«Azərbaycanın ABŞ üçün mühüm strateji tərəfdaş olduğu müəyyən qədər şişirdilib»
Elmar Şahtaxtinski: «Vaşinqton Bakıdakı rejimin cinayətlərinə sanki özünü şərik qoşur»
"907-ci düzəliş ləğv olunmalı, sanksiyalar isə rejimə qarşı tətbiq edilməlidir"
Amerika Azərbaycanlıları Demokratiya Uğrunda – AZAD təşkilatının rəhbəri Elmar Şahtaxtinski “Azadlıq”a müsahibəsində Azərbaycan-ABŞ münasibətlərinin son durumunu və Bakı rəsmilərinin antiQərb ritorikasını şərh edib.
“ABŞ-la münasibətlər bir çox miflər üzərində qurulub”
– Son illər Azərbaycan hakimiyyəti Vaşinqtonda özünün imicini formalaşdırmaq naminə milyonlarla vəsait sərf edib və Qərb üçün artan əhəmiyyətindən ağız dolusu bəhs edib. Bu fonda son aylar ərzində Bakı rəsmilərinin antiQərb ritorikasını necə anlamaq olar?
– Azərbaycanın ABŞ-la münasibətləri ümumən bir çox miflər üzərində qurulub. Bu, həm Bakının, həm də Vaşinqtonda Azərbaycanla bağlı dairələrin özlərinin yaratdığı miflərdir.
Ən böyük mif Azərbaycanın Amerika üçün strateji əhəmiyyəti haqqında deyilənlərdir. Hərçənd bu ölkə ərazisinə, əhalisinin sayına, iqtisadiyyatının inkişafına, eləcə də mədəni baxımdan “yumşaq gücü”nə görə regionda heç də elə bir təsiredici rola sahib durumda deyil.
Amerikanın strateji müttəfiqi deyəndə həmişə nəhəng dövlətlər nəzərdə tutulub: Türkiyə, Avropa ölkələri, Yaponiya, hətta Yaxın Şərqdə Misir, Səudiyyə Ərəbistanı, Pakistan və s. Bu ölkələrin hamısı öz regionlarında obyektiv gücə sahibdirlər: əhalisinə, ərazisinə, hərbi gücünə, eləcə də iqtisadi, mədəni-sosioloji nüfuzuna görə.
Indiki Azərbaycanda Türkiyənin də, Rusiyanın da təkcə iqtisadi deyil, həm də mədəni-ictimai nüfuzu var. Azərbaycan özü isə heç bir ölkəyə belə bir təsir göstərmir. Beləliklə, ölkənin ABŞ üçün mühüm strateji tərəfdaş olduğu müəyyən qədər şişirdilib.
Bu mif isə iki mənfi nəticəyə gətirib: Əvvəla, ABŞ-da müəyyən dairələr, eləcə də lobbi qrupları Azərbaycanda baş verənlərə, xüsusilə də insan haqları pozuntularına göz yumublar. Ikincisi, bu, Bakıdakı rejimdə özünəarxayınlıq yaradıb, belə ki, hakimiyyət öz əhəmiyyətini əsas gətirərək, ABŞ-ın hər zaman onun yanında olacağını, pozuntulara göz yumacağını güman edirdi.
Problem ondadır ki, əgər bir gün Azərbaycan həqiqətən də çətin vəziyyətə düşərsə, o zaman ölkənin ABŞ-da əhəmiyyətini şişirdən bir neçə lobbi qrupu və yaxud Vaşinqtonun hökumət dairlərində müəyyən səbəblərdən bu mifə qulluq edən insanlar deyil, daha ciddi dairələr vəziyyətə qiymət verəcəklər və reallığı əsas tutacaqlar. Bu isə o deməkdir ki, o zaman Azərbaycana ABŞ-dan gözlədiyi kömək gəlməyəcək…
– Yəni sadə dillə desək, Bakının rəsmi siyasəti ölkənin milli maraqları və təhlükəsizliyi baxımından “pis gün” üçün heç bir tədarük görməyib?
– Bəli, pis gün üçün bu yalançı əlaqələr Azərbaycana heç bir təminat vermir.
Nulandın səfəri “böyük səhv” idi
– Amma Bakıda hakimiyyət hazırkı antiQərb siyasətini ölkənin milli təhlükəsizlik maraqları ilə izah edir. Göz görə-görə qərbyönümlü siyasi xətdən uzaqlaşma hakimiyyət üçün niyə bu qədər vacib idi?
– Əlbəttə, bu, Azərbaycanın milli maraqlarına qəti ziddir. Indiki hakimiyyət faktiki olaraq ölkədə qərbyönümlü, tərəqqipərvər qüvvələri dağıtmaqla özünə yeni bir cəmiyyət yaratmaq istəyir. Belə ki, yalnız diktaturaya meyl göstərən, korrupsiya, oğurluqla barışan bir əhali təbəqəsinə bel bağlayırlar: Belələri önə çəkilməli, onların opponentləri isə sıradan çıxarılmalıdır. Beləcə, Azərbaycan əhalisinin ümumən demokratiyadan uzaq səmtlərə – Rusiyaya, Irana doğru çəkilməsi siyasəti yürüdülür.
