züy tutarlarsa, yalana qaz verərlərsə, sonunda çanağın ən birinci öz başlarında, öz övladlarının başında çatlayacağı da dəqiqdir. Nə də olmasa, külək əkər, fırtına biçər.

Bilmirəm, ola bilər, Tahir Salahov düşünürmüş ki, onsuz da nə özü, nə övladları Azərbaycanda yaşayıb-yaratmırlar, odur ki, bu istibdad rejiminə yarınıb onun ayaqda qalmasına yardımçı olmalarının zərərini də görməyəcəklər. Fikirləşirmiş ki, mən tərifləyim, ordenimi, medalımı alım, qaz vurub qazan doldurum, nə də olmasa, bu rejimin altını Azərbaycanda yaşayanlar çəkirlər, bu rejimin faturası yalnız xalqa kəsilir. Ağlına da gəlmirmiş ki, irticanın əlləri Venesiyaya qədər uzana bilər.

Amma göründüyü kimi, zülmün və zülmkarın vətəni yoxdur. O, sizi Bakıda mükafatlandıra, övladınızı isə Venesiyada cəzalandıra bilər. O, sizi Bakıda yağ içində böyrək kimi bəsləyə, övladınızı isə Venesiyada üstünə yağ sürtülmüş çörək kimi çeynəyə bilər.

Şər rejimlərinin özəlliyi budur: heç kim onun zülmündən sığortalanmayıb. Hər kəs onun zülmündən dadacaqdır. Özü də olmasa, övladlarına sıra gələcəkdir.Dediyim odur ki, Tahir Salahov nümunəsi hər bir azərbaycanlı ataya dərs olmalıdır, ibrət olmalıdır. Hər kəs baş verənlərdən nəticə çıxarmalıdır. Papağını qarşısına qoyub yaxşı-yaxşı fikirləşməlidir.

Anlamalıdır ki, Tahir Salahov nümunəsi hər bir azərbaycanlı ataya açıq mesajdır. Mesajdır ki, siz bir tərəfdən öz çıxarlarınız, maraqlarınız naminə Şərə şərik olarkən, o biri tərəfdən də övladlarınızın gələcəyinin qaralmasına ortaq olursunuz. Siz Şərə xidmətdən qazanırsınız bəlkə, amma övladlarınız itirir. Siz Şərə xidmətdən irəli düşürsünüz bəlkə, amma övladlarınız da zibilə düşür.Bundan sonra heç bir azərbaycanlı atanın öz yaltaqlığını, öz köləliyini, öz merkantilliyini “mən çanağın övladlarımın başında çatlayacağını hardan biləydim?” deyib malalamaq lüksü qalmamışdır. Yoxsa adamın gözünə Tahir Salahov nümunəsini soxarlar, “mıkk” da eləyə bilməz.