Bu milləti bahalaşma yox, hadı rəcəblilər oyadacaq…

xaqaniquzeyli@gmail.com
 
Sabaha Milli Şuranın bahalaşmaya etiraz mitinqi təyin edilib. Mitinq icazəli olsa da, orada yüzminlərlə insanın iştirakı o qədər də inandırıcı görünmür. Lakin bu o demək deyil ki, yalnız mitinqdə iştirak edənlər iqtidarın apardığı siyasətdən narazıdır, qalanları isə rejimi ürəkdən dəstəkləyir. Nəzərinizə çatdırım ki, bu ölkədə təkcə evi “qanunsuz tikili” adıyla sökülənlər və mənzil fırıldağının qurbanı olanların, onların ailə üzvlərinin sayı yüz mini keçir. Buraya ölkədəki işsizləri, rejimin monopolist siyasətinin qurbanı olan sahibkarları, amansız kredit şərtlərinin əzdiyi və ölkənin qul bazarlarındakı insanları da əlavə etsək, rəqəm bir neçə dəfəyə qatlanar.
Mən son günlərdəki bahalaşmadan danışmıram. Bunun insanların cibinə vurduğu zərbəni özünüz hesablayın. Hətta bütün bunlara baxmayaraq, mən ölkədəki köklü dəyişiklikləri iqtisadi amillərə bağlamıram. Bilirəm, sizə qəribə gələcək, amma mən bu xalqın nə zaman ayağa qalxacağı haqda fikirlərimi sizinlə bölüşməkdə israrlıyam. Bunu mənim subyektiv fikirlərim kimi də qəbul edə bilərsiniz.
Quba və Ismayıllı hadisələrindən başlamaq istəyirəm. Yəqin xatırlayırsınız, hər iki halda nə sosial, nə də siyasi tələblər irəli sürüldü. Sadəcə, insanlar ayağa qalxdı və Ilham Əliyevin təyin etdiyi iki icra başçısını devirdi. Görüntü belə idi ki, icra başçıları və onların yaxınları tərəfindən əhali açıq şəkildə təhqir olunmuşdu. Diqqət yetirin, dözülməz sosial şəraitə baxmayaraq, xalq “acından ölürük” demədi, “təhqir edilirik” dedi.
Yəni anlayacağınız, bizim xalq çox qürurludur və ondan ötrü istənilən fədakarlığa hazırdır. Hətta iqtisadi vəziyyət bundan sonra daha dözülməz olsa da, xalq bunu əlində bayraq etməyəcək. Münasib məqam gözləyəcək və birdən ayağa qalxacaq. Nəzərə alsaq ki, məmur harınlığı günü-gündən daha da artır, deməli, həmin gün o qədər də uzaqda deyil. Deməli, “bəhanə” problemi də olmayacaq.
Milli Məclisin deputatı Hadı Rəcəblinin müəllimlər haqqında söylədiyi aşağılayıcı mülahizələrlə yəqin ki, tanışsınız. Deputat kişi müəllimlərə acından ölməməyin yolunu göstərdi, dedi ki, getsinlər, işdən sonra hamballıq eləsinlər. Mən yüz faiz əminəm ki, sabah bir başqası, məsələn Etibar Hüseynov kimisi də çıxıb (seçim təsadüfi deyil, ən azı, ona görə ki, o, qırmızı-qırmızı H.Rəcəblinin müdafiəsinə qalxdı-X.Ə) qadın müəllimələr haqqında da hansısa “təklif”lər irəli sürə bilər.
Hadı Rəcəbli bu hərəkətilə, obrazlı desək, “yatmış şir”i təpiklədi, amma bəxtindən şir oyanmadı.
Inanmıram ki, şüuru olan bəşər övladının ağlına yatmış şiri təpikləmək kimi axmaq bir fikir gəlsin. Nəinki yatmış, hətta ölü şirə də yaxınlaşmaq insan üçün çox çətindir.
Şirdən söhbət düşmüşkən, 1988-ci ilin Meydan hərəkatından sonra beynəlxalq aləm xalqımızdan bəhs edərkən yanına mütləq bir “yatmış şir” epitetini də yapışdırırdılar. Bir il sonra bizi dünyada “ilin xalqı” elan etdilər. Bunun nə demək olduğu haqda təsəvvür yaratmaq üçün bir misal çəkəcəm. Bir neçə il əvvəl Yaponiyada baş vermiş dağıdıcı sunami və zəlzələlər, eləcə də Fukuşima atom stansiyasındakı qəzaları yəqin ki, xatırlayırsınız. Çoxları Yaponiyanın bu dəhşətlərdən sonra özünə gələcəyinə inanmırdı. Lakin yapon xalqı heyrətamiz bir iradə və təmkin ortaya qoydu. Onlar dünyanın ən dəhşətli fəlakətinə qalib gəldilər. Su altında qalan evlərdəki qiymətli əşya və pulları belə, sahiblərinə qaytardılar.
Təsəvvür edə bilirsinizmi, Hadı Rəcəbli müəllimlər haqda olay yaradan fikrini 1988-1992-ci illər arası söyləsəydi, nələr olardı? O illərin canlı şahidi və iştirakçısı kimi yalnız onu deyə bilərəm ki, onminlərlə insan Milli Məclisin binasını üzük qaşı kimi mühasirəyə alardı, parlament istefaya getməyincə evlərinə dağılışmazdı.
Xalq əvvəlki xalqdır və nələrin baş verdiyinin gözəl fərqindədir. Elə çıxmasın ki, kimisə qorxutmaq istəyirəm. Xeyr. Əksinə, mən özüm qorxuram…