AzTV-nin rejissoru İlham Əliyevə açıq məktub yazdı

Şahəddin Eyvazov ölkə başçısından onu Arif Alışanova tapşırmağı xahiş etdi

 
Rejissor Şahəddin Eyvazov ölkə başçısı Ilham Əliyevə açıq məktub yazıb. Şahsəddin Eyvazovun məktubunu təqdim edirik: Cənab prezident dəfələrlə Prezident Administrasiyasına  məktub və teleqramla müraciət etsəm də cavab almadım. Fikirləşdim ki, yəqin AzTv QSC-nin sədri hörmətli Arif Alışanovun adamları məktubun sizə yetişməsinə imkan vermirlər. Ona görə də açıq məktub yazmalı oldum. 
Cənab prezident, 2010-cu ilə qədər AzTV QSC-də televiziya və kinorejissor kimi çalışmışam. 2010-cu ildə böyük şairimiz, himnimizin sözlərinin müəllifi Əhməd Cavad haqqında film çəkərkən telefilmə yeni direktor təyin olunmuş Siyavuş Məmmədovla sözümüz düz gəlmədi və mən işdən getməli oldum. Hadisəni Arif Alışanov bilir əgər ona çatdırıblarsa. Ona görə “çatdırıblarsa” yazıram ki, 20 il AzTV-də işləməyimə, 35 film və onlarla verlişin müəllifi olmağıma baxmayaraq hörmətli Arif Alışanovun qəbuluna düşə bilməsəm də, məktub və teleqram vasitəsi ilə onu hadisədən xəbərdar etmişəm. Cənab prezident, telefilmin direktoru Siyavuş Məmmədov 50 ildir AzTV QSC-də çalışır. Artıq 70 yaşı haqlayıb. Şükür Allaha uşağını böyüdüb, oxudub, evləndirib, hətta AzTV QSC-də yaxşı vəzifəyə də düzəldib. Özü də yaxşı təqaüd alır. Amma mənim uşaqlarım balacadır. 9 və 10 yaşındadırlar. Onlar da telefilmin direktoru Siyavuş Məmmədovun oğlu kimi oxumaq, işləmək, ailə qurmaq və cəmiyyətə yararlı insan olmaq istəyirlər. Ona görə də xahiş edirəm məni AzTV QSC-nin sədri Arif Alışanova TAPŞIRASINIZ".