Azərbaycanı hərif yerinə qoyanlar…

Hakimiyyət xalqın boğazından kəsib erməniləri yedirdəcək?! 

 
Bu azərbaycanlı uşağın müalicəsinə cəkilməli xərc ermənilərə sərf olunacaq…
Avropa Olimpiya Oyunlarına qatılacaq bütün komandaların xərcini Azərbaycanın çəkəcəyini öyrənəndə göz önünə maddi imkansızlıq üzündən bir xəstə övladını itirən, ikinci xəstə uşağı da ölümlə üz-üzə qalan Bayramovlar ailəsi gəldi… Ailə başçısı Məzahir Bayramovun “Azadlıq” qəzetinə fəryad dolu məktubunu bir də oxuyaq. 
Üç uşaq atası yazır ki, övladlarının üçü də xəstə olduğu üçün uzun illər xəstəxanalarda müalicə alıblar. Bu müalicələr nəticəsiz qaldığına görə borca girib onları bir neçə dəfə Irana da aparıb. Məlum olub ki, uşaqlarında “genetik mukovizdoz” xəstəliyi var. Lakin Azərbaycandakı kimi, Iranda da bu xəstəliyin müalicəsinin olmadığını deyiblər.
Artıq bir övladını itirən, o biri övladının vəziyyətinin də ağır olduğunu yazan ata qeyd edir ki, dörd il get-gəldən sonra uşaqların birinə 67 manat (?!) pensiya kəsiblər. Ailəyə onu da deyiblər ki, xəstə övladını müalicə üçün xaricə göndərməyə imkan yoxdur. 
Beləcə, ailə evini və onun hər avadanlığını satır, üç bankdan borc da götürür və hər şeyi xəstə uşağın yolunda xərcləyir. Ancaq uşaq çox ağır durumdadır, vəziyyəti hər gün daha da ağırlaşır. Nəhayət, hökumətdən əli üzülən ata bankda hesab nömrəsi açır ki, bəlkə, xeyirxah insanlar, imkanlı şəxslər yardım edər… 
Bax, bu yerdə Azərbaycan hakimiyyətinin Avropa Oyunlarında təkcə bütün komandalara 200 milyon dollar, Olimpiadanın özünə isə cəmi 4 milyard dollar sərf edəcəyini düşünəndə zalıma lənət oxumayasan, nə edəsən?! Hələ Avropa mətbuatı bütün xərclərin 8 milyard dollar olacağından yazır?! Qərb mətbuatı Bakıya 6 min idmançının gələcəyini də yazıb, hansıki Soçi Qış Olimpiadasına 2861 idmançı qatılıbmış… Bakıya erməni idmançıların da gəlişi gözlənilir ki, hakimiyyət onların da xərclərini öhdəsinə götürüb?! 
Indiyədək vətəndaşlarımız əmək haqlarının artırılması, yaxud dövlət hesabına mənzil tikilməsi kimi tələblər irəli sürəndə onları “Qarabağ boyda problemlə”, yaxud “bir milyondan artıq qaçqın və məcburi köçkünlə” susduran hakimiyyət indi xalqın boğazından kəsib hətta işğalçı erməniləri də havayı yedirtməyə boyun olub?! Bəs, “ermənilərə xidmət – Vətənə xəyanət” adı ilə siyasi rəqiblərini həbs etdirənlərin ermənilərə bu qayğıkeş münasibəti nə deməkdir? Azərbaycan xalqının mənliyini düşmən ayaqları altına atanların hərəkəti milli maraqlara xəyanət deyilmi? 
Əvvəllər Moskvadan bir “molodes” almaqdan ötrü öz soydaşlarını pambıq tarlalarında qul kimi işlədənlər, indi Avropaya yarınmaq üçün xalqının qanı bahasına Olimpiya Oyunları keçirir. Keçmişdə ruslar, bu gün isə avropalılar yanında özlərini qonaqpərvər kimi göstərənlər, daha düşünmürlər ki, Azərbaycanı hərif yerinə qoyurlar?! Səxavətli olduğumuza görə heç kəs bizə hörmət qoymayacaq, əksinə, bizi sadəlövh bilib həmişə soyacaqlar?! 70 il ruslara, ermənilərə yarındıq, axırda da 20 Yanvar, Xocalı faciələrini törətdilər…  
Avropaya gəlincə, o da öz xeyrini güdər, pulunun qədrini bilər. Guya, Olimpiada vaxtı avropalı turistlər Azərbaycana gəlib fayda verəcəklər? Bunu artıq Bakıda “Eurovision” günlərində gördük… Filarmoniya bağında Azərbaycan milli suvenirlərinin satışı üçün qurulan pavilyonlarda alış-veriş edənlər elə yerli adamlar idi. Satıcılar da təsdiqləyirdilər ki, turistlər xəsislik edir, xeyir verən elə özümüzkülərdir… 
Bu gün neft və manat ucuzlaşdığı üçün büdcə təşkilatlarında işçilərin maaşları 30 faiz azaldılıb. Olimpiya məsrəfləri ilə müqayisədə bu qənaətcilliyin özü də riyakarlıqdır! Indimi yada düşdü qənaət? Təsəvvür edin, hətta işçilərə tapşırılıb ki, elektrik enerjisindən tutmuş dəftərxana ləvazimatlarınadək hər şeydən istifadədə qənaətcil olsunlar… Bəs, rəislərin kabinetlərində boş yerə açıq qalan kompüterlər, televizorlar, kondisionerlər, hətta bazar günlərində onların ailələrinə işləyən xidməti avtomobillərin məsrəfləri necə olsun?  
Bir xəstə uşağa 67 manat pensiyanı minnətlə verib onu müalicə üçün xaricə göndərməyə “imkan yoxdur” deyənlər, Neft Fondu üçün “göydələn” tikib “Sovetski”də hətta 14 kv.metrlik daxmanın sahibi ilə halallaşmağa pul tapmayanlar, Orduya yardım üçün vətəndaşın maaşından tutub Olimpiadaya milyardlar xərcləyənlər, sizi – canı alınan, mülkünə əl qoyulan, haqqı tapdananların ahı tutacaq bir gün! 
Şövkət Məmməd 
P.S. Bayramovlar ailəsinin ölümlə üz-üzə qalan övladının adı Fatimədir, 13 yaşı var… Ona yardım etməyi unutmayın. Bank hesabına hətta iki-üç manat köçürsəniz belə, ən azı ailənin gündəlik problemlərini yüngülləşdirmiş olarsınız.