Füzuli Qasımovun yaxınları onun güllələndiyini, rəsmi qurumlar isə intihar etdiyini bildirirSahibkar bir neçə il əvvəl keçirdiyi mətbuat konfransında ona təzyiqlər olduğunu bəyan edirdi
Paytaxtda kişi meyiti aşkar edilib. Yasamal Rayon Polis Idarəsindən APA-ya verilən məlumata görə, hadisə Inşaatçılar prospekti, 22/26 ünvanında qeydə alınıb. Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü Fizuli Şabay oğlu Qasımov odlu silahdan özünə atəş açaraq intihar edib.
Polisdən həmçinin bildirilib ki, Füzuli Qasımov tikinti materiallarının satışı ilə məşğul olan şirkətə rəhbərlik edib. Intihar şirkətin ofisində baş verib.
Virtualaz.org saytı hadisə ilə bağlı sensasion məlumatlar əldə edib. Füzuli Qasımovun dostlarından birinin sayta verdiyi məlumata görə, mərhum iş adamının nə silahı, nə də silah gəzdirməyə, saxlamağa hüququ olmayıb. Buna görə də Füzuli Qasımovun yaxınları onun intihar etməsi versiyasına şübhə ilə yanaşırlar.
Füzuli Qasımovun biznes tərəfdaşlarından birinin verdiyi məlumata görə isə mərhum iş adamı tikinti materialları satışı ilə məşğul olan şirkətin rəhbəri idi və tikinti obyektlərinə əsasən sement satışı ilə məşğul olurdu.
Məlumata görə, Füzuli Qasımovun son günlər ciddi problemləri, daha konkret desək, bəzi biznes tərəfdaşları ilə pula görə mübahisələri yaranmışdı. Həmin tərəfdaşlarının Füzuli Qasımova 500 min dollar borcu varmış. Mübahisə də buna görə yaranıbmış. Bu üzdən o, son vaxtlar dərin depressiyada imiş.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Trend-in sorğusuna cavab olaraq bildirib ki, martın 11-də səhər 11 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1974-cü il təvəllüdlü Füzuli Qasımovun icarəyə götürdüyü ofisdəki iş otağında odlu silahdan ürək nahiyəsinə açılmış bir atəş nəticəsində ölməsi ilə əlaqədar Yasamal rayon prokuroru, prokurorluğun əməkdaşları, prokuror-kriminalist, məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.
Eldar Sultanov qeyd edib ki, hadisə zamanı qapı içəridən bağlı vəziyyətdə olub. Şirkətin digər əməkdaşları isə iş otaqlarında olublar.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin motivləri və baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.
Qeyd edək ki, Füzuli Qasımov bir neçə il əvvəl mətbuat konfransı keçirərək sahibi olduğu şirkətin zorla əlindən alındığını bildirmişdi. Iş adamı qeyd etmişdi ki, o, “Goranboy Gips” ASC-nin sahibidir. Müəssisə 1992-ci ildən fəaliyyətə başlayıb və 2001-ci ildə ikinci özəlləşdirmə proqramı zamanı Fizuli və Aydın Qasımov qardaşları tərəfindən özəlləşdirilib. Fizuli Qasımov ASC-nin səhmlərinin 58,04, onun qardaşı Aydın Qasımov isə müəssisənin səhmlərinin 34 faizinin sahibidir. “Goranboy Gips” ASC Azərbaycan tikinti materialları bazarında xüsusi çəkisi olan müəssisə hesab edilir.
Mətbuat konfransında Fizuli Qasımov bəyan etmişdi ki, ona məxsus olan səhmlərin 50 faizini zor, təzyiq və qanunsuz şəkildə əlindən alıblar: “Hazırda mənim cəmi 8,04 faiz səhmim qalır. Əvvəlcə qardaşıma təzyiq etdilər. Qardaşımın sağlıq durumu və səhhəti ilə əlaqədar olaraq bu təzyiqlərin qarşısında geri çəkildi. Bundan sonra isə ”ZQAN Holdinq" mənim üzərimə gəldi. Məni həbs edib DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə apardılar. Orada məni nə döydülər, nə də pis rəftar etdilər. Sadəcə dedilər ki, belə bir “problemin” var və onu yoluna qoymalısan. Bundan sonra şərt qoymaqla mən azad edildim".
ZQAN Holdinq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Hazırda holdinq “Qarant” adı altında fəaliyyət göstərir.


