
Rusiya prezidenti Vladimir Putin xarici vətəndaşların Rusiyanın dövlət mükafatları ilə təyin edilməsinə dair fərman imzalayıb. Martın 8-də imzalanan fərmanın mətni Rusiyanın hüquqi informasiyalar rəsmi portalında dərc edilib.
Həmin fərmana əsasən Azərbaycan prezidentinin ictima-siyasi işlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilir. Fərmanda göstərilir ki, bu şəxslər Rusiya ilə dostluq münasibətlərinin möhkəmlənməsinə və əməkdaşlığa böyük töhfə verdikləri üçün təltif edilir.
Maraqlıdır ki, Milli Şura yaradılandan hakimiyyətin nəzarətində olan media orqanları demokratik düşərgənin birləşdiyi bu qurumu Rusiyanın layihəsi adlandırırdı. Hələ indi də Milli Şuraya qarşı bu kampaniya gedir və az qala Azərbaycan müxalifəti Rusiyanın “5-ci kolonu” kimi qələmə verilir. Amma göründüyü kimi Vladimir Putin Azərbaycan hakimiyyətinin iki təmsilçisini Rusiya ilə əməkdaşlığa böyük töhfə verdiyi üçün təltif edir. Və nədənsə Milli Şuranı asıb-kəsənlər bu barədə müzakirə açmır. Halbuki Putin demokratik düşərgədən kimisə ordenlə təltif etsəydi, hakimiyyət mediası həmin şəxsə qarşı bütün cəbhələrdə hücuma keçərdi. Necə ki, hansısa Qərb təşkilatı vətəndaş cəmiyyətinin formalaşmasında rolu olduğuna görə hansısa hüquq müdafiəçisini, jurnalisti mükafatlandıranda dərhal hakimiyyət həmin şəxsləri ittiham etməyə başlayır.
Bundan əvvəl də Azərbaycan xalqını təhqir edən Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski Bakıya dəvət edilmişdi. Hakimiyyət bu şəxsi yüksək səviyyədə qəbul etməklə siyasi yönünü göstərmiş oldu.