Qarşıdan gələn Avropa Oyunlarının ölkəmizə xeyir gətirməyəcəyini anlamaq üçün ekspert, ya da xaricdə təhsil almağa ehtiyac qalmayıb. Bu idman tədbirinə görə fərdi müstəvidən tutmuş struktural səviyyəyə kimi o dərəcədə mənfi hadisələr baş verməkdədir ki, artıq 9 milyon əhalinin əksəriyyəti bu yarışların zərərli olacağını düşünür. Keçək əsas mətləbə. Apardığım kiçik sosioloji araşdırmada, son illər ərzində keçirilən futbol üzrə Dünya Çempionatı və Olimpiadaların sosial-iqtisadi və maliyyə cəhətlərinə yanaşaraq, bu yarışın ölkəmiz üçün nə dərəcədə ziyanlı olacağını göstərməyə çalışacam. Bununla paralel olaraq isə bizim hökümətin xərclərini nəzərə çatdıraraq, nə dərəcədə ziyana düşəcəyimizin miqyasını göstərməyə çalışacam. İstənilən böyük yarış və tədbir ölkəyə bu mənbələrdən gəlir gətirə bilər; yarış ərzində gələn turistlər, rəsmilər, idmançılar və yayım haqqı. Gəlin indi bunlara ayrı-ayrı nəzər yetirərək, hansı ölkəyə nə qədər gəlir gətirdiyinə baxaq. Turistlər- Dünyanın yaxşı tanıdığı, dünyanın əksər ölkələrindən birbaşa uçuşların, daha inkişaf etmiş infrastrukturun olduğu Cənubi Afrika, 2010-cu il dünya çempionatı zamanı 310.000 turist qəbul etmişdisə, dünya güclərindən olan Almaniya 2006-cı il mundialında təxminən 2 milyon turist qəbul etmişdi. London Olimpiadasında isə sırf yarışlar üçün 590.000 turist gəlmiş, təxminən 1290 evro (adambaşı) xərclənmişdi. Ortalama turist xərcini 1000 AZN götürsək, Cənubi Afrika 310 milyon, Almaniya 2 milyard və Böyük Britaniya 590 milyon pul əldə etmişdir. Nəzərə çatdırım ki, bu ölkələr dünyanın inkişaf etmiş ölkələridir və ilboyu turist axınına şahidlik edirlər. Azərbaycana isə il ərzində 1 milyondan biraz çox turist gəlir (inanmıram bu statistikaya hərçənd, metodoloji təhriflər ilə bu rəqəmi böyütmək elə də çətin deyil). 50 ölkənin hər birindən 100 turistin gələcəyini və hər birinin 1000 AZN xərcləyəcəyini fərz etsək, bu 5000 X 1000= 5 milyon AZN deməkdir, yəni 640 milyonluq stadionun heç onda biri etmir. Bu rəqəmi 2-3 qat artırsaq belə, yenə də itkiləri örtəcək dərəcədə deyil. Qonaq komandalar- Biz bu kateqoriyadan pul götürməyəcəyik, sağolsun ANALOQSUZ qonaqpərvərlik. İtirəcəyimiz isə vahiməlidir. Təxminən 5.000 idmançı gələcək və hər birinə 39.000 AZN xərclənəcəyi deyilir. Hələki heç bir rəsmi şəxsin bunu təkzib etməməsi, ictimaiyyətdə bu rəqəmin düzgün ola biləcəyinə (yaxud həqiqətən də xərclərin yüksək olduğuna dair) dair fikir yaradır. Yəni, 117 milyon AZN xaricilərə xərclənəcək. Federasiya nümayəndələrinə gəlincə isə 50 ölkədən ortalama 20 nəfər gəlsə, 16.000 AZN-dən götürsək (mediada belə deyilir) 16 milyon AZN edir. Toplam 133 milyon AZN xaricilərə xərclənəcək. 