Manatın dəyərdən düşməsiylə bağlı ölkədə əsas ərzaq məhsulları və qeyri- ərzaq mallarının qiymətini stabil saxlamaq üçün müxtəlif reydlər keçirilir. Bahalaşmanın qarşısını inzibati yolla saxlamaq üçün icra başçılarına müvafiq tapşırıqlar verilib.
Verilən xəbərlərə görə Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədi ilə intensiv nəzarət tədbirləri davam etdirilir. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı ərəfəsində istehlak bazarındakı qiymətlərlə yerində tanış olmaq üçün martın 8-9-da məcburi köçkünlər üçün salınmış Qayıdış və Zobucuq qəsəbələrində, Alıxanlı və Əhmədbəyli kəndlərində ərzaq məhsullarının qiymətiylə tanış olub. Icra başçısı qəsəbə və kəndlərdəki bazarlara, topdan və pərakəndə satış mağazalarına baş çəkərək alıcı və satıcılarla söhbət edib, süni qiymət artımının qarşısını almaq barədə ölkə başçısının tapşırıq və tövsiyələrindən bəhs edib. Məlumatda bildirilir ki, keçirilən monitorinqlərin və aparılan maarifləndirmə işlərinin nəticəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunda çörək və ərzaq səbətinə daxil olan məhsullarda qiymət artımına yol verilməyib.
Görəsən, belə üsullarla qiymətləri nə qədər saxlamaq mümkündür? Inzibati üsullar nə vaxta qədər işləyəcək?
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyir ki, kommunal xidmətlərə aid qiymətləri dövlət müəyyən etdiyi üçün onları hökumət özü tənzimləyir. Ekspert digər məhsullarla bağlı qiymətlərin bahalanmasının inzibati yolla qarşısını almağın mümkün olmadığını söyləyir:
“Bazar iqtisadiyyatında qiymətləri tələb və təklif müəyyən edir. Qiymətləri saxlamaq üçün yerli icra orqanları səviyyəsində iş aparılması isə bu işə qarışmaq deməkdir. Yəni bu yolla olan fəaliyyət düzgün deyil. Inzibati yolla qiymət artımının qarşısının alınması heç vaxt onların istədiyinə gətirib çıxarmayacaq. Qiymətləri bazar özü diqtə edir. Ona görə də süni yolla qiymətlərin stabil saxlanması doğru addım deyil”.
Nigar


