Martın 12-də AXCP fəalı Murad Ədilovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Vəkil Yalçın İmanovun "Azadlıq"a verdiyi məlumata görə, prosesdə ittiham və müdaifə tərəfinin şahidləri dindirilib. Əvvəlcə Murad Ədilovun saxlanılmasında iştirak edən Sabirabad Rayon Polis İdarəsinin əməkdaşı və əməliyyatda iştirak etmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin iki əməkdaşı ifadə verib. Daha sonra Murad Ədilovun anası Tahirə Ədilova və həyat yoldaşı Təranə Ədilova ifadə veriblər. Müdafiə tərəfi narkotik maddənin Murad Ədilova aid olmadığını, əməliyyatçılar tərəfindən onların evinə atıldığını bildiriblər. Növbəti məhkəmə prosesi aprel ayının 7-nə təyin olunub. Xatırladaq ki, AXCP fəalı Murad Ədilov Cinayət Məcəlləsinin (CM) 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddə saxlama) ilə təqsirləndirilir.