Çox təəssüf ki, bu xəttin Azərbaycanın özünə yetirdiyi zərərlərlə yanaşı Qərbin regionda maraqlarına vurduğu zərbəni dərk etməkdənsə, ABŞ-ın Azərbaycana indiki münasibəti də sanki rəsmi antiQərb siyasətini dəstəkləyir. Dövlət katibinin müavini Viktoriya Nulandın sonuncu Bakı səfəri ölkədə qərbyönümlü qüvvələrin, eləcə də vətəndaş cəmiyyəti institutlarının sıradan çıxarılması, hətta Amerikanın özünə məxsus təşkilatların qovulması fonunda baş tutdu. Və belə fonda bu səfəri etmək, səfər zamanı rejimə dəstək kimi görünə bilən əməkdaşliq haqqında sözlər demək, indiki mühitdə bu rejimlə insan haqlarına aid ikitərəfli qurum yaratmaq böyük səhv idi. Bununla Vaşinqton Bakıdakı rejimin cinayətlərinə sanki özünü şərik qoşur.
Antiqərb siyasəti Azərbaycanı müdafiəsiz qoya bilər
– Bakıda hakimiyyət öz tənqidçilərini – fərqi yoxdur, azərbaycanlı olsun, yaxud amerikalı və ya başqa millətdən – ermənipərəstlikdə ittiham edir. Bəs hakimiyyət özü ölkəni Qərbdən uzaqlaşdırmaqla Ermənistandan nə dərəcədə fərqli siyasət yürüdür?
– Burada iki məqam var: Bakıdakı rejim ölkənin milli maraqlarını və sərvətlərini yalnız özünün hakimiyyətdə qalmasına sərf edib. Hətta xarici siyasət xətti də hakimiyyətin davamlılığına əsaslanıb. Bu mənada Ermənistandan fərqli olaraq, bəlkə də müəyyən mənada uğurlu ola biliblər.
Ancaq dövlət mənafelərinə gəldikdə, Azərbaycan Ermənistandan olduqca geri qalır. Baxmayaraq ki, bu qədər pullar xərclənilir, Xocalı qırğınından tutmuş, Qarabağın işğal olunması həqiqətinə kimi, indiyə qədər heç bir nüfuzlu ölkə, yaxud qurum açıq şəkildə Ermənistana qarşı tədbir görməyib. Heç Azərbaycana qarşı Amerikanın Qarabağ yönündə sanksiyasının dayandırılmasına da nail olunmayıb. Bu onu göstərir ki, hakimiyyətin diplomatiya cəbhəsində də heç bir tutarlı uğuru yoxdur.
– Ermənistan Rusiyanın Gömrük Ittifaqına, Avrasiya Ittifaqına qoşulduğunu elan edib, Bakı isə hələlik bu qurumlardan məsafəli gəzdiyi təsəvvürünü yaradır. Hərçənd Yerevanda Qərb institutları da fəaliyyət göstərir və xalqın demokratikləşməsinə kömək edirlər, Bakıda isə onlar arzuolunmaz elan edilib və ölkədən çıxarılıb. Bunu necə başa düşmək olar və belədə sabah müharibə başlasa, hansı ölkənin gəlib Vaşinqtondan dəstək almağa “üzü qalacaq”?
– Azərbaycan hakimiyyəti özünün korrupsiyası, insan haqlarının davamlı pozuntusu və digər əməlləri ilə ölkənin imicinə o qədər zərər vurub ki, sabah müharibə başlasa, Qərbdən dəstək almaqda bu imic böyük maneə, hətta deyərdim ki, həlledilməz maneə olacaq. Faktiki olaraq, Qərb dövlətləri və cəmiyyətləri Ermənistanın Rusiyanın koloniyasına dönməsinə baxmayaraq, heç də bu hakimiyyətin timsalında Azərbaycanın tərəfini tutmayacaqlar. Bunun məsuliyyəti Bakıda hazırkı hökumətin və onun siyasətinin üzərinə düşür.
Demokratiya pozucularına sanksiya tətbiq olunmalıdır
– Bu gün Qarabağ məsələsində Vaşinqtonda Azərbaycanın mənafelərini dəstəkləyən insanlar da var ki, onlar da Bakı üçün arzuolunmaz şəxslərə çevrilib. Sırf daxili idarəetmədə hakimiyyəti tənqid etdiklərinə görə “ermənipərəstlikdə” ittiham olunurlar…
– Azərbaycan hökumətinin kimisə ermənipərəst elan etməsinə ciddi baxmıram.
