kiv-df

XI əsrin memarlıq incisi – Pir Hüseyn Xanəgahı

Sufi şeyxi Şirvaninin xatirə kompleksi

Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində, Pirsaat çayı sahilində yerləşən XI-XII əsrlərə aid Pir Hüseyn Xanəgahı böyük sufi şeyxi, görkəmli alim və filosof Pir Hüseyn Şirvaninin məzarı ətrafında ucaldılmış memarlıq kompleksidir. Abidə Bakıdan 127 km. məsafədə, qədim Bakı-Salyan ticarət karvan yolu üzərində yerləşir. Ölkə əhəmiyyətli abidə sayılan Pir Hüseyn Xanəgahı Azərbaycan ərazisində olan xanəgahlar arasında mühüm yer tutur.

Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün binalar, tövlə, tikililəri əhatə edən qala divarları, karvansaray, orta əsrlərə aid türbə, hücrələr və qədim qəbiristanlıq daxildir. Pir Hüseyn türbəsinin bütün daxili divarları və bu otağın içərisindəki qəbir sənduqəsi vaxtilə çox böyük bədii ustalıqla düzəldilmiş kaşı sənətinin xüsusi bir növü ilə hazırlanmış ornament və yazılarla bəzədilmişdir. Memarlıq kompleksinin şimal-qərb bucağında da qala divarına bitişik Şeyx Pir Hüseyn Şirvaninin türbəsi tikilmişdir. Böyük yazı qurşağında türbənin zəngin bəzək işinin tamamlanma tarixi hicri 684-ci il (1285) göstərilmişdir. Şeyx Pir Hüseynin kiçik ölçülü türbəsini dünyada məşhurlaşdıran onun interyerində ziyarətgah üçün zəruri olan çox təsirli ruhsal mühit yaradan kaşı bəzəyi olmuşdur. Naxış, yazı və rənglərin formalaşdırdığı bu ilahi ruhsal mühit xanəgaha gələn ziyarətçilərdə böyük psixoloji emosional ruh və dərin inam doğururdu.

Türbəyə bitişik olduğundan, məscidin daş döşəməli ibadət salonu həm də ziyarətxana idi. XIII yüzilin ortasından ziyarətgahın nüfuzunun artması ilə bağlı burada tikinti və bəzək işləri genişləndirilir.

Xanəgahın minarəsinin giriş qapısı üzərində XIII əsr üçün səciyyəvi olan süls xətti ilə qoyulmuş böyük bir daş kitabə bildirir ki, “Ulu Şeyx Pir Hüseynin xanəgahında olan bu minarə tikilisi ədalətli padşah Menku Buqa Xaqanın dövründə Arqun ağanın vəsaiti və yardımı ilə ucaldılmışdır”.Silindrik gövdəli minarənin səkkiz üzlü təməlində giriş qapısında sol tərəfdə onun Şirvanşah II Axsitanın hakimiyyəti dövründə hicri 654/miladi 1256-cı ildə ucaldığını bildirən məlumat daş kitabə şəklində minarəyə daxil edilmişdir. Minarədəki başqa daş lövhədə oyulmuş iki sətirlik yazıda “Minarənin memarı Şəmsəddin Məhəmməd Əbül Abbas, Mahmud Ibn Ibrahimin əməli” məlumatı həkk olunmuşdur.Abidənin unikal kaşı elementləri oğurlanıb

Bu kitabələr göstərir ki, minarənin inşaatı 1256-cı ildə Şirvanşah II Axsitanın zamanında başlamış və 1294-cü ildə onun oğlu Gərşasb tərəfindən tamamlanmışdır.

