Malta hökuməti Əliyev rejimilə əlaqələrə görə sərt ittihamlara məruz qaldı
Bu ölkədə media kütləvi şəkildə Azərbaycandakı dəhşətli korrupsiya və repressiya rejimindən yazır
Azərbaycan Respublikası Dövlət Neft Şirkətilə (ARDNŞ-SOCAR) bağlanmış neft-qaz müqaviləsi Maltada hökumət üçün başağrısına çevrilib. Malta müxalifəti iddia edir ki, SOCAR-la bağlanan müqavilədə korrupsiya izləri var və bunu Milli Audit Idarəsi təftiş etməlidir.
Milliyyətçi Partiya və müxalifət lideri Simon Busuttinin tələbləri əsasında başlanan yoxlama ilə SOCAR-la anlaşmalar üzərinə kölgə salınıb. Müxalifət lideri iddia edir ki, bu anlaşmalardan “üfunət iyi” gəlir və bu prosesdə bəzi nazirlərin üzərinə şübhə düşür. Bu məsələ barədə Maltada nəşr edilən “Malta Independent” qəzeti yazıb. Qəzet xatırladır ki, bu müqavilənin imzalanması üçün Maltanın baş naziri Azərbaycana gizli getmişdi.
Azərbaycanla bağlı mövzuya diqqət yetirən təkcə “Malta Independent” deyil. Son üç gündə Maltanın bütün aparıcı media orqanları hökuməti Azərbaycanla münasibətlərə görə tənqid atəşinə tutub. Tənqidlərin səbəbi isə təkcə SOCAR-la müqavilədəki korrupsiya izi deyil. Malta hökuməti həm də diktatura rejimilə əməkdaşlıqda ittiham edilir.
Məsələn, “Malta Today” qəzetində müəllif Ceyms Debono “SOCAR-la problemlər” adlı məqalədə yazır ki, növbəti 18 ildə Malta qazı Azərbaycandan alacaq. Amma bu müqavilə tender prosedurundan keçməyib, maraqların ifadəsilə bağlanıb: “Belə təəssürat yaranır ki, Malta ilə SOCAR arasında razılaşma əslində, Azərbaycanla siyasi münasibətlərin tərkib hissəsidir”.
Müəllif ölkəmizdəki vəziyyətə də diqqət çəkərək, Azərbaycanı dünyanın ən çox korrupsiyaya bulaşmış dövlətlərindən biri kimi təqdim edib: “Azərbaycanda stabil demokratiya yoxdur. Bura korrupsiya bataqlığıdır”.
Məqalədə Əliyevlərin Dubayda milyonlarla dəyəri olan villalarından tutmuş, hakim ailənin biznesini araşdıran jurnalist Xədicə Ismayılovanın həbsinə qədər bir çox məsələlərdəh bəhs olunur: “SOCAR şəffaf təşkilat kimi tanınmır. ”Global Witness" təşkilatı gizli maliyyə əməliyyatları haqda hesabat hazırlayıb, bu qurumda payı olan sirli sahibkarı üzə çıxarıb. SOCAR repressiv hakimiyyətə məxsusdur. Bu hakimiyyət tənqidçilərini türmələrə doldurur. Məsələn, hökumətdəki korrupsiyanı ifşa edən Xədicə Ismayılova kimi. Azərbaycan “Transparency International”ın şəffaflıq hesabatında 175 ölkə arasında 126-cı yeri tutur.
BMT-nin Insan Haqları Şurası SOCAR-ın parlament qarşısında hesabatlılığının təmin olunması üçün Azərbaycan hökumətinə çağırış edib".
Azərbaycan hökumətinin beynəlxalq tənqidlərin qarşısını almaq məqsədilə istifadə etdiyi “kürü diplomatiyası” da müəllifin diqqətindən yayınmayıb.
“Times of Malta” qəzetində də Azərbaycanla bağlanmış müqaviləyə görə Malta hökumətini tənqid edən material yayımlanıb. “Enerji naziri Konrad Mizzi SOCAR-la müqaviləyə görə məsuliyyət daşıyır” başlıqlı məqalədə deyilir ki, bu razılaşma Malta xalqına 14 milyon avro ziyan vurur.
Müəllif Mel Hard yazır ki, Çin və Azərbaycan kimi diktatura rejimlərilə müqavilələr nəzarətdən kənar və şəffaflıq olmadan bağlanmaqla, Malta üçün real təhlükələrə gətirib çıxara bilər.
Siyasət şöbəsi



