Hökümət hesabat verməlidir

Əbulfəz Qurbanlı: “Hansı layihəyə nə qədər pul xərcləndiyi açıqlanmalıdır”

Azərbaycan hökuməti 30 avqust 2005-ci ildə Azərbaycan Gəncliyi Dövlət Proqramını təsdiq etmiş, 2005-2009-cu illərdə icrası nəzərdə tutulmuşdur. Proqramın nəticələri, onun ölkə gəncliyinin inkişafına təsiri və başqa göstəricilərlə bağlı hər hansı hesabat verilməmiş və ya geniş ictimaiyyətin nəzərinə çatdırılmamışdır.

Ümumiyyətlə, proqramdakı tədbirlərin istiqaməti, onun icrasına ayrılan vəsaitin xərclənməsi, nəticələrin müşahidə olunmaması və ölkə gəncliyinin ən müxtəlif sahələrdə ciddi problemlərlə üz-üzə qalması suallar doğurur.

AXCP Gənclər Komitəsi bu səbəbdən ölkənin fəal gəncləri ilə birlikdə proqramın müzakirəsini vacib bilir.

Hazırda hökumət yeni bir proqramın hazırlanıb təqdim olunması üzərində işləyir. Biz istəyərik ki, hökumət yeni proqramın icrasına başlamamış geniş gənclik qarşısında hesabat versin ki, ötən proqramda nəzərdə tutulan tədbirlərin nəticəsi nədən ibarətdir? Proqramın gerçəkləşmisinə nə qədər pul xərclənib? Ümumiyyətlə proqramın hədəfi olan gəncliyin problemləri həllin tapıbmı? Bu məqsədlə biz həmin proqramın həm müzakirəsini təşkil edirik, həm də bizim üçün cavabsız olan suallarla bağlı əlaqədar strukturlara, o cümlədən Gənclər və İdman Nazirliyinə sorğu ilə müraciət edəcəyik.

Ümid edirik ki, qarşı tərəf buna təmkinlə yanaşacaq. Bizim məqsədimiz Azərbaycan gəncinin dünyanın inkişaf etmiş ölkələrinin gəncləri kimi xoşbəxt, keyfiyyətli təhsil almaq imkanı olan, fikirlərinə görə təqib olunmayan, sosial məhrumiyyətlərlə üz-üzə qalmayan bir həyat tərzinə sahib olmasını təmin etməkdir. Hələ ki, biz müxalifətdə olan təşkilatıq, Azərbaycan gənci üçün bunları edə bilirik. Gələcək bir gündə edəcəklərimiz hər kəsin ürəyincə olacaq.