Yaxud, anti-mitinqçilərin mahiyyəti
20 ildən artıqdır ki, Azərbaycan xalqı “vədlər”lə qidalanır. Hakimiyyət gecə-gündüz xalqı aldadaraq, “cənnət” vəd edir. Amma 2015-ci il xalqın ümidlərinin öldüyü il oldu. Əvvəllər bəzi “uzaqgörən”lər narazı insanlara irad tuturdular və bildirirdilər ki, zamanla hökumət bütün problemləri həll edəcək.
Biz isə hər dəfə yazırdıq ki, bu “qatar” uçuruma doğru gedir. Yəni insanlara başa salmaq istəyirdik ki, qatarın sürəti sizi aldatmasın. Çünki, başa düşürdük ki, bu qatarın sağ-salamat mənzil başına çatmaq ehtimalı yoxdur. Və belə də oldu. “Sürücü” qarşıda uçurumun olduğunu etiraf etdi. Deməli, real vəziyyət göz önündədir və qatarı dayandırmaq lazımdır.
Bəli, 2015-ci il xalqa ağır xəbərlər gətirdi. Daha doğrusu uzun illər “sərxoş” vəziyyətdə gəzənlərin üzərinə sərin su səpdi. Bəlli oldu ki, milli valyutamız xərçəng xəstəliyinə tutulmuş adam kimi hər gün ölümə doğru addımlayır. Aydınlaşdı ki, bu boyda məmləkətin taleyi qara neftin qiymətindən asılıdır. Göründü ki, süni qiymət artımları, işsizlik, sosial vəziyyətin ağırlığı, borclanmaq zərurətə çevrilir. Hamı başa düşdü ki, hakimiyyət xalqın itkilərini kompensasiya etmək fikrində deyil. Onu da dərk etdik ki, məmurlar uzun illər ərzində yığdıqları milyardları ölkənin çətin günündə də xərcləmək fikrində deyillər. Əksinə, bu ağır vəziyyətin yükünü də xalqın cibləri hesabına çəkmək istəyirlər.
Bir sözlə, xalq onu idarə edənləri tanıdı, qarşıda onu gözləyənləri proqnozlaşdıra bildi və aldadıldığına əmin oldu.
Belə bir vaxtda Milli Şura “Talana son” şüarı ilə mitinq keçirmək qərarı verdi. Mitiniq keçirmək vətəndaşın konstitusion haqqıdır və bu etiraz formasından yararlanmaq zəruridir. Daha çılpaq ifadə etsək, vətəndaşın varlığı kütləvi aksiyalarda müəyyən edilir. Dünyanın hansı ölkəsində vətəndaş ayıqdırsa, hakimiyyət məsuliyyətli, idarəetmə şəffafdır.
Heç kimə sirr deyil ki, mövcud “ssenari” davam etdikcə, ökəni daha ağır fəlakətlər təhdid edəcək, rezervlər tükənəcək, iş yerləri bağlanacaq və qiymət artımı zərurətə çevriləcək. Belə bir mühüm məqamda xalqın öz gələcəyinə biganə qalmaması, hökumətdən hesab sorması və sabahına təminat istəməsi qədər təbii heç nə yoxdur.
Amma bu mitinq qərarı xeyli maskaları cırmağa da xidmət etdi. Daha doğrusu, yamaqlı maskaları tamamən söküb çıxardı.
Hakimiyyətin bu mitinqdən narahatlıq keçirməsi, anti-mitinq təğbliğatı aparması başadüşüləndir. Çünki, mitinq yarıtmaz siyasətin ifşası, qaranlıq məqamlara aydınlıq gətirilməsidir.
Amma özünü müxalifətçi, müstəqil jurnalist, ziyalı kimi təqdim edənlərin anti-mitinq təbliğatı aparması, buna ironik yanaşması, xəyanət kimi dəyərləndirilməlidir. Çünki, yuxarıda sadaladığımız kimi bu mitinq sırf vətəndaşı təhdid edən problemlərlə bağlıdır. Yəni Milli Şura rəhbərliyinin seçki təbliğatına, “bizə səs verin” mesajına hesablanmayıb. Əksinə, demokratik qüvvələr bu məqsədlə mitinq keçirməyi vicdan borcu hesab ediblər və xalqın narazılığına biganə qalmayıblar.
Indi bu mitinq əleyhinə olanların arqumenti nədir? Bunlar xalqa nə demək istəyirlər? Cavab olduqca sadə və birmənalıdır. Bu adamlar xalqa səfalət, dərd, itki arzulayırlar. Demək istəyirlər ki, qarşıda aclıq, yoxsulluq, işszlik olsa da susun və bizim qazanmağımıza imkan yaradın.
Demək istəyirlər ki, xalqın bədbəxtliyi üzərində xoşbəxtlik tapmaq üçün taleyinizi bizə qurban verin.
Bunlar öz iyrənc təbliğatları ilə xalqa ölüm arzulayırlar. Xalqın ruhunun, düşüncəsinin, mənəviyyatının ölümü üçün israrla çalışırlar. Yuxudan ayılmış xalqa yenidən layla çalmaq istəyirlər.
Əslində, bu mitinq bir fürsətdir ki, xalq buqələmunları tanısın.
Bir sözlə, bugün mitinq əleyhinə təbliğat aparanlar, yarıtmaz siyasət müəlliflərindən az günahkar deyillər. Onlar bu mitinqi ləkələməklə xalqın fəlakətlərinə haqq qazandırmaq istəyirlər. Bu adamlar analoqsuz inkişaf nağılını davam etdirmək və hakimiyyətdən “ənam” almaq arzusundadılar. Onların mahiyyətindən xəbərdar olmaq sizin haqqınızdır.