Milli Şuranın 15 mart “Talana son” mitinqinə çağırışlar kütləvi xarakter alıb. Xüsusən də sosial şəbəkələrdə bir mitinq havası əsir. Milli Şura üzvlərindən Qələndər Muxtarlı da saytımız vasitəsilə bu çağırışlara qoşulur.
Qələndər Muxtarlının fikrincə, 15 mart mitinqi millətimiz üçün böyük bir sinaqdır: “Hakimiyyət nümayəndələrindən heç kim 20 ildən artıq bir dönəmdə Azərbaycanda cərəyan edən proseslərin əsl mahiyyəti haqqında doğru olanı söyləmək istəmir! Əslində vəziyyət olduqca çətindi. Geosiyasi reallıqların yaratdığı və diqtə etdiyi mənzərə isə olduqca narahatvericidir, düşündürücüdür. Vaxtilə bizim nəsil Azərbaycanın dövlət müstəqilliyinin bərpasından yana Milli Azadlıq Hərəkatına nə qədər önəm verirdisə, indi ondan daha artıq fədakarlığı Azərbaycanın demokratikləşməsi üçün etməliyik. Bu gün ölkənin içtimai-siyasi həyatında, millətin, dövlətin taleyində fəal iştirak etmək rejim tərəfindən təhlükə kimi qəbul edilir. Biz millət olaraq problemlərimizə, milli dəyərlərimizə və gələcəyimizə sahib olma haqqını özümüzə qaytarmalıyıq. Bütün hallarda ölkədəki ədalətsizliyi görüb susmaq bu ədalətsizlikdə iştirak etməkdir! 15 martda hamılıqla meydana gəlib, millət olaraq varlığınızı isbatlamalıyıq”.