133 milyona nə etmək olar, bunu artıq siz düşünün. Sadəcə olaraq deyim ki, bu pula təxminən 800 bakalavr, 800 magistratura, 800 doktorantura tələbəsini Böyük Britaniyaya göndərmək olar. QEYD; Ümidvaram rəsmilərdən kimsə çıxıb bu rəqəmin əslində yalan olduğunu, gerçək rəqəmin aşağı olduğunu deməklə yanaşı, çəkiləcək xərcləri də ictimaiyyətlə bölüşər. Yayım haqqı- Təəssüf ki bu barədə məlumat tapmaq biraz çətin olduğundan çox şey yaza bilməyəcəm. Lakin, əldə etdiklərim və bazar qanunlarını (bazara ilk girən böyük risk alır) nəzərə alaraq fikir yürüdə bilərik. Dünyanın baxdığı və gəlirlilik qabiliyyəti sübut olunmuş Olimpiya yarışları üçün ödənilən ən böyük yayım haqqına fikir verək. 2010 Vankuver Qış Olimpiyadası və 2012 London Yay Olimpiyadasının yayım haqqı toplam $3 milyard 910 milyon olmuşdur (bu, bir çox kanalın yayım haqqı üçün ödədiyi məbləğin cəmidir). 2006 Qış Turin Olimpiyadası və 2008 Pekin Yay Olimpiyadası üçün isə bu məbləğ toplam $2 milyard 570 milyon olmuşdur. Bu məbləği qaldıranlar isə böyük Amerikan teleşirkətləridir (təkcə NBC 2 milyarddan çox xərcləyib). Bu pulun
isə yalnız müəyyən qismi təşkilatçı ölkəyə qalır (milli büdcəyə və oradan da xalqa nə qədəri və hansı formada çatır mürəkkəb məsələdir). İlk dəfə keçiriləcək, gəlirlilik qabiliyyəti naməlum olan və Amerika, Yaponiya, Cənubi Koreya və Avstraliya kimi böyük tamaşaçı kütlələri üçün maraq kəsb etməyən (və buna görə də bu ölkələrin imkanlı kanallarının bu yarışı canlandıracağı inanılacaq bir şeyə oxşamır) Avropa Yay Oyunlarının, bu yolla ölkəmizə böyük gəlirlər gətirəcəyinə şübhə ilə yanaşıram. Gələk indi hər dəfə qiyməti yadımda düşəndə dəli olduğum stadiona. 640 milyon dollar xərclənən stadionun 68.000 nəfərlik tutumu var. Dünyanın göz bəbəklərindən olan Old Trafford (76.000), Emirates (60.360), Nou Camp (99.500), San Siro (80.020) və Türk Telekom Arena (52.652) azarkeş tutumuna malikdir. Bu stadionlarda ortalama bileti 30 AZN-dən götürsək, hər oyuna maksimum 2.985.000 AZN, minimum isə 1.579.560 AZN gəlir əldə edilir və bu gəlir stadion sahibinə gedir. Azərbaycanda isə milli liqanın futbol oyununa maksimum 20.000 azarkeş gəlir ya gəlmir, o da ki prinsipial derbi oyunlarında olar. Və çempionatımızda 9 komanda var, 18 ya 20 yox. Bu da o deməkdir ki, 640 milyonluq stadionu ələ keçirəcək istənilən komanda oranın heç yarısını doldurmayacaq. Doldursa belə, stadion üçün xərclənən pulun müqabilində elə cüzi gəlir əldə edəcək ki, oradan veriləcək vergi heç xalq tərəfindən hiss edilməyəcək. Azərbaycanda ən yaxşı halda, 1000 nəfər biletə hər həftə 30 azn verər. Bir də ki, Olimpiya Komitəsindən verilən məlumata əsasən, 600.000 bilet satışa çıxarılacaq. Hər birinin qiymətini 20 manatdan götürsək, bu 12 milyon manat edir. Yüksək məbləğdir və ümidvaram bu qədər olar, lakin, çəkilən xərclərin müqabilində xeyli aşağıdır. Təbii ki, böyük idman tədbirlərinin əsas təsiri yarışlar bitdikdən sonra hiss edilir. Çox istəyərdim inanım ki, bu qədər çəkilən xərclər, alınan təzə avtobuslar və digər dəyişikliklər, ölkəmiz üçün müsbət gələcəyin sütunlarından biri olsun. Buna isə inanmaq sadəlövhlük olardı, ən azından yaxın tarix bunu deyir. Mənbələr; Sportcal tədqiqat mərkəzi, müxtəlif sosioloji tədqiqatlar, müxtəlif xarici ekspertlər, Wall Street Journal, Forbes və müxtəlif dövlətlərin Milli Olimpiya Komitələri.
Turab