Vahid ordu ideyası Kremli hiddətləndirdi

Rusiya Avropa Komissiyasından izahat tələb etdi, Merkeldən isə təklifə dəstək gəldi
 

Avropanın vahid ordu yaratmaq ideyası Rusiyanın hiddətinə səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi Avropa Komissiyanın rəhbəri Jan-Klod Yunkerin bu təklifi irəli sürərkən nəyi nəzərdə tutduğunu bilmək istəyir. Rusiya XİN məsələ ilə bağlı Avrokomissiyadan izahat tələb edir. Xarici işlər nazirinin müavini Aleksey Meşkov bildirib ki, söhbətin tam olaraq nədən getdiyini bilmək istəyirlər: «Son 30 ildə Avropada ən müxtəlif səviyyələrdə bu məsələyə toxunulub. Bu dəfə Jan-Klod Yunker nəyi nəzərdə tuturdu – bax, bunu başa düşə bilmirik».
 
Xatırladaq ki, ötən bazar Yunker açıqlama verərək bildirmişdi ki, Avropa Birliyi ölkələri vahid ordu yaratmalıdır. Yunker hesab edir ki, bu halda Avropanın üzv ölkələrdə, eləcə də qonşu dövlətlərdə sülhə təhlükə yaradan addımlara daha qətiyyətli cavab vermək imkanı olacaq. Üstəlik bu ordu Rusiyaya başa salacaq ki, Qərb Avropa Birliyi dəyərlərinin təminatına çox ciddi yanaşır.
 
Almaniya kansleri Angela Merkeldən təklifə operativ dəstək gəlib. İdeyanı dəstəkləyənlər arasında Almaniya Xarici işlər naziri Frank-Valter Ştaynmayer də var. Avrokomissiyadan isə bildiriblər ki, vahid ordu məsələsinə iyun sammitində baxılacaq.
 
Gültəkin