Xanəgahı dünyada məşhur eyləyən kaşı bəzəklərinin XIX əsrin II yarısından başlayaraq XX əsrin əvvəllərinədək Avropa muzeylərinə və şəxsi kolleksiyalara satışı prosesi olmuşdur. 1906-07-ci ildə Xanəgahda tədqiqat işləri aparan Ter-Avetisyan kaşıların bir hissəsini oğurlayıb aparmışdır. 1913-cü ildə Parisdən Xanəgaha gəlmiş dəllal M.Kələkyan və Madam Dufantyu yerli Qubalı-Baloğlan kəndinin 6 nəfərlik sakini ilə kaşıların çox hissəsini qoparıb Parisdə hərraca çıxarmışdır. Pir Hüseyn Xanəgahına ən böyük dağıdıcı zərbəni 1918-ci ildə ərazimizdə soyqırım törədən erməni S.Lalayanın quldur dəstəsi vurmuşdur. Erməni yaraqlıları kaşı lövhələri sındırmaqla kifayətlənməmiş, bu nadir memarlıq əsərini bütünlüklə xarabalığa çevirib oranı tərk etmişlər. Türbənin böyük pannosunun ulduz və xaçlarının çoxu 1925-ci ildə Sankt-Peterburqa aparılmışdır. Indi Dövlət Ermitacının kolleksiyalarında xanəgahdan aparılmış 123 çilçıraqlı ulduz, 325 firuzəyi xaç lövhə və başqa kiçik kaşı parçaları saxlanılmaqdadır. 1936-cı ilin oktyabrında xanəgahda çilçıraq bəzəyinin cəmi üç kiçicik fraqmenti qalmış və onlar kəc mehrabla birlikdə 1940-cı ildə Nizami adına Ədəbiyyat muzeyinə köçürülmüşdü. Bu muzeydə türbənin yazı frizinin 5 lövhəsi saxlanılır. XX əsrin 50-ci illərində erməni Akopyanın layihəsi ilə xanəgahın yaxınlığında qədim yaşayış yerində Pirsaat su anbarının tikilməsi də xanəgaha vurulan ciddi zərbədir. Bu anbardan müntəzəm su sızmaqla rütubət əmələ gəlir və korroziya yaradır.

Kompleksin əsas binası burada XIII əsrdə tikilmiş Pirhüseyn Rəvvanın məqbərəsidir. Pirhüseyn Rəvvanın türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Pirhüseyn kaşılarının üzərində olan ornamental bəzəklər və kitabələr olduqca diqqəti cəlb edən, tarixi əhəmiyyətli materiallar olduğu üçün görkəmli rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə tədqiq edilmiş və bir monoqrafik əsər şəklində nəşr edilmişdir. Pirhüseyn kaşılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o zaman Azərbaycanda əsasən kəsmə kaşı tətbiq edildiyi halda, bu binanın kaşı bəzəyi, əvvəlcə müəyyən naxışlar formasında çəkilib üzəri şirələndikdən sonra böyük təbəqələr şəklində bişirilmiş kaşı növündəndir. Belə kaşılar böyük parçalar şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha asanlıqla başa gəlirdi.Azərbaycan memarlığının orijinal nümunəsi

Pirsaat minarəsi Şirvan minarələrinin Sınıqqala minarəsindən sonrakı inkişaf mərhələsinin örnəyidir. Onun da yanındakı bina ilə fiziki bağlılığı yoxdur. Bununla belə, memar minarə ilə bina arasında bağlılığı gücləndirmək üçün yeni fənd işlətmişdir. Minarənin kürsülüyü yanındakı binalarla bir hündürlükdə olan kub şəklindədir. Onun üstündə səkkizüzlü tutum yerləşir. Kub minarəni yanındakı binalarla ?yapışdırırsa?, səkkizüzlü prizma minarənin kürsülüyü ilə uca silindr biçimli gövdəsi arasında məntiqi keçid yaradır. Gövdə içərisində quraşdırılan dolama pillələr azançı artırmasına ? şərəfəyə qalxır. Pirsaat məscidi və minarəsi yaxşı yonulmuş daşdan ustalıqla tikilmişdir.

Pirsaatçay xanəgahının çox qiymətli bir qismini də onun məscidinin içərisindəki mehrab təşkil edir. Kəc üzərindəki oyma üsulu ilə işlənmiş bu mehrab həm ornament bəzəyi, həm də üzərindəki kitabələr cəhətdən olduqca qiymətli bir sənət əsəridir. Kəcin arasına daxil edilmiş firuzə rəngli kaşı parçaları bu məqbərənin Şərq hissəsini daha da zənginləşdirir. Bu mehrab, yüksək bədii keyfiyyətləri nəzərə alaraq, mühafizəsini təmin etmək üçün Bakıya köçürülmüş və Nizami muzeyinin salonlarından birinin divarında yenidən quraşdırılmışdır.

Bu yerdə daha qədim tapınağın, pirin olması da mümkündür. Pir Hüseyn türbəsi güneydən məscid binasına bitişikdir. Üstündə tikilmə tarixi qalmayan məscidin plan məkan quruluşu Içərişəhərdə yerləşən Aşur məscidininkilə eynidir. Onun giriş qapısı önündə vaxtilə Bakıdakı Sınıqqala məscidindəki kimi astana – kiçik vestibül varmış.

Bu abidə haqqında akademik B.Dorn və V.Sısoyev bir sıra maraqlı məlumatlar vermişlər. Azərbaycanda isə bu memarlıq kompleksi ilə bağlı əsaslı araşdırmalar aparmış və abidəni tədqiq etmişdir.

Abidə 1939-1940-cı illərdə hərtərəfli ölçülüb tədqiq edilmiş, daha sonralar – 1956-1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri aparılmışdır.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir