Əliyevin sözü yenə də eşidilmədi

Hakim ailəyə yaxın şirkət qiymətləri qaldıracağını bildirdi

 
Neftin qiymətdən düşməsi ölkənin bütün sahələrini iflic vəziyyətə saldı. Məlum oldu ki, “analoqsuz inkişaf”ımız neftdən asılı imiş. Amma Ilham Əliyev neftin ucuzlaşmasının əhaliyə təsir etməyəcəyini, milli valyutanın sabit qalacağını vəd vermişdi. Az keçmədi manat 34 faiz ucuzlaşdı və nəticədə əhaliyə ciddi zərbə dəydi. Eyni zamanda bazarlarda bahalaşma müşahidə olundu və bu da əhalinin ciddi narazılığı ilə müşahidə olundu. Belə bir vaxtda ölkə başçısı yenidən dilə gəldi və bildirdi ki, heç süni qiymət artımına yol verə bilməz. Hətta qiymətləri artıranların cəzalandırılacağını da bildirdi.
Baş verənlər isə onu göstərdi ki, prezidentin barmaq silkələməsi qiymət artıranları silkələyə bilmədi. Əvvəlcə siqaret satışında artım hiss olundu və bahalaşmaya start verildi.
Bugünlərdə isə hakim ailənin “Azərsun Holdinq” şirkəti qiymətləri qaldıracağının anonsunu verdi. Bu haqda “Caspian Energy Forum-2015"də şirkətlər qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl məlumat verib. Bununla belə, onun sözlərinə görə, rəhbərlik etdiyi holdinqin xarici bazardan asılılığı yarıbayarıdır. Buna görə də istehsal edilən məhsulların qiyməti dolların bahalaşması qədər, yəni 34% deyil, təxminən 15-17% artacaq. Onu da qeyd edək ki, hazırda Azərbaycanın qida bazarının böyük hissəsinə nəzarət edən ”Azərsun" şirkəti yağ, çay, qənd, şəkər tozu, ət konservləri, turşular, duz və digər ərzaq malları istehsal edir. Şirkətin belə bir qərar verməsi isə bazara təsirsiz ötüşməyəcək.
Bir daha xatırladaq ki, ölkə başçısı bir müddət əvvəl belə söyləmişdi: “Monitorinq keçirilir və süni şəkildə qiyməti artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcək. Son illər Azərbaycanda istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal olunur. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq. Bu vəziyyətdən bəzi spekulyatlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etmişlər”.
Göründüyü kimi, qiymət artımını ilk dəfə rəsmi şəkildə anons edən hakim ailəyə məxsus şirəktdir. Xatırladaq ki, 2013-cü ildə jurnalist araşdırmaları “Azərsun” şirkətinin Əliyevlər ailəsinə məxsus olduğunu ortaya çıxarmışdı. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun müxbiri Stefan Candeanın araşdırmasından bəlli olur ki, holdinqə rəhbərlik edən Gözəl ailəsi əslində Leyla və Arzu Əliyevanın işçiləridir. 
Belə çıxır ki, Ilham Əliyev öz nəzarətində olanları da söz keçirə bilmir. Bir daha qeyd edək ki, “Azərsun Holdinq” bütün ərzaq məhsullarının satışı ilə məşğuldu və deməli, bütün məhsullarda qiymət artımı müşahidə olunacaq. 
Bəs, Ilham Əliyev hansı möhtəkirləri, natəmizləri, spekulyantları cəzalandıracaq? Bəlkə bu məsələdə də “seçim” ediləcək? Xırda mağazalar, kiçik köşklər, əlində saqqız satanlar cəzalandırılacaq, bazarı inhisara alan böyük holdinqlər isə qazanmağa davam edəcək.
Ən əsası isə budur ki, prezidentin sözünün kəsərsiz olduğu, vədlərinin həqiqətə söykənmədiyi bir daha aydınlaşdı. 
Bir sözlə, Əliyevin bu tapşırığı da əvvəlkilər kimi  müvəqqəti pəhriz oldu və natəmizlərə, möhtəkirlərə geniş imkanlar açıldı.
Gərək ölkə başçısı milli valyutanın sabit qalacağı ilə bağlı vəddən sonra qiymət məsələsinə girişməyəydi. Söz də pul kimi havaya sovrulanda qiymətdən düşür.
S.Novruz