Tanınmışlar mitinqə çağırış etdi

"Dövlətinə və malına sahiblənmə zamanıdır"

Milli Şuranın martın 15-nə təyin  etdiyi  “Talana son” etiraz aksiyasına ictimai diqqət artmaqdadır. Cəmiyyətin müxtəlif sosial təbəqələrinə edilən cağırışlarla  yanaşı, sosial şəbəkələrdə də geniş təbliğat aparılmaqdadır. Milli Şura üzvləri bu aksiyanın xalqın  sifarişi olduğunu bildirərək,  ictimaiyyətin bu mitinqə böyük maraq göstərildiyinini vurğulayırlar. 

 
Qurban Məmmədov: «İnsanlar laqeyd qaldıqca cinayətkar rejim əməllərini davam etdirəcək»
 
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü hüquqşunas Qurban Məmmədov hesab edir ki, xalq nağılardakı kimi ağ atlı oğlan gözləməməli, baş verən soyğunçuluğa etiraz etməlidir: «İnsanlar baş verənlərə laqeyd qaldıqca bu cinayətkar rejim öz bəd əməllərini davam etdirəcək. Vəzifəyə, pula, şan-şöhrətə həris bir qrup adam Azərbaycan hakimiyyətini ələ keçirərək, bu xalqın əmlakını, malını dağıdır. Bir gecənin içində manatı 33 faiz ucuzlaşdıranıar bu əməliyyatın bədəlini xalqa ödətmək istəyirlər. Bu gün ölkədə monopoliya mövcuddursa, insanların qabiliyyəti hesabına qazanmasına imkan verilmirsə, beş-altı ailə ölkənin bütün sərvətlərini ələ keçiriirsə, baş vermiş iqtisadi böhrana görə niyə Azərbaycan xalqı bədəl ödəməlidir?! Bu baxımdan hesab edirəm ki, mitinq keçirilməsi doğru və zamanında verilmiş qərardır. Bu mitinqlər ardıcıl davam etməlidir. Azərbaycan xalqı da bu dinc etiraz aksiyalarında iştirak edərək etirazını bildirməlidir ki, bu rejim ən azından bu cinayətlərini durdursun. Nə qədər gec deyil, nə qədər ki, ölkə dağılıb virana qalmayıb, ziyanın yarısından da qayıtmaq xeyirdir. Ona görə də hamı bir nəfər kimi 15 mart aksiyasına qatılmalıdır. Bu, siyasi xarakterli mitinq deyil. Bu, ümumxalq problemlərini özündə birləşdirən, xalqın sifarişi ilə keçiriləcək bir aksiyadır».
Q.Məmmədov vurğuladı ki, dövlətinə və malına sahib çıxmayanın dövləti də, malı da özgəsinə qismət olar. «15 mart mitinqi dövlətinə və malına sahiblənmə aksiyasıdır», deyə Q.Məmmədov vurğuladı. 
 
Eldəniz Quliyev: «On beş mart mitinqi sözün həqiqi mənasında xalqın sifarişidir»
 
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev də bu mitinqin izdihamlı alınacağına inanır. Xalqı aksiyada fəal iştirak etməyə səsləyən E.Quliyev hesab edir ki, insanlar ləyaqətlərinin tapdanmasına göz yummamalıdır: "15 mart mitinqi sözün həqiqi mənasında xalqın sifarişidir. Milli Şura heç bir siyasi divident güdmədən bu aksiyanın təşkilatçılığını boynuna götürərək, xalqın ağrısını, acısını dilə gətirəcəkdir. Millətimiz ilk növbədə biganəlikdən azad olmalıdır. Hər şeyə göz yummaq, susmaq vəziyyəti dəyişmir. Hər gün daha da pisləşən iqtisadi-sosial durum səssiz qalmaqla  düzəlməyəcək. Xalq hamılıqla 15 mart aksiyasına qoşulmalıdır”.
 
Vidadi Mirkamal: «Aksiyaya qoşulmayan vətəndaş hökumətə «talana, alçaldıcı yaşayışa razıyıq» mesajını vermiş olacaq»
 
 
Milli Şuranın Hüquq Komissiyasının rəhbəri Vidadi Mirkamal da 15 mart aksiyasının cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını söylədi: «Azərbaycanda bu gün çox böyük hadisələr baş verir. Manatın ucuzlaşdırılmasından sonra ölkədə ciddi narahatlıqlar başlayıb. İqtidar iyirmi ildən artiq bir zamandan, əsasən də neft gəlirlərinin pik dövrünü yaşadığımız son beş ildə əlinə düşən şansdan yararlanmadı, ölkə iqtisadiyyatını düzgün formalaşdırmadı. Mikro və makro iqtisadiyyat qurmaq, neftdən asılılığı azaltmaq əvəzinə, insanları daimi işlə təmin etmək yerinə ölkə sərvətlərini talamaqla məşğul oldu. Daimi iş yeri yolların, hasarların çəkilməsi, parkların salınması ilə yekunlaşmır. Paytaxt və bölgələrdə zavod və fabrikilərin tikilməsi, beynəlxalq rəqabətə malik məhsulların istehsalına inkişafına təkan verilməli idi. Lakin baş verənlər tamamilə fərqli oldu».
V.Mirkamal bildirdi ki, hakimiyyət neftdən əldə olunan gəlirləri lazımsız yerlərə sərf etməklə, bir zamanlar ölkə iqtisadiyyatının çox güclü olduğu ilə bağlı bəyanatlar verirdi. Amma neftin qiymətinin düşməsilə bütün bu yalanlar işfa olundu və bəlli oldu ki, bu hakimiyyətin güclü inkişaf bəyanatları sabun köpüyü imiş. «Bu gün Azərbaycan vətəndaşları çox narahatdır və son devalvasiya əməliyyatından sonra xeyli yoxsullaşıblar. Eyni zamanda maaş və pensiyaların artırılması yubanır. Ticarət obyektlərində malların qiyməti sürətlə qalxır. Belə bir vəziyyətdə insanıarın yaşayış minimumu aşağı düşür. Hakimiyyət büdcədən oğurlarıdığı pullara toxunmur, əksinə onların xarici banklardakı yerini daha da möhkəmlədir. Yürudülən yanlış iqtisadi siyasətinin acı nəticəsini xalqın üzərinə atan iqtidar bu siyasətdən vaz keçməlidir. Azərbaycan insanı bu baş verən soyğunçu siyasətə etiraz etməlidir. Martın 15-də baş tutacaq kütləvi aksiyaya qoşulmayan vətəndaş hökumətə «yaxşı yaşayırıq», «talana, alçaldıcı yaşayışa razıyıq» mesajını vermiş olacaq”, deyə V.Mirkamal vurğuladı.
 
Emil