Cavid Qurbanov müstəqil ola bilmədi

Ziya Məmmədov «Azərbaycan Dəmir Yolları»nın onun nəzarətində olduğunu nümayiş etdirdi

 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov nəqliyyat naziri Ziya Məmmədovla yollarını ayırıb müstəqil məmura çevrilmək istəsə də, niyyəti baş tutmadı. Cavid Qurbanov hələ “Azəryolservis”in rəhbəri olanda bu qurumu Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarmaq istəyirdi.
Elə bu səbəbdən də Ziya Məmmədovla Cavid Qurbanov arasında münasibətlər gərginləşmişdi. “Azadlıq”a daxil olan məlumatlara görə, Ziya Məmmədov “Azəryolservis”i itirməmək üçün Cavid Qurbanovu “Azərbaycan Dəmir Yolları”na gətirdi. Çünki istənilən halda “Azərbaycan Dəmir Yolları” Nəqliyyat Nazirliyinin tabeliyində olmalıdır. Cavid Qurbanov isə bu vəzifəyə təyin olunan kimi Ziya Məmmədovun QSC-dəki adamlarını “vurmağa” başladı. Hətta nazirin yaxın qohumlarından işdən çıxarılan oldu. Cavid Qurbanov düşünürdü ki, “Azərbaycan Dəmir Yolları”nda möhkəmlənməklə Ziya Məmmədova tabeçiliyin formal xarakter daşımasına nail ola bilər. Eynən “Azal” və “Xəzər Dəniz Gəmiçiliyi” QSC kimi. 
Lakin müşahidələr göstərir ki, Cavid Qurbanov istəyinə nail ola bilməyib.
Dünən “Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup işçisinə ali dövlət mükafatlarının təqdimetmə mərasimində Ziya Məmmədov da iştirak edib və mükafatları bəzi işçilərə şəxsən özü təqdim edib. Məlumatlara görə, Ziya Məmmədov tədbirdə davranışları ilə “Azərbaycan Dəmir Yolları”nın onun nəzarətində olduğunu nümayiş etdirib. Bildirilir ki, nazirin tədbirə gəlişi əsasən elə bu məqsədlə olub. Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Ziya Məmmədovun karyerasında tramplin rolunu oynayıb.