– Son zamanlar bu ittihamlara əsasən Bakıda insan haqları pozucularına qarşı sanksiyanın tərəfdarları məruz qalır…
– Sanksiya məsələsində bir məqama xüsusilə aydınlıq gətirmək istəyirəm. ABŞ 1992-ci ildən bəri Azərbaycana qarşı müəyyən haqsız sanksiyalar tətbiq edib: Məsələn, Qarabağla bağlı 907-ci düzəliş: Azərbaycan faktiki olaraq öz torpağını qoruduğuna görə cəzalandırılıb. Bu sanksiyalar 20 ildir ortadadır və Bakıda hakimiyyət bunun qarşısını almaq üçün sözdən kənar heç bir addım atmayıb.
Bizim Vaşinqtonda dediyimiz odur ki, Azərbaycan xalqına öz torpağını qoruduğuna görə sanksiyalar etməkdənsə, Amerika hökuməti bu xalqın haqlarını tapdalayan, varını talan edən oğru hakimiyyəti sanksiyaya salsın! Əks halda, Azərbaycan xalqına göndərilən mesaj səhvdir: Yəni biz sizi öz torpağınızı qoruduğunuza görə cəzalandırırıq və sizin haqlarınızı pozan, sərvətinizi talan edən rejimlə də dostluq edirik.
Bunun əksi olmalıdır: Qarabağ sanksiyaları ləğv olunmalı, əvəzində Əliyev hakimiyyətinin rəhbərlərindən tutmuş insan haqlarını boğan bütün rəsmilərinə qarşı sanksiyalar olmalıdır.
Biz bunu deyirik və belə bir mövqeyə Əliyev hakimiyyəti bizə “ermənipərəst” deyirsə, qoyun desin və özlərini gülünc vəziyyətə qoymaqda davam etsinlər…
“Qardaş” rejimlər…
– Qeyri-rəsmi məlumatlara görə, son illər Bakıya səfər etmiş Qərb diplomatlarından protokol qaydasında prezidentin atasının heykəlini ziyarət etmək tələb edilib. Buna gedənlər arasında keçmiş səfir Riçard Morninqstarın adını xüsusi qeyd etmək olar. Ermənistanda isə rəsmi protokol diplomatlardan qondarma soyqırım abidəsinin ziyarətini tələb edir və bunu etmiş ABŞ rəsmiləri, məsələn, Viktoriya Nuland, öz növbəsində Bakıda tənqidə məruz qalırlar…
– Ümumilikdə Ermənistanın indiki hakimiyyəti ilə Bakıda Əliyev rejimi öz rəftarlarına görə “qardaş” hakimiyyətlərdir. Ikisi də boğazadək korrupsiyaya uğrayıb, ikisi də vətəndaşlarının haqqlarını gobudcasına pozur, ikisi də Qarabağ münaqişəsindən hakimiyyətdə qalmaq üçün istifadə edir. Əlbəttə ki, Əliyev hakimiyyətinin özünün reklamını Azərbaycanın milli mənafelərindən üstün tutuduğu göz qabağındadır.
Məsələn, götürək Meksikada Heydər Əliyevə qoyulmuş heykəli. Onlar eyni yerdə Xocalı abidəsi də qoymaqla spekulyasiya etmək istəyirdlər. Hansısa bir ölkənin başqa ərazidə öz milli faciəsinin abidəsini ucaltmasını xaricilər başa düşür və belə hallar qəbulediləndir. Ancaq hansısa xarici diktatorun abidəsini sivil olkələrdə adətən qəbul etmirlər. Və məhz Əliyev heykəlinə görə bütün bu iş tənqidə məruz qaldı. Bu bir daha göstərir ki, hazırkı hakimiyyətin vətənpərvərliyi, Qarabağ uğrunda nəsə etməsi, bütün bunlar boş sözlərdir.
Əsas məsqədləri öz hakimiyyətlərini möhkəmləndirməkdir və bunu saxta vətənpərvərlik adı altında xalqdan gizlətməyə çalışırlar.
– Söhbətə ABŞ-ın rəsmi siyasətindən başlamışdıq. Bütün hallarda Bakıdakı yeni ABŞ səfiri, sələfindən fərqli olaraq, fəaliyyətinə Şəhidlər xiyabanını ziyarətlə başlayıb, hələ ki, prezidentin atasının heykəli qarşısında görüntülənməyib…
– Bəzi hərəkətlər var ki, onları etmək biabırçılıqdır, ancaq onları etməmək də hər şey deyil. Yeni səfirin bu addımı atmaması ilə Amerika öz imicini qorudu. Ancaq bir məsələ də var ki, əvvəlki səfir Heydər Əliyevin heykəli qarşısında baş əyəndə Azərbaycanın vətəndaş cəmiyyətindən çox güclü tənqid gəlmişdi və onun əks-sədası Amerikada da özünü göstərdi -buradakı mətbuat orqanları da o vaxt səfirin addımını pisləmişdilər.
Bu bir daha göstərir ki, Azərbaycanın vətəndaş cəmiyyətindən və xalqından çox şey asılıdır. Içəridən hansısa güclü rəy, təpki və tənqid gələndə Amerika hökuməti də bunu eşidir.
Azərbaycan xalqı yaxşını da, pisi də deməyi bacarmalıdır. Bu olmayanda, Qərbin özünün də davranışında neqativ hallar davam edir.