Hakimiyyət 15 mart mitinqindən qorxuya düşüb

Meriya qanunu pozub, cavabı 2 gündür yubadır; qarayaxma və informasiya təxribatları işə salındı

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 15 mart mitinqi ilə bağlı müraciətinə hələ də cavab verməyib. Qanunla müraciətə nəzərdə tutulan tarixə 3 iş günü qalmış cavab verilməlidir. Bu hesabla mitinqlə bağlı BŞİH təşkilatçılara artıq cavab verməli idi. Vaxt martın 10-da tamam olub. Amma cavab hələ də verilməyib.
Əməkdaşımız BŞİH-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zaur Ramazanlıdan Milli Şuraya cavabın niyə gecikdiyini öyrənmək istəyib. Z.Ramazanlı bildirib ki, müraciətə baxılır, cavab veriləcək. Qanuna görə, cavab üçün marıtın 10-da vaxtın tamam olduğu xatırlatdıqda isə o, müraciətə bu gün cavab veriləcəyini bildirməklə kifayətlənib. Əməkdaşımız iş gününün sonunda BŞİH rəsmisi ilə bir də əlaqə saxlayıb. Bəlli olub ki, cavab bu gün də verilməyib. Z.Ramazanlı cavabın hələ hazır olmadığını və martın 12-də cavab verilə biləcəyini deyib.
Beləliklə, aydın olur ki, BŞİH "Sərbəst toplaşmaq haqqında" qanunu pozaraq, Milli Şuranın müraciətinə vaxtında cavab verməyib.
Təşkilatçılar BŞİH-in müraciətə vaxtında cavab verməməsini qanuna hörmətsizlik adlandırır və siyasi sifarişlə mitinqə texniki hazırlıq işlərini çətinləşdirmək istəyi kimi şərh edirlər.
Lakin məsələni təkcə aksiyanın texniki hazırlığına mane olmaq istəyilə izah etmək mümkün deyil. Hiss olunur ki, hakimiyyət Milli Şuranın mitinqindən ciddi narahatlıq keçirir. Görünür, hökumət atdığı son addımlarla xalqda narazılığı nə qədər artırdığını dərk edir və buna görə də 15 mart mitinqinin kütləvi alınacağından, ən əsası isə yeni bir etiraz nümayişləri dalğasına təkan olacağından ehtiyat edir. Buna görə də mitinqə razılıq verməyə çəkinir. Lakin hazırda üzərinə fokuslaşan beynəlxalq diqqət fonunda mitinqə razılıq verməyə də bilmir. Beləliklə, dilemma qarşısında qalan hakimiyyət Bakı Şəhər İcra Hakimiyyətinin əli ilə qanunu pozaraq, təşkilatçıların müraciətinə cavabı maksimum yubadır, o biri tərəfdən də yandaş medianın və sosial şəbəkədəki əlaltı dəstənin vasitəsilə 15 mart mitinqinə qarşı əks-təbliğat aparır, informasiya təxribatları törədir.

Xalid