Nazarbayevin nəvəsi ölümcül döyülüb

Polis Aysultan Nazarbayevi yolda saxlayıb və bölməyə apararaq “çırpıb”

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nəvəsi milli komandamızla oyundan sonra bərk döyülüb. Futbol365.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, olay iyunun 3-dən 4-nə keçən gecə baş verib. Həmin vaxt ölkə başçısının nəvəsi Aysultan Nazarbayev öz maşınında polis tərəfindən saxlanılıb. Daha sonra bölməyə aparılan prezidentin nəvəsini orada möhkəm çırpıblar. Onun qoluna vurulan qandalın izinin hələ də qaldığı bildirilir. Asayiş keşikçiləri Aysultanı saxlayarkən, o, telefonla harasa zəng etməyə çalışsa da, buna imkan verilməyib. Çox güman ki, prezidentin nəvəsini döyənlər ya onu tanımayıblar ya da kiminsə yalandan Nazarbayevin yaxın qohumu olduğunu uydurduğunu düşünüblər. Ölkə rəhbərinin yaxın qohumu olay zamanı xəsarət aldığından reanimasiyaya da yerləşdirilibmiş.
Nazarbayevin döyülən nəvəsi futbolçudur. O, “Astana”nın əvəzedici komandasında çıxış edir. Polislərin hücumuna məruz qalan oyunçunun xəsarətləri ciddi olmadığından, artıq məşqlərə başlayıb. Amma o klubun düşərgəsində yox, dostları ilə Almatıda top qovub.
20 yaşlı Aysultan ölkə başçısının böyük qızı Dariqa Nazarbayevanın və Qazaxıstanın Avstriyadakı keçmiş səfiri Rahat Əliyevin övladıdır.
Qeyd edək ki, hadisə barədə bir neçə gün öncə məlumat yayılmışdı. Çoxları elə bilirdi ki, Aysultanı varlı uşaqlar arasında düşən davada vurublar. Amma artıq olay təsdiqlənməklə yanaşı, təfərrüatlar da bəlli olub.
Onu da yada salaq ki, iyunun 3-də AÇ-2012-nin seçmə oyunları çərçivəsində Astanada baş tutan Qazaxıstan – Azərbaycan görüşündə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlmişdilər.