Insanın çevrəsində ağıllı, uzaqgörən və canıyanan dostların olması böyük nemətdir. Xüsusən, yüksək mərtəbələrə gəlmiş insanın. Hər kəs yanlış addım atar, hər kəs bir yerdə ölçünü qaçıra bilər. Doğru dost, sağlam çevrə o yerdə lazımdır ki, işarət barmağını hər dəfə düzgün istiqamətə yönəldib insanı vaxtında uçuruma gedən yoldan saxlasın. Sonra gec ola bilər hər şey, sözün həqiqi anlamında çox gec…
Bu örnək bir ölkəni idarə edən hökumət üçün də keçərlidir. Təbii, bir komandada hər kəs beş il irəlidə nələr baş verəcəyini hesablamaya bilər. Amma həmin komandada hər kəsin yanlış hesablaması gələcək fəlakətlərin xəbərçisidir. Ölkənin hazırkı durumunda nədən hər şeyin bu yerə gəldiyini anlamaq da zor olmamalıdır, zənnimcə. Vaxtında hər şeyin möhtəşəm olduğunu düşünüb, eyni səhvləri buraxan adamların komandası yaradıb bu çıxılmaz durumu. Böyük pullar vardı və orada kimsə bir gün həmin pulların tükənəcəyini düşünmürdü heç. Kənardan edilən siqnalları, xəbərdarlıqları da eşidən yoxdu. Böyük pullar vardı və kimsə kimsəyə o pulların bitəcəyi günü xatırlatmağı özünə borc bilmirdi. Bir gün eyni gəmidə hamının birdən bata biləcəyini də xəyalından keçirən olmamışdı görünür…
Bizdən öncə həyatdan gəlib keçmiş insanların hekayətlərini boşuna tez-tez xatırlatmıram. Bütün hekayətlər dərs almaq, nəticə çıxarmaq, əyər-əskikləri düzəltmək üçün yazılır həm də. Amma baxır kim ondan necə dərs alır…Afrika ölkəsində hökmranlıq edən bir kral uşaqlıq illərindən bərabər böyüdüyü dostunu yanından ayırmazdı. Həmin adamın da qəribə bir xasiyyəti vardı. Nə hadisə baş versə “bunda da bir xeyir var” deyərdi. Bir gün bərabər ova çıxdılar. Dostu tüfəngi doldurarkən səhvə yol verdi və tüfəng geri partlayaraq kralın baş barmağını qopardı. “Bunda da bir xeyir var!” -deyən dostunun sözlərinə qəzəblənən kral onu zindana atdırdı.
Bir il sonra kral insan yeyən qəbilələrin yaşadığı ərazidə ov edərkən adamlarıyla birlikdə ələ keçdi. Adamyeyənlər onların əllərini, ayaqlarını bağlayıb ocağın yanına gətirdilər. Odunlar alovlanmağa başlayanda kralın baş barmağının olmadığını fərq etdilər. Bu qəbilənin inancına görə bədən üzvlərindən biri əskik olan insanları yemək günah sayılırdı. Bu qorxuyla kralı azad edərək, başqalarını bişirib yedilər.
Kral sarayına dönən kimi zindandakı dostunun yanına qaçdı: “Bağışla, çox haqsız və pis bir iş tutmuşam – dedi..” “Xeyr” söylədi dostu, “bunda da bir xeyir var”. “Nə deyirsən, Allah xatirinə”- deyə heyrətlə qışqırdı kral. “Bir il günahsız yerə zindanda tutulmanın harasında xeyir ola bilər?”.
“Mən zindanda olmasaydım, səninlə ova çıxacaqdım. Sonrasını düşünsənə…”
Indi ölkədə yaranan durum da təxminən buna bənzəyir. Böyük səhvlərin acı nəticələri hamını qaynar qazanın başına sürükləyib gətirib. Hələ ki, bir xilas yolu da görünmür. Çünki edilən yanlışların miqyası o qədər genişdir ki, kənarda qalan kimsə yox. Çünki hər kəs hansısa dərəcədə bu yalan və haqsızlıqlara şəriklik edib. Kimsə mütləq bir hesab gününün gələcəyini görəcək qədər müdrik və açıqgözlü olmayıb. Amma olmalıydı. Heçmi o hekayədəki kimi müdrik adamlar yoxdu həmin komandanın içində? Bəs ölkədə necə, ordadamı yoxdu? Vardı əslində, hətta onlarla. Sadəcə, qazana düşməzdən əvvəl dönüb bir də həbsxanalara tərəf baxmaq lazımdır…